Kəndlinin traktoru sınır. Traktoru düzəltmək üçün etdiyi cəhdlərin hamısı boşa çıxır. Nəhayət, kəndli ustaya müraciət edir. Traktora baxan usta onun hərtərəfli yoxlayır, sonra da çəkiçlə bir dəfə mühərrikə vurduqdan sonra onu işə salır. İşini başa çatdırandan sonra usta kəndlidən gördüyü işin müqabilində 100 manat pul istəyir. Kəndli bundan narahat olub deyir:
– Çəkiçlə vurduğun bir zərbəyə görə 100 manat istəyirsən?
Usta cavabında deyir:
– Əziz dost, çəkiçlə vurduğum bir zərbəyə görə səndən bir manat istəyirəm. Qalan 99 manatı isə biliyimə görə alıram. O biliyin hesabına mən sənin traktorunu cəmi bir çəkiç zərbəsinə təmir edə bildim.