Vasif SADIQLI
“Adam mışıl-mışıl yatır haa… Orda şirin-şirin yuxular görür ha. Gördüyü hər şeyə inanır ha… Özü də bilmədən çöhrəsində bir təbəssüm, məmnunluq təbəssümü yaranır ha… Onu deyirəm. Bilirsinizmi niyə belədi? Çünki insanın yalana ən səmimi inandığı vaxt yuxu vaxtıdır… Səni dünyanın sərt reallığının dəhşətlərindən ayırıb bir ovuc ümid verir, bir nəfəslik açır sanki bəzi yuxular… ”
Bəzi kitablar və ya bəzi kitab kimi adamlar da elədir. Onlarla dostluq da səni dünyanın sərt reallığının dəhşətlərindən, ümidsizlikdən ayırır, bir nəfəslik açır sanki. İnamını itirməkdə olduğun dünyada hər şeyin yaxşı olacağına inandırır, öləziməkdə olan inam işığını alovlandırır, onu sönməyə qoymur. İnsan bir dəfə dünyada olarsa, artlq o, təcrübə qazanmış olar, dünyanın hər üzünə bələd olmuş olar, onu fani dünyanın heç bir şeyi nə təəccübləndirə, nə qorxuza, nə də aldada bilər. İçində özünə qumdan qəsr yapmış uşaq sevincini yaşada bilən insanlar ən saf insanlardır. Onlar bu dünyanın pis üzünü görüb toxtamış, dünyaya bələd olmuş insanlardır. Belə adamlar da Servantesin qəhrəmanı Don Kixot kimi hesab edirlər ki, onlara üz verən bütün bədbəxtliklər, insanların onları anlamaması yalnız igid adamlara qismət olan bir sınaqdır. Onlar bu sınağı şikayələnmədən, məmnuniyyətlə, Allahın onlara bəxş etdiyi bir lütfü kimi qəbul edir və o sınaqdan alnıaçıq, üzüağ çıxırlar. Onlar bu dünyada aldadan olmaqdansa, aldanan olmağı üstün tutan insanlardır.
Vasif Sadıqlının “Bir dəfə dünyada” kitabını oxuduqca artıq sən də sanki bu dünyaya bələd olur, yaşadığın dünyanı bir dəfə görüb qayıtmış kimi olursan. Kitabı vərəqlədikcə bu dünyanın hər üzü ilə yaxından tanış olursan. Həm Qərblə, həm Şərqlə. Həm ən ağıllı, həm ən ağılsız hökmdarların, sərkərdələrin, alimlərin, məşhurların portreti ilə yaxından tanış olur, onlarla yenidən görüşürsən. Bu görüşdən ibrət alırsan. “Atilla – “Allahın bəlası”, “Nizamülmük – zalımların ən yaxşısı”, “Mövlana Cəlaləddin Rumi”, “Mahatma Qandi – İmperiyanın ayaqyalın qənimi”, “Adamyeyən president – Jan Bedel Bokassa”, “Sokrat”, “Onore de Balzak”, “Mark Yuni Brut”, “Leonardo da Vinçi – minilliyin adamı”, “Narıncı payızın nağılı”, “Sinoplu Diogen – Sokratın ağıldankəm variantı”, “Pifaqor”, “Fransua Rable” yazılarında maraqlı və ibrətamiz rəvayətlərlə, yarı tarixi, yarı əfsanəvi tarixi şıxsiyyətlərlə, hadisələrlə bədii və ya publisistik dillə tanış olursan.
Oxucunu dünyanın hər tərəfi ilə tanış edən müəllif gah da oxucunu bu dünyanın kiçik, lakin bizə çox doğma olan balaca bir nöqtəsi – Azərbaycana gətirir, gah yumor, gah satira dili ilə ciddi məsələlərdən söhbət açır, arada bizi araşdırmalarla, ciddi müsahibələrlə də tanış edir. “Molla Nəsrəddin” jurnalı və Azərbaycan romantikləri”, “Ədəbi dilə qəsd dövlətin suverenliyinə qəsddən daha ağır cinayətdir”, “Linqivistik ekspansiya cəhdləri ilə üz-üzəyik” yazıları nə qədər ciddiliyi ilə diqqət çəkirsə, “Koronavirus ədəbiyyatı” öz yumoristikliyi ilə gərginliyimizi azaldır, bizə xəfif təbəssüm bəxş edir:
Atım yoxdu yəhərlənə,
Dəli könlüm qəhərlənə,
Qoymurlar gedə hərlənə ,
İzim marketə, marketə.
Gedib zibil atasıysm,
Siqaretsiz batasıyam,
Gecə dərdli yatasıyam,
Üzüm marketə, marketə
İzim bara həsrət qaldı,
Üzüm yara həsrət qaldı,
Qışım qara həsrət qaldı,
Yazım marketə, marketə.
Kitabın əvvəlində gedən “Koronavirus ədəbiyyatı”nda və axırında dost sözünə yer verilməsi müəlifin bu dünyada dostluğa önəm verməsindən və sadiqliyindən xəbər verir. Kitabın üz qabığı da maraqlı və zövqlü tərtibi, rəng uyarlığı ilə diqqəti cəlb edir. Servantesin qəhrəmanı Don Kixotun şəkli, əcəba, bizə nəyi demək istəyir? Bəlkə də, müəllifin Don Kixota rəğbəti ondakı əzm, ruhdan düşməmə, uğurlarına şübhə etməmə hissininin güclülüyündən doğur. İ.S.Turgenevin sözləri ilə desək: “Hamlet ən kiçik bir uğursuzluqdan ruhdan düşür və şikayətlənir, Don Kixot cinayətkarlar tərəfindən şil-küt ediləndə belə ruhdan düşmür, uğurlarına şübhə etmir”. Bu baxımdan, Don Kixot olmaq, Don Kixot olaraq qalmaq özü o qədər də asan məsələ deyil. Bir ispan deyimində deyildiyi kimi: “Don Kixot olmaq üçün yola çıxan bir çox insan evə Sanço Pansa olaraq döndü”.
Artıq dörd əsrdir ki, bəşəriyyət bu sual ətrafında düşünür: Don Kixot müdrik insandır, yoxsa ağılsız? Amerikalı yazıçı Folkner müsahibələrinin birində deyir: “Bu, əbədiyaşar, qəmli və komik obrazdır. Don Kixot köməyə ehtiyacı olmayan insanlara yardım etməyə çalışaraq gülünc vəziyyətə düşür. Yardım sevərlik insan qəlbinin ən gözəl xüsusiyyətidir. Ümid edirəm ki, bu xüsusiyyət hər zaman insan qəlbində yaşayacaqdır”.
“Dünya yaşamaq üçün çox qəddar yerdir, Onun qəddarlığı bəzən yuxulardan sonra daha aydın sezilir – ağ rəng fonunda qara rəng daha aydın seçilən kimi”…
Bu da kitabın müəllifinin gəldiyi qənaətdir. Lakin bu fikirlər, bu qənaət uzun çəkmir. Bu fikrrin ardınca məharətlə təsvir edilmiş güclü yağan yağış hər şeyi yuyub aparır və yeni işlqlı bir sabah açılır.
Nə yaxşı ki, bu dünyada hələ yağışlar var. Nə yaxşı ki, bu yağışları Allah bizə göndərir və bəzən o yağışlar bu dünyanı, onun mənasını, yaxşını-pisi, dostu-düşməni bizə daha yaxşı tanıtmağa, kin-kidurəti, toz-torpağı yumaqla ardınca yeddi rəngli göy qurşağı gətirməklə dünyanı və insan qəlbini də təmizləyir və təzələyir.
Sadıqlının “Bir dəfə dünyada” kitabını oxuyandan sonra özünü bir dəfə bu dünyada olmuş kimi hiss edirsən. Hər yağan yağış da hisslərinin, düçüncələrinin toz-torpağın təmizləyir, içində bir yüngüllük, bir göy qurşağı hiss edirsən, üzündə bir məmnunluq bir xoş təbəssüm yaranır:
“Adam mışıl-mışıl yatır ha… Orda şirin-şirin yuxular görür ha. Gördüyü hər şeyə inanır ha. Özü də bilmədən çöhrəsində bir təbəssüm, məmnunluq təbəssümü yaranır ha… Onu deyirəm.”
Bəzən bu təbəssüm, məmnunluq təkcə yuxularda deyil, həyatda da, illərdir xəyalını qurduğun, yuxularında gördüyün hadisələrin reallaşdığını görəndə, Qələbə xəbərinin sevincini yaşayanda da baş verir. Bəzən yuxular çin, yalanlar doğru olur. Həri…
Qələbə müjdəli sabahlara doğru, xeyirli bazar ertələri…