- Dil

Bir yaşlı dil mərkəzi – FADMM

11 mart tarixi dilini sevən və babalardan bizə miras qalmış dil əmanətinə sahib çıxmaq istəyən hər bir azərbaycanlı üçün əlamətdar bir gündür. Çünki bu tarixdə  ancaq vətən, dil sevgisilə birləşmiş, heç bir təmənna güdməyən insanların yaratdığı bir dili qoruma mərkəzinin – Filoloji Araşdırma və Dil Monitorinq Mərkəzinin yaranması, dil fədailərinin bir mərkəz ətrafında sıx birləşdiyi tarixdir.
Bu 1 il ərzində Ana dilinin milli varlığını və ruhunu qorumaq Mərkəzin hər bir üzvü üçün şərəfli vəzifə olmuşdur. Onlar dilin əcnəbi sözlərlə yersiz şəkildə yüklənməsinə qarşı çıxır, dilin işləkliyinin qayğısına qalırlar.

Müasir dövrdə dünyaya inteqrasiya saatbasaat artığı bir zamanda dilimizə külli miqdarda süni surətdə əcnəbi sözlər gətirilir, bilərəkdənmi, bilməyərəkdənmi həmin sözlər şəhərin küçə və prospektlərindəki reklam lövhələrini “bəzəyir”. Əlbəttə ki, bu məsələ hər bir ziyalıda, qəlbində dil sevgisi olan hər bir vətəndaşımızda narahatlıq yaradır. Lakin bu məsələni təkbaşına həll etmək mümkün deyil. Ona görə də baş verən  prosesə etiraz etmək, bu mənfi hala qarşı gücləri birləşdirərək mübarizəyə qalxmağı bir ictimai qurum kimi FADMM öz üzərinə götürdü. Mərkəzin dil sevdalı əməkdaşları Ana dilimizin saflığının qorunmasında “müsəlləh əsgər”ə çevrildilər.

Bəzilərinə elə gəlir ki, dilin zənginliyi o dildə sözlərin çoxluğu ilə bağlıdır. Xeyr, dilin zənginliyi onun işlənmə  dairəsinin  genişliyində, saflığında, anlaşıqlı olmasında, əhatəliliyindədir.

Böyük şairimiz Rəsul Rzanın sözləri ilə desək: “Dilin zənginliyi sözün çoxluğu ilə ölçülmür – dil ictimai dəyişikliklər, tarixi inkişaf nəticəsində şüurun özü kimi daim dəyişir. Dilin harmonik inkişafı üçün onun gərəkliyi mühüm şərtdir. Metal alət işlədilməsə, paslanar. Dil də işlədilməsə get-gedə kəsərini, məna dəqiqliyini və dərinliyini, ifadə incəliyini və gözəlliyini itirər, inkişafdan qalar”.
Odur ki, dilimizi bütün sahələrdə işlətməli, onun saflığını göz bəbəyimiz kimi qorumalıyıq. Çünki Ana dilimiz bizim milli varlığımız, kimliyimiz, əslimiz, kökümüzdür.

Bir milləti millət kimi var edən də onun dilidir, yox edən də. Dili olmayan millət ölümə məhkumdur. Bu mənada ana dilimizə məxsus sözlərin yerini əcnəbi sözlərə vermək yolverilməzdir: bu istər reklam, istərsə də müəssisə adları olsun, fərqi yoxdur…
Bir ildir ki, FADMM bu problemə qarşı qətiyyətlə mübarizə aparır. FADMM əməkdaşları ədəbi dilimizin hələ də çözülməmiş problemlərini qətiyyətlə həll etməyə, qarşıya çıxan maneələri dəf etməyə çalışır.
Mərkəzin əməkdaşları bu yolda bütün imkanları nəzərdən keçirir, ziyalıların birliyindən, gücündən istifadə etməklə məsələnin həlli yollarını araşdırır.

Düzdür, bütün inkişaf etmiş dillər bu və ya digər şəkildə başqa xalqların dilindən faydalanmışdır. Bu, təbiidir. Vay o haldan ki, o, başqa xalqın dilindən alınmış söz, qanun və ahəng xüsusiyyətlərimizi nəzərə almadan dilə zorla gətirilsin.
Bütün dillərin əsrlər boyunca yaranmış biçimi, dadı, duzu var. Hər xalqın dili sözdə təcəssümünü tapan tarix yaddaşıdır. Xalqın qədim tarixə malik mənəvi mədəniyyəti, həyatı onun dilində, dilin şifahi və yazılı formalarında, abidələrində öz əksini tapır. Ana dili məxsus olduğu xalqın, millətin canıdır, onun birinci dərəcəli zahiri əlamətidir. Millətin milli psixologiyası, təfəkkür tərzi, xarakteri, bədii yaradıcılıq, dini və mənəvi durumu kimi mühüm xüsusiyyətləri, əlamətləri dildə və dil vasitəsi ilə meydana çıxır.

Onu da bildirək ki, bütün dillərin sözlərinin, ifadələrinin, deyiminin özünəməxsusluğu var. Bu çalarlar bəzən qabarıq, bəzən haman-haman duyulan olur. Dilin bu incəliklərinə toxunanda o sızlayır, göynəyir. Ona görə bu incəliklərə toxunmaq olmaz.
Ana dilimiz Molla Pənah Vaqifin:
“Ay qabaqlı, bulud zülflü gözəlin,
Duruban başına dolanmaq gərək.
Bir evdə ki, belə gözəl olmadı,
O ev bərbad olub talanmaq gərək”

və yaxud,
“Başına döndüyüm toy adamları,
Siz də deyin, toya gələn oynasın.
Adını demərəm, eldən ayıbdır,
Filankəsin qızı filan oynasın””
– misralarında əks olunmuş gözəl bir dilin ruhunu, ənənələrini saxlayaraq inkişaf etmişdir.
Uzun inkişaf yolu keçərək bugünümüzə gəlmiş Azərbaycan dilimiz safdır, axıcıdır, musiqilidir, sadədir, gözəldir. Bu dil dünya dilləri arasında  öz incəliyi, hərtərəfliliyi, kamilliyi, möhtəşəmliyi ilə seçilir. Hətta deyərdim ki, Azərbaycan dili ulu Tanrımızın xalqımıza böyük hədiyyəsidir. Tanınmış şairimiz Bəxtiyar Vahabzadənin dili ilə desək;

“Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə miras verdiyi
Qiymətli xəzinədir, onu gözlərimiztək
Qoruyub, nəsillərə biz də hədiyyə verək”

Bizə Tanrıdan hədiyyə edilən, əcdadlarımızdan miras qalan Ana dilimizin saflığını, varlığını qorumaq hər birimizin mənəvi borcudur. Odur ki, Ana dilimizin saflığı, təmizliyi, bütün dövlət idarə və müəssisələrində, həmçinin qeyri-dövlət sektorlarında qorunmalı, bu məsələ hər zaman diqqətdə saxlanmalıdır.

Bu mənada FADMM üzərinə çox məsuliyyətli və şərəfli missiya götürüb.

FADMM-in fəaliyyətini diqqətlə izləyərkən bu qənaətə gəldim ki, Mərkəzin əməkdaşları dilimizin saflığının qorunması ilə bağlı məsələlərdə yol verilmiş ən kiçik yanlışları belə diqqətdən kənar qoymur, həmən məsələyə haqlı iradlarını bildirirlər.

FADMM dilimizdəki nöqsanları şərti olaraq iki hissəyə bölür:
1) Dilə yerli-yersiz yeni sözlər, əcnəbi sözlər gətirmək, onların mənasının başa düşülüb-düşülmədiyi ilə maraqlanmadan dili ağırlaşdırmaq;

2) Dildə cümlə savadsızlığı, sözləri yerində işlədə bilməmək, Azərbaycan dilinin qrammatik qanun-qaydalarına və normalarına tabe olmamaq.
Bu nöqsanların hər ikisi də dil üçün ciddi təhlükə hesab edilir, çünki hər ikisi dilimizi geniş xalq kütləsindən ayırır.
FADMM əməkdaşları xüsusən TV-lərdə, KİV-də, internet  resurslarında yer alan nöqsanlarla heç barışmırlar. Ona görə ki, bu qurumlar cəmiyyətimizlə daha çox əlaqədə olurlar.  Əgər televiziya aparıcıları, KİV nümayəndələri öz işlərinə peşəkarcasına yanaşsalar, dillərində yersiz işlətdikləri əcnəbi sözlərin Azərbaycan dilində tərcüməsini tapa bilərlər. Çünki Azərbaycan dilinin lüğət tərkibinin zənginliyi elm və texnika sahəsində yazılmış ən mürəkkəb  dil xüsusiyyətli əsərləri belə ana dilimizə tərcümə etməyə şərait yaratmışdır. Bütün əcnəbi elmi, texniki, tibbi və sair terminlərin Azərbaycan dilində qarşılıqlı variantlarının olması da buna imkan verir.
FADMM dilimizin ayrı-ayrı problemləri haqqında açıq, geniş müzakirələr, polimikalar, təhlillər də aparır.

Bu müzakirələrdə dilin işlənməsi problemləri haqqında fikir söyləyən bəzi mütəxəssislər qaldırılan problemin həlli yollarından danışmış, məsləhətlərini əsirgəməmişlər. FADMM hər bir mütəxəssis rəyinə, fikrinə, məsləhətinə həssaslıqla yanaşır, onlardan faydalanır.

Ana dilimiz mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malik olsa da, dilimizin bu imkanlarından yetərincə və düzgün istifadə edilməməsi hallarının olması təəssüf hissi doğurur. Televiziya və radio kanallarında, KİV-də, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dilin normalarının pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi Ana dilimizə qarşı edilən sayğısızlıqdır.

Filoloji Araşdırma və Dil Monitorinq Mərkəzinin əsas işi Ana dilimizə qarşı bu sayğısızlığı və mövcud nöqsanları tezliklə aradan qaldırmağa nail olmaqdır. Mərkəz əməkdaşlarının bu işi bəyəniləndir.

FADMM-in işində təqdir etdiyim xüsusiyyətlərdən biri də onun öz işini inkişafetdirici, sağlam, obyektiv və qərəzsiz aparmağında, həqiqətə söykənməsindədir.  Mərkəz əməkdaşları söylənilən fikir və mülahizələrə vaxtında reaksiya verir, tutduqları yolun çətinliklərindən qorxmayaraq cəsarətlə və əzmlə irəliləməkdədirlər.

Onu da qeyd edək ki, ədəbi dilimizin xarici dillərin təzyiqinə məruz qalması, şəhərlərin elan, lövhə və reklamlarında, istehlak mallarının etiketlərində, radio və televiziyada dilimizin mövqeyinin müəyyən mənada məhdudlaşdırılması barədə şikayətlərin olması məsələlərinə görkəmli dilçilərimiz, ziyalılarımız hər zaman toxunmuşlar.

Akademik Ağamusa Axundov illər öncə küçə və prospektlərdə əcnəbi dildə obyekt – mağaza, restoran və kafe adlarının, yeni yaranan şirkət və müəsissə adlarının xarici adlarla verilməsinin, dövlət qəzetlərində əksəriyyəti ingilis sözlərindən ibarət  olan cümlələrin işləməsini təəssüflə qeyd etmiş, bu sahədə müəyyən işlərin görülməsinin vacibliyini vurğulamışdır.
Mərhum akademik Tofiq Hacıyev də dəfələrlə ədəbi dilimizin təhrif olunmuş məqamlarını müsahibələrində xatırladırdı. Prof.Tofiq Hacıyev əcnəbi dillərə məxsus terminlərin dilimizdə olan doğma sözlərlə əvəz olunması, televiziya və radio verilişlərində ədəbi dil normalarına xələl gətirən ifadələrin işlənməsi, ticarət obyektlərinin, hotellərin xarici adlarla adlandırılması və onların dilimizə uyğun şəkildə  dəyişdirilməsi barədəki çıxışları ilə bir növ həyəcan təbili çalırdı.

“Bilmirəm, nədəndir, bizim xalqımızda əcnəbiçiliyə böyük həvəs, meyl? Bunun qarşısını necə alaq? Dilimizin saflığı uğrunda necə mübarizə aparaq?” – suallarını verən alim, “Bu, təkcə  dövlət qurumlarının işi deyil, bu işə həm də xalq  qoşulmalıdır”, – deyirdi.

Təqdirəlayiq haldır ki, bugün qeyd olunan dil probleminə ölkənin birinci şəxsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də qoşulub. Ölkə başçısının  2018-ci il 01 noyabr tarixində “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”  Fərmanı Ana dilimizin qorunması və inkişafına diqqət və qayğının bariz nümunəsidir.
Fərmanla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunda proqram tərtib olundu, Monitorinq şöbəsi yaradıldı. Fərmandan irəli gələn müəyyən tədbirlər görüldü və görülməkdədir.

Lakin düşünürəm ki, bu məsələni bütünlüklə AMEA-nın Dilçilik İnstitutunun üzərinə atmaq yanlış fikirdir. Prof.Tofiq Hacıyevin də qeyd etdiyi kimi, Ana dilimizə olan sevgi, onun saflığının qorunması tək bir qurumun deyil, xalqın, hər bir vətəndaşının mənəvi borcu olmalıdır.
Bu baxımdan bütün ziyalılarımız alternativ yollar axtarmalı, könüllülər qrupu ilə, yeni ictimai qurumlar vasitəsi ilə birlikdə bu məsələnin həllinə nail olunmalıdır.
Qeyri-hökumət təşkilatı olaraq FADMM-in bir ildə gördüyü işlər onu ölkədə ictimai fikrin dövlət dilinin qarşılaşdığı problemlərin həllinə yönəldilməsində, demək olar, əsas intellektual Mərkəzə çevirə bildi.
Onu da qeyd etmək yerinə düşər ki, dilin formalaşmasına bir sıra siyasi, iqtisadi, mədəni-tarixi faktorlar təsir göstərir. Onlardan biri də milli və beynəlmiləl mədəniyyətlərin münasibətidir. Son dövrlərdə mədəniyyətlərin bir-birinə yaxınlaşması ilə əlaqədar olaraq dünyada baş verən bütün ictimai dəyişikliklər dildə də öz əksini tapır. Elm və texnika sahəsində xalqlar arasında əlaqələr qüvvətlənir, inteqrasiya gün-gündən genişlənir. Əcnəbi sözlərin Azərbaycan dilinə sürətlə yol açmasının səbəblərindən biri də bununla bağlıdır. Bizneslə sahəsi ilə bağlı əcnəbi sözlər ölkəmizdə necə geniş vüsət alıbsa, bu sözlər reklam daşıyıcılarında yerli, milli sözləri Bakı küçələrindən az qala tamamilə sıxışdırıb çıxarmağa müvəffəq olmaqdadır. Bununla yanaşı, tez-tez ədəbi dil normalarının pozulması halları ilə də rastlaşırıq. Təəssüf ki, bu kimi dil normalarının pozulması hallarına nəinki adi vətəndaşlar, hətta ziyalılar, KİV, TV kanallarda həm aparıcılar, həm verilişə çağrılmış qonaqlar tərəfindən də rast gəlirik. Təəssüf doğuran məsələlərdən biri də budur ki, bəzi KİV və TV kanallarında ləhcələrlə danışma, varvarizmlərdən istifadə az qala adi hala çevrilməkdədir. Həmin acınacaqlı durumun, mənfi prossesin qarşısını almaq, bu cür hallara göz yummadan mübarizə aparmaq vəzifəsini boynuna götürən ictimai qurum – FADMM-in öz işinə məsuliyyətlə yanaşması təqdirəlayiqdir.

Onu da diqqətə çatdıraq ki, bu prosesin qarşısının tamamilə alınması hər şeydən əvvəl, cəmiyyətin, ümumiyyətlə, sosial təbəqələrin və aidiyyatı qurumların marağından da çox asılıdır. Bəzi iş adamlarının öz biznes maraqlarını milli-mənəvi maraqlardan üstün tutaraq reklam və elan lövhələrində ana dilimizə məxsus sözlərimizdən deyil, əcnəbi sözlərdən istifadə etmələri yolverilməzdir ki, FADMM də məhz buna qarşı cəbhə açmışdır.
Biri var beynəlmiləl terminlər, biri də var əcnəbi sözlərin biznes məqsədilə zorla dilə gətirilməsi, obyekt və müəssisə adlarının küçələrdə ucdantutma əcnəbicə yazılması…
Dilimizin işlənməsində reklamlardan tutmuş rəsmi sənədlərə, televiziya, KİV, internet resurslarına qədər Azərbaycanda böyük yayınmalar var. Bunları səbrlə aradan qaldırmaq bütünlükdə xalqmızın, xüsusən də xalqın ziyalı təbəqəsinin işidir.
Biz xalqın, onun əsl ziyalılarının dəstəyi ilə FADMM-in bu işin öhdəsindən uğurla gələcəyinə inanırıq. Çünki FADMM-in əməkdaşları heç də məqsədlərinə çatmamış işlərini yarı yolda qoyan insanlara bənzəmirlər.
Onların ardında, onları dəstəkləyən, dilimizin saflığının qorunması uğrunda mübarizəyə daha da həvəsləndirən böyük bir ziyalı ordusu dayanır.

Ən böyük qüvvələri isə Prezidentimizin dilimizin saflığının qorunması ilə bağlı imzaladığı qanun və fərmanlara güvənməkləridir. Qaldı bu qanunları yerinə yetirmək məsələsinə, təəssüf ki, bu məsələdə müəyyən boşluqlar var. Qanunlara tabe olmayanlar da nə yazıq ki, çoxdur. Məhz bu insanlara qarşı, dilimizin saflığının qorunmasına qarşı ön cəhbədəymiştək mübarizə aparan FADMM əməkdaşlarına işlərində uğurlar, yenilməz qətiyyət və dəmir iradə  arzulayıram.

Dil sevdalıları, 1 yaşınız mübarək!

Aynurə ƏLİYEVA

ADPU