Azərbaycan Mədəniyyəti Sosial Platforması və Sabunçu rayonu Gənclər Evi 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, anım tədbirində Milli Məclisin deputatları, iş adamları, ictimaiyyət nümayəndələri, gənclər təşkilatları, KİV və QHT rəhbərləri iştirak ediblər.
Əvvəlcə iştirakçılar 20 Yanvar faciəsinə həsr olunmuş videoçarxa baxıblar.
Tədbirin aparıcısı Fidan Əliyeva qeyd edib ki, 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Qarabağ Zəfərindən sonra Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün Şəhidlərimizin qisası alınıb. Azərbaycan xalqı 20 Yanvar faciəsinin 32-ci ildönümünü andığı bu günlərdə Şəhidlər xiyabanına başıuca və qürurla gedir: “Vətən müharibəsində Azərbaycan xalqı işğal altındakı bütün torpaqlarını azad etdi və ərazi bütövlüyünü bərpa edərək adını tarixə qızıl hərflərlə yazdı”.
Sabunçu rayonu Gənclər Evinin direktoru Samir Mehrəliyev bildirdib ki, ötən müddətdə Azərbaycanda Vətəninə, dövlətinə, torpağına bağlı qəhrəman, döyüşkən və fədakar gənclər formalaşıb:
“Biz Prezidentimiz, döyüş meydanında böyük şücaət, mərdlik, milli ruh nümayiş etdirən qəhrəman gənclərimiz, əsgər və zabitlərimiz, Ordumuzla qürur duyuruq. Bu gənc nəsli tərbiyə edən valideynlərimizlə, müəllimlərimizlə fəxr edirik”.
Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd edib ki, bu dəhşətli faciədən 32 il ötsə də baş verənlər unudulmur: “Vətən uğrunda canından keçən oğul və qızlarımızın qəhrəmanlığı dillərdə dastan olub. Çünki azadlığa gedən yolumuzda ilk cığırları onlar açıblar. Dövlət müstəqilliyimizin bərpası, azad həyatımız üçün ilk növbədə, şəhidlərə borcluyuq”.
Milli Məclisin deputatı Vüqar İsgəndərov söyləyib ki, hər il yanvarın 20-də Şəhidlər xiyabanını, şəhidlərin xatirə kompleksini yüz minlərlə insan ziyarət edir: “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid qanları ilə Azərbaycanın yeni tarixi yazıldı. 20 Yanvar bu tarixin həm kədər, həm də qürur doğuran səhifəsidir”.
Tarixçi Rasim Rzaxanov çıxış edərək bildirib ki, bu gün bizim üçün həm hüznlü, həm də şərəfli gündür: “29 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu dinc əhaliyə divan tutdu. Yüzdən çox oğul və qızlarımız o məşum gecədə qətlə yetirildi. Məhz o gecə tökülən qanlar hesabına ölkəmiz əsarətdən xilas oldu, yenidən dövlət müstəqilliyi əldə etdi. Şəhidlər xiyabanı ölümün gözünə dik baxan vətən övladlarının son mənzilidir. Azadlığımızın memarları, xalqı, vətəni canından çox sevən fədailər unudulmurlar”.
Tədbirdə Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva çıxış edərək vurğulayıb ki, 20 Yanvar faciəsi ilə Azərbaycan xalqı mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.
Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzin direktoru Vüsalə Əmiraslanova bildirib ki, ölkəmizin müstəqilliyi uğrunda canını qurban verən şəhidlərimizin xatirəsi Azərbaycan tarixinə və xalqımızın yaddaşına daimi yaşayacaq.
Qazilər Kənan Qasımov, Süpay Məmmədov çıxışlarında 20 Yanvar faciəsini ürəkağrısı ilə xatırlayıblar.
Azərbaycan Mədəniyyəti Sosial Platformasın sədri Rəqsanə Əsədova çıxışında 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildiyini, bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında əzmək olduğunu qeyd edib. Qeyd edilib ki, sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola, milli qürurumuzu qıra bilmədi. Xalqın başına gətirilən bu cinayət sovet imperiyasının iç üzünü bariz şəkildə ortaya qoydu. Əslində imperiyanın Bakıda bu qanlı hadisəni törətməklə ittifaqa üzv olan digər respublikalara göz dağı vermək planı, imperiyanı zor gücünə mühafizə etmək təşəbbüsü də boşa çıxmış oldu.