- Köşə

Nəriman QASIMOĞLU. “Böyük-kiçik” məsələsi

Tarixdə, mədəniyyətdə, ədəbiyyatda, elmdə yetərincə iz qoymuş şəxsiyyətlərimizi öz yazılarında, çıxışlarında xatırlayan, onlardan bolluca sitatlar gətirən müəlliflərə həmişə elə gəlir ki, həmin şəxsiyyət adlarının qarşısına mütləq “böyük”, “dahi”, “ulu” kimi epitetlər qoşmalıdırlar. Tarixin fərqləndirib artıq “milli brend”ə çevirdiyi şəxsiyyətlərimizin adlarının qarşısında “dahi”, “ulu” və s. yazmağa nə ehtiyac var? Başqaları “brend” deyilsə, bu başqalarından onları niyə fərqləndirməliyik, onsuz da fərqlidirlər.

Biri yazır “böyük Nizami öz əsərində…”, “ulu Füzuli şeirlərində…”, bir başqası yazır “dahi Üzeyir Hacıbəyov…” və s. və i. Hələ adlarını çəkdiklərimin səviyyəsində olmasa da müəyyən xidmətləri olmuş yaxın-uzaq keçmişdəkilərimizə, müasirlərimizə aid bu qəbildən tez-tez işlənən ifadələri qoyuram bir kənara.

Tarixdə dərin iz salmamış, populyarlığı az olanlar haqqında “tanınmış qələm ustası filankəs” ifadəsi də bir yandan.

Dahiliyi, nəhəngliyi tarixi təsdiqini tapmışlar haqqında axı niyə onların dahiliyini, böyüklüyünü mən oxucu üçün təkrar-təkrar qeyd etməlisən?

Filankəs tanınmışdırsa, yaxud məşhurdursa, yaxud da dahidirsə, daha sənə nə düşüb onu mənə “tanınmış”, “məşhur”, “dahi” kimi tanıdasan? Bəlkə ona görə ki, mən bir oxucu kimi bundan xəbərsiz ola bilərəm? Əlbəttə, ona görə deyil. Sadəcə həddindən artıq primitiv bir vərdişdən gələn yazı tövrüdür. Vaz keçilməsi arzu olunur. Gözümüz də, qulağımız da dincələrdi.

Bir neçə dəfə elə olub ki, bir-iki “ağıllı” redaktor yazımda həmin epitetlərdən birini görmədiyindən özü əlavə edib.

Yeri gəlmişkən, bir dəfə bəstəkar Xəyyam Mirzəzadə yaradıcılığına həsr olunan tədbirdə çıxışçılardan biri onun haqqında “böyük bəstəkar” demişdi. Xəyyam müəllim həmin epitetdən xoşlanmayıb natiqin sözünü dərhal kəsmiş və eşidənlərini güldürərək zarafatla belə demişdi: “o böyük dediyin nədirsə, bazarda qarpız olar, bəstəkarın nə böyüyü, kiçiyi”.

Çox-çox qədimlərdən gələn bir ənənədir. Əvvəllər şahlara nisbət olaraq işlənib. Məsələn, Persiya Şahı 2-ci Kir “Böyük Şah” titulu daşıyıb. Böyük ərazilərdə şahlıqları ram edib imperiya yaratdığına görə. Persiyanı məğlub etmiş İskəndərin də “böyük” epiteti Kir-dən qalmadır. Bu epitetin təkcə mənsəbə yox, təqlidlə adlara əlavə edilməsi ənənəsi sonradan yayılıb.

Hazırda şəxs adlarına əlavə edilən məlum epitetlərin yuxarıda qeyd etdiyim primitiv məzmunu, əslində isə, məntiqsizliyi məhz bundan qaynaqlanır.

Cırtdan dövlət başçısı “kiçik şah” olursa, imperiya hökmdarını “böyük şah” adlandırmağın məntiqi var. Yəni böyüyün bir kiçiyi də olmalıdır, necə deyərlər.

Dəbdir yazırlar: “Böyük Səməd Vurğun…”. Yazanlardan soruşuram bəs “kiçik Səməd Vurğun” necə, var? “Böyük şair” ifadəsi varsa, “kiçik şair” ifadəsi niyə olmasın? “Kiçik şair filankəs” ifadəsini işlədən varmı, işlətmək olarmı? Olarsa, bunun meyarı nədir, ölçüsünü kim müəyyənləşdirəcək, yazı etikası qaydalarına uyğunluğunu hansı mənəvi instansiya qərarlaşdıra biləcək?

İnkişaf etmiş xalqlar artıq bundan vaz keçməkdədirlər. Məsələn, ingilislər Şekspirin adı qarşısına “dahi” sözünü yazmazlar. Niyə də yazsınlar? Şekspir artıq rəmzə çevrilib. Özü dahilik, böyüklük brendidir, necə deyərlər. “Dahi Şekspir” ifadəsi ingilislər üçün nə qədər primitiv səslənirsə və bizimkilərə Nizami, Füzuli, Hacıbəyov və yüzlərlə başqalarının adları qarşısına “dahi”, “məşhur”, “tanınmış”, “istedadlı” yazmaq hələ də xoş gəlirsə, deməli, vəziyyət gərgin olaraq qalır.

Xəyyam müəllimi rəhmətlə anıram…