- Test, Xəbərlər

Barmaqların quruluşu və xarakter və nəyə görə Nyuton baş barmağı Allahın varlığının sübutu sayırdı?

 

Əlinin içini gizlədənlə alver eləmək düzgün deyil

Əsəbшləşəndə «əlimin içindən gəlir» deməyən, hansısa məsələdə peşəkarlığını vurğulayanda «ovcumun içi kimi bilirəm», başqasının xarakterinə bələdliyini çatdırmaq istəyəndəsə «ovcumun içi kimi tanıyıram» ifadələrini işlətməyən adam çətin ki, tapıla. Çünki əl insanın ən çox ərk elədiyi, ən çox güvəndiyi və ən çox da əmr elədiyi hissəsidir. Şəkil çəkməyi, yazı yazmağı, hissləri vərəqə köçürməyi bacaran əl insanın daxili aləminin güzgüsü də ola bilər.
Xiromantiya (yunanca «xeyr» əl, «mantiya» fala baxmaq deməkdir) elmi iki hissədən ibarətdir. Biri «Sheirognomi», o biri «Cheiromansy» adlanır. Xiroynomika əlin formasından xiromantiya isə ovucdakı xətlərdən bəhs edir. Birinci hissədən başlayaq.

Məhəmməd peyğəmbərin də əli möhkəm olub

İnsanlar görüşəndə əl tuturlar. Xiroqnomikadan baş çıxaran adam bu zaman həmsöhbətin istiqamətini də müəyyənləşdirə bilər. Əl tutan kimi əlin özünü bürüzə verən keyfiyyəti, yəni bərk, yaxud yumşaq olması artıq sahibinin xasiyyətindən danışmağa başlayır. Yumşaq, sümükləri sanki ətin içində itib-batan əllərin sahibi gününü xəyallar içində keçirir. Onlar gözəllik aşiqi, şer və sənət məftunu olsalar da, ətraflarında bu ruhda bir mühiti yaratmağa qadir deyillər. Çox vaxt qadınlara şer yazsalar da, onu ünvana göndərməyə cəsarət eləmirlər.
Yay kimi elastik, yumşaq və qıvraq əl, iş adamlarına xasdır. Güzəranı ağır işlərdə keçən adamların (fəhlələr, kəndlilər) əli polad kimi bərk olur. Amma insanların əksəriyyətinin əli nə yumşaq, nə də bərkdi. Yəni orta həddə. Xiroynomika mütəxəssisləri bunu suyun axmasıyla müqayisə edirlər. Sürətli axar su bir damcını da yerdə qalmağa qoymur. Sakit su isə gölməçəyə yığılıb torpağı da çürüdür. Eyni proses əldə enerji daşıyan mayelərdə də baş verir. Əl yumşaq olanda bu enerji toxumalara yığılıb hərəkətsiz qalır. Möhkəm əl isə enerjini tez ötürür. Möhkəm əl sahibləri enerjini tez ötürür, piyada gəzməkdən çəkinmir, lazım gələndə axına qarşı üzməyi bacarırlar. Deyirlər, Məhəmməd peyğəmbərin də əli çox möhkəm olub. O, cadırını özü qurarmış, çarığını özü tikərmiş, heç vaxt bekar qalmaz, dincliyin nə olduğunu bilməzmiş.

Əlini gizlədən fikrini gizlədir

Əlin içi insanın iç dünyasından, üstü həyatının zahiri, görünən tərəfindən danışır. Adamlar var ki, əlinin üstü ağır həyat tərzindən kobudlaşıb. Ola bilsin, onlar cəmiyyətdə də kobud adam təsiri bağışlayır. Amma bu cür əldə ovucun dərisi yumşaq, hamar və nazikdirsə, bu artıq o deməkdir ki, onun sahibinin zahiri kobudluğu arxasında incə daxili aləm gizlənir. Bəzən əksinə, əlin üstü zərif, içi qaba olur ki, bu da zahiri alicənablığın arxasında daxili kobudluğun gizləndiyindən xəbər verir.
Qərb xiromantları Şərq adamlarından danışanda əllərini gizlətmək adətini qeyri-səmimilik ikmi qəbul edirlər. Əslində bu, şərqlilərin öz daxili aləmlərini sərgiləməyi sevməməsindən irəli gəlir.
İnsan danışanda tez-tez əlinin içini göstərirsə, ona inanmaq olar. Alver vaxtı əlinin içini gizlədən adamla sövdələşmək düzgün deyil, çünki o, həqiqəti gizləyir. Barmaqları yarıaçılı vəziyyətdə gəzənlər də ehtiyatlı və nəfsini qoruya bilən adamlardı. Əlləri, qolları sallaq adamlar iradəsiz olurlar. Onlar sirsaxlayan deyillər. Yeriyəndə əllərini yanına salmış adam yumruğunu sıxıbsa, deməli, əsəbidir, öz məqsədinə çatmağa tələsir, irədəlidir. Bəzən davakar və macəra axtarmağa meylli adamlar da bu cür yeriyirlər. Əllərini cah cibinə qoyan, gah qalstukunu oynadanlar bir qayda olaraq özlərinə nəzarət edə bilməyənlərdi. Onların həyatda aydın məqsədi yoxdu. Napoleon kimi əllərini arxasında qoşalaşdırıb gəzənlər öz işlərinə hədsiz dərəcədə aludə olanlardır.

Düyünlü barmaqlar düyünləri açmaqçün yaranıb

Əlin içiylə barmaqlar arasındakı nisbətin də rolu böyükdür. Ovucun içi barmaqlardan uzun olanda əldəki xətlərin sayı az olur. Bu cür barmaqların intellektual baxımdan bəxti o qədər də gətirməyib. Həssaslıqları da zəifdir. İnstiktiv həyata qapıldığından elmə, incəsənətə maraq göstərmirlər.Konusa bənzər əli olanlar çox hissiyyatlı, qanacaqlı, fərasətli və zehinlidirlər. Tez hirslənirlər və tez də sakitləşirlər. Başqa sahələrdə çalışanda da incəsənətə, rəsssamlığa pərəstiş edirlər. (şəkil 1).

Malakeşə oxşayan əllərin sahibi çox narahat və işləkdir. Hər bir çətinliyin öhdəsindən gələ bilər. Onların barmaqlarının ucları çox iri olur. Belələrindən tez-tez görkəmli ixtiraçı, mühəndis, tədqiqatçı və ya idmançı çıxır. Onlar dava-dalaşa həmişə hazırdılar (şəkil 2).
Əllərinin içi iri olanlar hər şeyə şübhəylə yanaşırlar. Əlinin içi kvadrat şəkilli olanlar isə səliqə-səhmanı seviri, qanun-qaydalara riayət edirlər. Onlara etibar eləmək olar.
Barmağı düyünlülər elə bil bütün dünyanın düyünlərini açmaqçün yaranıblar. Belə düyünlü əlləri «fəlsəfi əl» adlandırırlar. Onlar ancaq elmə inandıqlarından uydurmalara, qeyri-elmi əsaslandırmalara nifrət edirlər. Onların qələmindən çıxan əsərlər çox dolğun olur, təcrübi sübutlara əsaslanır (şəkil 3).
Ensiz, nazik əl «fəlsəfi əl»in tərsidir. Belələri xəyalpərəst və idealistdirlər. Fiziki cəhətdən zəif olsalar da, hamının qayğısına qalmağa özlərində güc tapırlar. Ali hissləri yüksək qiymətləndirir, hər cür gözəlliyə pərəstiş eləyir və hakimiyyətə can atırlar (şəkil 4).

Baş barmağın dastanı

Nyuton deyirdi ki, dünyada heç bir sübut olmasaydı belə, təkcə baş barmaq məni Allahın mövcudluğuna inandıra bilərdi. Qədim Romada baş barmağın yuxarı qalxmağı və ya aşağı eqməyi insanların müqəddəratını həll eləyirdi, insanın edama və ya əfvə aparırdı. Biz də kefikök vaxtımızda, işlərin əla getdiyinə işarə vuranda baş barmağımızı qaldırırıq. Xiroqnomikada baş barmaq şüurlu iradə, təfəkkür və qətiyyət rəmzidir, yəni şəxsiyyəti tam xarakterizə edə bilər.
Beş barmağın beşi də bir deyil. İyerarxiya var və bu «piramida»nın başında baş barmaq dayanır. Əldə hakimiyyət baş barmağın əlindədir. Yerdə qalan barmaqlar ona tebedir. Baş barmaq güclü olanda qalan barmaqların da qüvvəsi artır. Baş barmağı güclü olan şəxs iradəli və əxlaqlı sayılır. O, hissiyyata qapılmır və ağıllı hərəkət eləyir. Təbiətən hökmlü olduğundan rəhbərlikçün yaranıb. Çox vaxt tarix elminə, macəraya, siyasətə, hərbə meyl göstərir. Maddi cəhətdən xeyrini güdən olur. Baş barmağı zəif olanlar çox nadir halda ağılla hərəkət edirlər. Baş barmağı kiçik və zəif olanlar tabeçiliyi xoşlayırlar. Amma onlar həm də mütaliyə aşiqidir, şerə, eşq-məhəbbətə biganə deyillər, sənət və gözəllik vurğunudurlar.
Əqli cəhətdən qüsurlu doğulan uşaqlar, anadangəlmə psixi xəstələr dünyaya ya baş barmaqsız gəlir, ya da onların baş barmağı hədsiz balaca və heysiz olur. Epilepsiya xəstələrində ürəkkeçmədən qabaq əvvəlcə baş barmaq qıc olur. Bəzən insan ölən ayaqda baş barmağını o biri barmaqlar arasında gizlədir. Qəribədir ki, İtaliyanın Neapol şəhərində gözdəymədən qorxanlar da baş barmağını beləcə gizlədirlər.

Baş barmağın oynaqları

Baş barmağın bütün sirrlərindən agah olmayçün onun hər bəndinin, oynağının funksiyasını bilmək lazımdır. Birinci oynaq. Yəni dırnaq olan hissə «ruhi dünya» adlanır və iradəyə, təşəbbüsə, ikinci oynaq «fikir dünyası» adlanıb məntiqə, şüura cavabdehdir. Biləngəcən gedib çıxan üçüncü bənd isə «maddi dünya» adlanır və maddi dünyaya cavabdehdir. Baş barmaq öz mövqeyinə görə əsgərlərə əmr vermək üçün hazır vəziyyətdə durmuş zabitə bənzəyir. Baş barmağın, eləcə də başqa barmaqların birinci -dırnağa bitişik oynağı sanki insanlara çatdırmaq istəyir ki, iradə hər şeydir. Ona görə də birinci oynağı uzun və güclü olanlar özünə güvənən və hər şeydə kamilliyə can atan olurlar. Bu oynağın lap uzun olması artıq tiranlıq əlamətidir. Orta ölçülü birinci oynaq sahibinin hakimiyyət arzusundakı tərəddüdlərdən, bəzən başqalarının təsirinə düşdüyündən, özünə qarşı tənqidi münasibətindən xəbər verir. Əgər birinci oynaq lap qısadırsa, deməli, sahibi müqaviməğə qadir deyil, özünü taleyin iztiyarına buraxıb.
İkinci oynaq, dediyimiz kimi məntiq və şüuru, həyata baxış bucağını bildirir. İkinci oynaq uzun və möhkəmdirsə sahibinə güclü məntiq və ağıl bəxş edir, qısadırsa, əksinə.
Üçüncü oynaq əslində ovucun çox vacib hissəsidir və böyük-kiçikliyindən asılı olmayaraq hissləri və cismani sevgini təmsil eləyir.
Birinci oynağın güclülüyü iradənin göstəricisidir. Ancaq ikinci oynaq kiçikdirsə, bu artıq həm də məntiqdə geriqalmadan xəbər verir. Belə adam nəyin bahasına olursa olsun hakimiyyətə can atacaq (şəkil 5).

Məntiq və iradə oynaqları bərabərdisə və baş barmaqla başqa barmaqların arasında harmoniya pozulmayıbsa, insan məşsədinə çata bilər (şəkil 6). İkinci oynağın birincidən böyük olan şəxs daha şüurlu və məntiqlidir. Amma o, həyata keçirə bilməyəcəyi qeyri-real planlar qurur. O, başqalarıyçün gözəl məsləhətçi ola bilər, amma özü həyatda çox az şeyə nail olacaq (şəkil 7). Baş barmağın kökü çox inkişaf eləmiş adam həyatının məqsədini hisslərlən və sevgidə görür. Buna hələ bir uzun birinci oynaq da (yəni iradə) qoşulsa, o, bütün bəşəriyyəti sevəcək. Ruhanilər arasında «məhəbbət oynağı» daha çox inkişaf eləyir.

Üçüncü – hiss oynağı inkişaf edən, amma birinci – irədə oynağı zəif olanlar öz hisslərinə hakim deyillər. Həyatda yolunu azmış insanların, yüngül qadınların ilk iki oynağı qısa, üçüncü oynağı isə çox inkişaf etmiş olur.
Baş barmağın elastik, yoxsa hərəkətsiz olmasının da rola var. Şaquli vəziyyətdə tutulan barmaq bir balaca arxaya meylli olmalıdır. Geriyə qanrılıb az qala biləngə çatan barmağın sahibi yarınmağa meylli olur. Barmaq geriyə heç meyl eləmirsə, sahibinin şəraitə uyğunlaşmağı bacarmamasından xəbər verir.
Bircə baş barmaqda üç dünya – iradə, məntiq və hissiyyat var. Onların üçünü də tapıb bir-birinə uyğunlaşdırmaqla nəticə çıxarmaq lazımdır. Baş barmağın yeri həmişə yuxarıda olsa məsləhətdir.

Gülnarə Rəfiq