- Cəmiyyət, Manşet

Bayden Ukraynadakı vəziyyətlə bağlı yeni müraciət edib

ABŞ prezidenti Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqlayıb.

ABŞ prezidenti Co Bayden Ukrayna və Rusiya ətrafındakı vəziyyətlə bağlı yeni müraciət edib. Onun çıxışı Ağ Ev tərəfindən yayımlanıb.

Kamilinfo unian.net-ə istinadən bildirir ki, Amerika liderinin Kiyev vaxtı ilə saat 21:00-da efirə çıxacağı planlaşdırılsa da, gecikib. Çıxış zamanı Bayden əmin olduğunu bildirib ki, Rusiya prezidenti Vladimir Putinin planı Ukraynanın daha da dərinliyinə getməkdir.

Eyni zamanda ABŞ prezidenti Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketini açıqlayıb:

“Biz Rusiyanın iki bankına sanksiya tətbiq edirik. Rusiyanın suveren borcuna qarşı. Biz həmçinin  Rusiya elitasına və onların ailələrinə sanksiya tətbiq edirik. Onlar da əziyyət çəkməlidirlər. “Şimal axını 2” qaz kəməri dondurulacaq. Növbəti addımlar atılacağı təqdirdə Rusiya üçün sanksiyalar daha ağır olacaq.  “Biz NATO müttəfiqlərimizi gücləndirəcəyik. Əgər Rusiya Belarusdan qoşunlarını çıxarmasa, Litva, Latviya və Estoniyadakı kontingenti gücləndirəcəyik”.

“Biz Rusiya Federasiyası ilə qarşıdurma istəmirik, lakin müttəfiqlərimizi müdafiə etməyə hazır olduğumuzu bildiririk. Əminik ki, Rusiya Ukraynaya girmək niyyətindədir. Ümid edirik ki, bu, baş verməyəcək, ancaq 150 min əsgər  hələ də Ukrayna sərhədindədirlər”, – deyə Bayden əlavə edib.

Onun sözlərinə görə, ABŞ və Avropa müttəfiqləri Ukraynanı dəstəkləməkdə birləşiblər.

“Biz dünyanın təhlükəsizliyi ilə bağlı Rusiya Federasiyasından gələn bütün təhdidləri anlayırıq. Putinin dünənki təhrif olunmuş “tarixi” açıqlamalarında heç bir şey dialoq istəyindən xəbər vermir. O, Ukraynanın mövcudluq hüququnu şübhə altına alıb. Deməli, Rusiya təcavüzkardır. lakin eskalasiyanı dayandırmaq üçün hələ də şans var. Biz diplomatiyaya hazırıq”, – deyə ABŞ prezidenti bildirib.