- Dil

Azərbaycanda bir kabus dolaşmaqdadır


Gülyaz ƏLİYEVA

Son zamanlar Azərbaycanda sanki hansısa bir kabus dolaşmaqdadır ki,  o kabus  Azərbaycan ədəbi dilini Bakı küçələrində gözümçıxdıya salaraq bir küncə,  xırda, ucuz köşklərə sıxışdırmaqda, əcnəbi dilləri geninə-boluna, eninə-boyuna iri, yaraşıqlı, bərbəzəkli ticarət və iaşə obyektlərində sərgiləməkdə, arxayınlıqla yayxanmalarına şərait yaratmaqdadır. Təkcə küçələrdəmi bu hal? Çox qəribədir ki, o kabus hər yerdə arxayınlıqla dolaşmaqdadır! Nə bizi saya salır, nə də bizdən qorxur. Sanki bura onun dədəsinin məmləkətiymiş kimi özünü sərbəst, arın-arxayın aparmaqdadır. O, məktəblərə, dərsliklərə soxulur, milli-mənəvi dəyərlərə gözlərimiz qarşısındaca zərbələr vurur. Məktəblərdə, dərsliklərdə, uşaqlar üçün nəzərdə tutulan kitablarda bu kabusun izlərinə  istənilən qədər rast gəlmək olar. O istəsə, bir  müqəddəs Sülh quşunu bir andaca məişət səviyyəsinə endirə, abırsız, əxlaqdan dayaz bir rəmzə çevirə bilər. İstəsə, erməni bayrağının rəmzlərini dərsliklərin – özü də Azərbaycan  tarixi dərsliklərinin üz qabığında peyda edə, vaxtaşırı görüntüləyə bilər. Bu, təsadüfi səhvmi? Belə “təsadüfi səhv”lərdə, nədənsə, yad, düşmən dəyirmanına çoxlu su tökülməsinin  şahidi oluruq. Və bu hal o qədər tez-tez baş verir ki, artıq hansısa sinfin tarix kitabında erməni bayrağının şəklinin rəmzlərinin olması, hansısa əlifba kitabında dədə-baba sözümüz olan, hər bir çay süfrəsini ondan bişmiş mürəbbəsiz təsəvvür edə bilmədiyimiz, şəninə mahnılar qoşduğumuz gilənarı belə “vişnə” adlandıraraq “V” hərfinin tədrisi zamanı görə bilərik.

“Uşaqlıqda qazanılan bilik daş üzərinə həkk olunmuş yazlya bənzər”, deyirlər. İndi bu gilənar şəklini çəkib, üstünə “V” hərfi yazanlar körpə, təmiz beyinlərin yaddaşlara gilənarın vişnə kimi həkk edilməsini məqsədli surətdə ediblər. Qəribədir ki, belə hallarla rastlaşdıqca artıq buna  təəccüblənmir, adi hal kimi baxırıq. Bir də görürsən ki, bir ədəbiyyat dərsliyinin eyni səhifəsində bir şairi həm 17-ci, həm 16-cı əsr şairi kimi təqdim edirlər. Və ya Nəsiminin yenidən dərisini soyaraq ədəbiyyat kitabının eyni bir səhifəsində adını gah İmaməddin, gah da İmadəddin  yazırlar. Gah dinin dayağı, gah dinin imamı adlandırırlar. Amma heç kəs bu kabusun nə vaxt, haradan peyda olduğunu, ölkəmizə nədən  ayaq basdığını bilmir ki, bilmir…

Azərbaycanda küçələrdə, dərsliklərdə, aramızda koronavirusdan da betər bir kabus dolaşmaqdadır… Dilə, laqeydlik, etinasızlıq,  milli-mənəvi dəyərlərin məhvinə biganəlik.