Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin sədri Mücahit Demirtaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Fondun prezidenti qonaqları salamlayaraq, üzv dövlətlərlə, o cümlədən, qardaş Türkiyə ilə sıx əlaqələrin təşkilat üçün əhəmiyyətindən bəhs edib. O, Türk Əməkdaşlıq Təşkilatlarında sədrliyin Türkiyəyə keçməsinin türk dövlətləri arasında qarşılıqlı tərəfdaşlığın inkişafına böyük töhfə verəcəyini vurğulayıb. Günay Əfəndiyeva Fondun yarandığı tarixdən etibarən, Türk Dünyası Mühəndislər və Memarlar Birliyi ilə əməkdaşlıq münasibətlərinin olduğunu bildirərək, ötən il “Qarabağın keçmişi, bu günü və gələcəyi” mövzusunda birgə təşkil olunan beynəlxalq videokonfransı xatırladıb. Günay Əfəndiyeva, həmçinin gənc beynəlxalq təşkilat olmasına baxmayaraq, türk dünyası mədəniyyətinin bərpası, qorunması və beynəlxalq aləmdə tanıdılması yönündə Fondun çoxşaxəli fəaliyyətindən söz açaraq, bu sahədə Türk Dünyası Mühəndislər və Memarlar Birliyi ilə yeni layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edib.
Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin sədri Mücahit Demirtaş Azərbaycana səfərindən, eləcə də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət etməsindən böyük məmnunluq hissi keçirdiyini bildirib. Birliyin sədri, 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan olunması ilə əlaqədar olaraq, Fond ilə əməkdaşlıq çərçivəsində türk dünyasının, o cümlədən Azərbaycanın ayrılmaz parçası olan Qarabağda erməni vandalizmi nəticəsində dağıntılara məruz qalmış abidələrin bərpası, eləcə də digər istiqamətlərdə birgə işlərin görülməsinin önəmini vurğulayıb.
Daha sonra birliyinin sədri Mücahit Demirtaş Günay Əfəndiyevanın türk dünyasının mədəni irsinin qorunması ilə bağlı rolunu yüksək qiymətləndirərək, Fondun prezidentinə Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin fəxri üzvü seçildiyini bildirən diplom təqdim edib.
Sonda tərəflər bir-birlərinə hədiyyələr bağışlayıb.