Pərvanə BAYRAMQIZI
Bu boyda Azərbaycanın o boyda Qarabağı var. Və o boyda Qarabağ bu boyda Azərbaycanın dərdi oldu.
İllər nələri almadı bizdən?
Ev-eşiklərini qoyub gələn soydaşlarımızın dərdini, canını xilas edə bilməyənlərin faciəsinə təsəlli etdik. Otuz illik ağrıdan qurtarmaq üçün qırx dörd günün içində yeni yaralar aldıq. İndi bu yaraları sağaltmağa çalışırıq. Kim necə bacarırsa…
Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərər nə ölçüyə, nə çəkiyə gəlir.
İllər öncə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin saytından Polkovnik Telman Şahbazovun yazdığı belə bir mətn oxumuşduq:
“1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2018-ci il tarixli Sərəncamında qeyd edilir ki, erməni millətçiləri tərəfindən tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasının gerçəkləşdirilməsi məqsədi ilə on minlərlə azərbaycanlı məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir.
Maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində orada İslam mədəniyyətinə aid olan bütün muzeylər, məscidlər, abidələr dağıdılıb. Təkcə İslam mədəniyyətinə aid abidələr deyil, digər abidələr də məhv edilib. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hal-hazırda hərbi məqsədlər üçün istifadə edilərək qəsdən dağıdılır. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilir.
Beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və Xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər tarix muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları da dağıdılmış və talan olunmuş, müqəddəs məbəd və məscidlər təhqir edilmiş, kitabxanalar yandırılmış, misilsiz əlyazma nümunələri məhv edilmişdir.”
2020-ci ilin sonlarında isə “İlk xəbər” saytında: “ERMƏNİ VANDALİZMİ faktların dili ilə” başlıqlı Azərbaycan Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin, Azərbaycanın dini, tarixi və mədəni abidələrinin Ermənistan tərəfindən dağıdılması və təhqir olunması faktlarına dair HESABATI hissə-hissə yayımlandı. Yazıları Faiq İsmayılov və Vasif Sadıqlı ərsəyə gətiriblər.
Həmin hesabatdan götürülmüş kiçik bir hissəyə nəzər yetirməklə böyük faciənin ağrılarını, nəticəsini duymaq, bilmək mümkündür:
“Ermənilər işğalda saxladıqları Azərbaycan ərazilərindən qarət etdikləri daşınan tarix və mədəniyyət abidələrini mənimsəyərək onların bir qismini dünyanın müxtəlif ölkələrində satışa çıxarmış, bir qismi nüfuzlu şəxslərə hədiyyə edilmiş, bir qismini isə İrəvan şəhərinin müxtəlif müəsisələrində saxlayırlar. Buna;
– 1993-cü ildə Laçın tarix və diyarşunaslıq muzeyindən aparılmış gümüş əl çantası Londondakı “Sothebychr(“39″)s” auksionunda 80.000 ABŞ dollarına satılıb.
– 1998-ci ildə bir yazılı daş nümunəsi erməni etnoqraflar tərəfindən İrəvan şəhərinə aparılaraq Matadaran qədim əlyazmalar muzeyində 3437 nömrə altında saxlanır.
– 1993-2016-cı illər ərzində ABŞ, Almaniya, Fransa, İngiltərə, Səudiyyə Ərəbistanı və digər ölkələrdə erməni brendi altında Azərbaycandan qarət edilib aparılan xalçaların satışa çıxarılmıldığını,
– 63 məscid tamamilə dağıdılmış, 4 məscid isə sökülərək tanınmaz hala salınmışdır.
– 71 türbə, 500 qbristanlıq dağıdıldığını,
– 136678 daşınan mədəni-irs nümunələri, o cümlədən muzey eksponatların ermənilər tərəfindən mənimsənildiyini,
– 7000 memarlıq abidəsi baxımsızlıqdan uçulmaq təhlükəsi qarşısında qaldığını,
– Xocavənd rayonundakı Amaras məbədi, Şuşa şəhərindəki Saatlı məscidi, Kəlbəcər rayonundakı Gəncəsər məbədi, Laçın rayonundakı Ağoğlan məbədi və Soltan Əhməd sarayı və digərləri qeyri-qanuni təmir edilərək formaları dəyişdirilib, divar yazıların silindiyini
– 1161 arxeoloji abidə üzərində qeyri-qanuni qazıntılar aparıldığını,
– Azərbaycanın işğal altındakı ərazilərdə qeyri-qanuni fəaliyyətə yol verilərək, Ağdamın Şahbulaq yaylağında 1, Xocalı rayonu ərazisində 4, Xankəndi şəhərində 3, Şuşa şəhərində 3, Şuşa Füzulu yolunda 1, Kəlbəcər rayonu ərazisində 2, Laçın şəhərində 1, Laçın rayonunun Zabux kəndində 1, Ağdərədə 2, Martuni qəsəbəsində 1, Hadrud rayonunda 3, yeni erməni kilsəsi inşa edildiyini, misal göstərmək olar”.
“Ana üçün övladlarının hamısı əzizdir” desək də müşahidə etdyimiz bir məqamı heç cür “ört-basdır” edə bilmərik; üç-dörd övladının arasında analar həmişə daha çox qayğıya ehtiyacı olana vaxt ayırıb, onun qeydinə qalırlar. Ağdamın hazırkı vəziyyəti və azərbaycanlıların şəhərə münasibəti həmin ananın yaşadıqlarına bənzəyir. Xocalıyla Ağdam bu baxımdan Azərbaycanın ən çox göynəyən, göynədən balasıdır. Buna görə də ayrıca “ağdamlılar”, “cəbrayıllılar”, “füzulililər” deməyi milli laqeydlik sanmalı, bu cür bölgüdən imtina etməliyik.
Hazırda böyük bir sual ətrafında geniş müzakirələr aparılır: Qarabağda viran edilən yaşayış məntəqələrini kim tikməlidir? Bu mövzuda üç nəfərin Moderator saytında oxuduğum müsahibəsi diqqətimi çəkdi. Həmin fikirləri yazıya əlavə etməyi uyğun bildim.
– Mənim dağılmış evimi niyə dövlət və ya mən tikməliyəm? Bunu erməni dağıdıb və gəlsin evimizi də tikib təhvil versin. Abdal-Gülablının üst tərəfində olan evlər cah-cəlal içindədir. Nəyə görə? Çünki hamısı bizim daşlardı, mebellərdi, var-dövlətimizdi, yastığın altına qoyduğumuz pullardı. İndi o hansı ədalətdir ki, otuz il səni yerindən, yurdundan qaçaq salan erməni kəndləri zər-ziba içində yaşayacaqlar, biz də gəlib evimizi tikməyi fikirləşəcəyik. Arif Babayev niyə özünə ev tikməlidir? Onun evini Ermənistan dağıdıb və o da tikməlidir. Biz də onlardan həmin kompensasiyanı tələb edib almalıyıq. Əgər verə bilməyəcəksə, qoy ömrü boyu bizə borclu olsun, 500 illik borca imza atsın. Necə olur ki, Almaniya bu günə qədər dağıtdığı ölkələrə kompensasiya ödəyir, amma Ermənistan yox”.
Məncə, Qulu Ağsəsin bu iddiasını ayrıca Azərbaycan xalqının tələbi kimi dəyərləndirməliyik.
“Ermənilər bizim qarşımızda məğlub olub və heç öz əhalisinə ev tikə bilmir. Biz onlardan dəymiş ziyana görə kompensasiya almalıyıq. Amma rayonlarımızın infrastrukturunu dövlətimizlə millətimiz əl-ələ verib qaldırmalıdır. İnsanlarımızın orda rahat yaşaması üçün hər bir şərait yaradılmalıdır. Biz də ermənilər kimi o yerləri boş saxlasaq, gələcəkdə çox böyük çətinliklə üzləşəcəyik. Ermənilər əvvəlki illərdə o yerlərə Liviyadan və başqa yerlərdən qaçqınları köçürməyə çalışdılar, amma bu da effektli olmadı” fikirlərindən də Kamran Həsənlinin Qulu müəllimlə həmfikir olduğu bəlli olur.
Elçin Hüseynbəyli isə bir qədər fərqli yanaşır:
“Düşünürəm ki, əsas minatəmizləmə işlərini sürətləndirmək lazımdır və daha sonra adamlara icazə verilməlidir ki, gedib dədə-baba yurdlarını özləri tiksinlər. İmkanı olan adamlar özləri evlərini tikmək istəyirlər və bunu da nəzərə almaq lazımdır. Hər şeyi dövlətin boynuna yıxsaq, buna uzun illər lazım olar. Ona görə düşünürəm ki, bacaran adamlar o yerlərdə evlərini tikib, məskunlaşmalıdırlar. İnsanların əl-ayağı soyumamış adamlar o yerlərə köçsünlər. Dövlətin əsas işi ifrastrukturun bərpası olmalıdır. Qarabağın özündə çoxlu şirin su ehtiyatları var və bu da bizim qazancımızdır”.
Azərtac yazır:
“Təcavüzkar Ermənistan Respublikasının beynəlxalq müstəvidə ifşa olunması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilir. Həyata keçirilən bu tədbirlərin davamı kimi, Baş Prokurorluğun mətbuat xidməti tərəfindən Azərbaycan, rus və ingilis dillərində videoçarx hazırlanıb. Videoçarxda təxribatçı Ermənistan silahlı qüvvələrinin ordumuza və dinc əhaliyə qarşı törətdiyi cinayətlər barədə informasiyalar yer alıb”.
Vacibdir!
Yekun fikir kimi “Kamilinfo”da oxuduğum məlumatı qeyd etsəm yerinə düşər.
“Azərbaycan ziyalıları UNESCO-ya müraciət ünvanlayıb:
“Mədəni abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özünküləşdirilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954-cü və 1970-ci il Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Bunlar müharibə cinayətləridir. BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi tarixi 2347 saylı tarixi qətnaməsinin də müəyyən etdiyi kimi, mədəni irsin qəsdən dağıdılması, həmçinin sülh və təhlükəsizlik məsələsidir.
Yuxarıdakıları qeyd etməklə, biz sizi Ermənistanda Azərbaycan xalqına məxsus olan mədəni irsin hazırkı vəziyyəti barədə ətraflı hesabat təqdim etmək məqsədilə Ermənistan hökumətinə rəsmi sorğu göndərməyə çağırırıq. Biz, həmçinin sizdən Azərbaycan xalqının əsrlərlə tarixi olan mədəni və tarixi irsinin hazırkı vəziyyətinin qiymətləndirilməsi üçün Ermənistana ekspert qrupunun göndərilməsini xahiş edirik”.