- Cəmiyyət

Batumi UNESCO-nun Musiqi paytaxtı statusunu alıb

UNESCO Gürcüstanın kurort şəhəri Batumini təşkilatın yaradıcı şəhərlər şəbəkəsinə daxil edərək ona musiqi paytaxtı statusunu verib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Acarıstan hökumətinin yaydığı məlumatda bildirilir.

Məlumatda deyilir: “Batumi UNESCO tərəfindən Musiqi şəhəri adına layiq görülüb. Batumi Gürcüstanda bu statusu qazanan və yaradıcı şəhərlər şəbəkəsinə daxil olan ilk şəhərdir. Bu ad Batumi meriyasının UNESCO-ya müraciəti əsasında verilib ki, bu da şəhərin yaradıcılıq və mədəni sənayenin güclənməsinə töhfə verəcək ən yaxşı təcrübəni bölüşməyə və əməkdaşlığı gücləndirməyə hazır olmasını nəzərdə tutur”.

Bildirilib ki, Batumi musiqi sənayesinin nümayəndələri UNESCO-nun təşkilatçılığı ilə keçirilən tədbir və layihələrdə iştirak etmək hüququ qazanacaq. Batumi ilə bərabər Musiqi paytaxtı statusunu Qlazqo, Kinqston, Liverpul, Oklənd və digər şəhərlər də qazanıb.

Qeyd edək ki, UNESCO-nun yaradıcı şəhərlər şəbəkəsi 2004-cü ildən mövcuddur və hazırda 90 ölkənin 295 şəhərini media-art, musiqi, kinematoqrafiya, qastronomiya, dizayn, folklor, əl işləri və xalq mədəniyyəti istiqamətində bir araya gətirir.