- Köşə

Kiçik oktavanin si bemolunda

 

Ölkədəki ən hündür dağa, ən dərin dərəyə, ən əyri yola, ən sərt yoxuşa və enişə, ən güclü küləyə, ən böyük palçıq vulkanına, bataqlığa, ən, ən… bütün “ən”lərə onun adı verilib. Uca Zirvə kuqulqanlıların ən böyük and yeridi. Bu ölkədə ən ağır and belədi: “Əgər yalan deyirəmsə, özümü Uca Zirvədən və onun törəmələrindən çox istəyim”. Bu sözü de, pesok balını beçə balı adına, badımcan kürüsünü qara kürü adına sat, kimsə şübhələnməz. O gün yenə Uca Zirvənin Ulu Maqdunun yanına köçməsinin ildönümü idi. Beləliklə, Kuqulqan Respublikasının Mərkəzi Televiziyasının efiri.  

Üçtəpə Sağsağanı (aparıcı): O, qara qitənin qara bağrında bir nur kimi peyda oldu. Bütün Afrikanı işığına bələdi. Ölkədəki hər bir canlı ona borcludur: qayğısızca budaqdan-budağa uçub şən nəğmələr oxuyan quşlar, palçığa girib yay-xanan begemotlar, və təbii ki, xalqımız… Nə yazıq ki, o, bir gün bizi göz yaşlarında boğub Ulu Maqdunun yanına uçdu. Bu gün Uca Zirvəni yaxından görən bir neçə şəxs onun haqqında xati-rələrini danışacaq.    

Top Qara Birçək Gül Oğlan (igid): “Yeriniz məlum, bir dəfə qohumlardan birini yeyib oturub söhbət edirdik. Bir də gördük Uca Zirvə başımızın üstündədi. Qeyri-ixtiyari ayağa qalxdıq. O: “Nuş olsun, – dedi, sonra sümüyün birini sol əlinə götürüb, — 76 yaşında olub, sarılıq xəstəliyi keçirib…”. Bir az düşünüb, “sağ yanağında ət xalı olub, qəflətən arxadan başına zopa ilə vuraraq öldürübsünüz. Əvvəllər də kimsə onu öldür-mək istəyibmiş. Boş böyründə kəsilmiş-deşilmiş yara diaqnozu ilə müalicə edilib”, — dedi. Bizim dilimiz tutulmuşdu. Sonra mənalı şəkildə gülümsəyib dedi: “Qohum qohumun ətini yeyər, amma sümüyünü çölə atmaz”. Tezcə sümükləri aparıb basdırdıq. O gündən kimsə qohumunu yeyəndə sümüyünü atmır. Bunu bizə o öyrədib, o (hönkürür, aparıcı ona dəsmal verir).

Çal Düdüyün Çatlasin (musiqiçi): Bir dəfə Uca Zirvə bir camaşırxananın açılışına gedirdi. Bizi də çağırdılar. Gözəl bir “Yarpaq Kələmi” havası çaldım. “Ay ana, kələm yandı deyib ağlaram” deyəndə lap zilə qaldırdım. Qurtaranda mənə yaxınlaşıb əlini sol çiynimə qoydu: “Bu nədi?” Dedim “vuvuzela”. Dedi: “Nədəndi? Dedim, plastmassdan. Mənalı-mənalı gülümsəyib dedi: “Bunun əsl adı lepatatadı. Maral buy-nuzundan düzəldəndə daha yaxşı olur. Qədimdə ulu baba-larımız bunu çalaraq qəbiləni səfərbər edərdilər”. Mənim sizdə nə andım var, o vuvuzelanın halal səsi haqqı, belə də dedi: “Onu kiçik oktavanın si bemolunda püflə, onda səsi qiyamət çıxacaq”. Əəə, o, bunları hardan bilirdi??? (şlyapasını çıxarıb saçını çəngə-çəngə yolub yerə tökür, sonra şlyapasını başına qoyur. Ayağının ucu ilə saç çəngəsini stolun altına itələyir, aparıcı dəsmalı igiddən alıb musiqiçiyə verir).

Üçtəpə Sağsağanı: Uca Zirvə Badanduru Respublikasına “Divbasan” dastanının yubileyinə gedəndə gözəl bir söz deyib…

Top Qara Birçək Gül Oğlan: Sağ çiyninin üstündən geri baxaraq…

Müdrik Bayquş (alim): Xeyr, xeyr, əsla. Təyyarədən düşəndə trapın üstündə dayandı və ilk sözü bu oldu: “Biz öz dastanlarımıza xüsusi diqqət verməliyik”. Çiyninin  üstündən sonra baxdı, iclasda qonşu ölkələrin prezidentləri arxada nəsə pıçıldaşırdı. Sakitliyi təmin etmək üçün sağ yox, sol çiyninin üstündən geri baxdı və hamı susdu (aparıcı dəsmalı musi-qiçidən alıb ona verir).

Vətən Oğlu Çoban Qara (çoban): Arada ova gedəndə yolu bizim yaylaqdan düşürdü. Bir gün yatağa gəlmişdilər. Təzə süd sağıb gətirdim. Süddən bir qurtum içib dedi: “Bu, kərə qoyun südüdü. Dizində zədə var. Balası ölüb, altına başqa quzu təliyibsən. Bunun atasını kirvənin uşağına sünnət olanda kəsibsən. Zoğal arağınnan içibsiniz. Sonra süddən bir qurtum da alıb gözlərini süzdü: “Anası qocalıb ölüb və kolbasaya veribsən”. Heyrətdən dilim tutuldu. Qalxıb gedəndə oğlumu göstərib dedi: “Bu, sənin çoluğundur?” “Hə”, dedim. Dedi: “Sən ona çobanlıq elmini dərindən öyrətməlisən ki, gələcəkdə sənin adını ucaltsın”. Əəə, o bütün bunları nə təər bilirdi… (hönkürür, aparıcı dəsmalı alimdən alıb ona verir).

Üçtəpə Sağsağanı (musiqiçiyə): Yaxşı yadıma düşdü, vuvuzela nə oldu?

Çal Düdüyün Çatlasın: Dediyi kimi elədim.

Üçtəpə Sağsağanı: İndi çalırsanmı?

Çal Düdüyün Çatlasın: Yox, Uca Zirvə Ulu Maqdunun yanına köçəndən sonra 7 il divardan asılı qaldı. Yeddi ildən sonra onun dünyadan köçdüyü gün, sizə nə and verim, (qənddandan bir qənd götürüb yerə atır) bu qənd kimi gözüm ağarsın, bir də gördüm vuvuzela divardan asılı başladı öz-özünə kiçik oktavanın si bemolunda çalmağa… ta gecə saat 12 olana kimi (hönkürür). İndi muzeydədi (hamı hönkürür, dəsmalı hərə bir tərəfə dartır).