- Maraqlı

Britaniya Milli Muzeyi

Londonun Blumsberi rayonunun mərkəzində, Qreyt-Rassel küçəsində möhtəşəm sütunları ilə seçilən bina yerləşir. Onun fasadını üzərində barelyeflər olan fronton bəzəyir. 1823-1847-ci illərdə memar R.Smerk tərəfindən tikilən bu binada dünyanın ən iri muzeylərindən birinin – Britaniya Milli Muzeyinin inciləri saxlanılır.

Britaniya Muzeyi 1753-cü ildə üç kolleksiya – tanınmış həkim və naturalist Hens Slounun, qraf Robert Harlinin kolleksiyaları, həmçinin əntiq mallar həvəskarı Robert Kottonun kitabxanası əsasında yaradılıb. Muzeyin yaradılması Britaniya parlamentinin aktı ilə təsdiqlənib.

Britaniya Muzeyi həm də insanların Luvrdan sonra ən çox üz tutduqları ikinci muzeydir. Muzey əvvəlcə Qədim Yunanıstan və Qədim Romaya aid eksponatları saxlamaq üçün nəzərdə tutulub. Lakin Britaniya imperiyasının agentləri imperiyanın hər yerindən muzeyə arxeoloji tapıntılar və incəsənət əsərləri gətirib, onun kolleksiyasını müxtəlif dövrlərə aid rəsm əsərləri, qravüralar, medal, sikkə və kitablarla zənginləşdiriblər.

Muzey təqdim olunan eksponatların heyrətamiz müxtəlifliyi seçilir. Hazırda muzeyin ümumi uzunluğu təqribən dörd kilometr olan 94 zalında 7 milyondan çox eksponat toplanıb. Britaniya muzeyindəki eksponatlar aşağıdakı bölmələrdə təqdim olunub:

Qədim Misir. Dünyada Misir mədəniyyətinə aid ən böyük kolleksiya, o cümlədən II Ramzesin Fivadan gətirilmiş məşhur heykəli, tanrıların heykəlləri, daş sarkofaqlar, Rozetta daşı burada təqdim olunub. Ön Asiyanın abidələri şöbəsində Yaxın Şərq ərazisindəki qədim dövlətlərin ( Babilistan, Assuriya, Akkad, Fələstin, İran və s.) xalqlarının həyatını əks etdirən eksponatlar nümayiş etdirilir. Qədim Şərq pavilyonunda Cənubi və Cənub-Qərbi Asiya, habelə Uzaq Şərq ölkələrinin heykəltəraşlıq əsərləri, keramika məmulatı, qravüra və rəssamlıq əsərləri təqdim olunur. Buddanın başı, Parvati ilahəsinin heykəli və tunc zəng bu bölmənin əsas eksponatlarıdır.

Qədim Yunanıstan və Qədim Roma. Burada gözəl kolleksiya, o cümlədən Parfenon və Apollon məbədlərinin antik heykəltəraşlıq əsərləri, Qədim Yunan keramikası, tunc əşyalar (eramızdan əvvəl III-II minillik, Egeida), Pompey və Herkulanum şəhərlərindən incəsənət əsərləri toplanıb. Bölmənin şedevri Efesdəki Artemida məbədidir.

Roma Britaniyasının tarixdən əvvəl abidələri. Burada əmək alətləri (kelt tayfalarına məxsus ən primitiv əmək alətlərdən tutmuş Roma hegemonluğu dövrünə aid alətlərə qədər), tunc əşyalar və Mildenhollda tapılmış unikal gümüş dəfinə nümayiş etdirilir.

Avropa abidələri. Burada I-XIX əsrlərə aid incəsənət və tətbiqi sənət əsərləri, silahlar və cəngavər yaraq-əsləhəsi, dünyanın ən iri saat kolleksiyası saxlanılır. Numizmatika pavilyonunda ilkin nümunələrdən tutmuş müasir dövrə aid olan sikkə və medalların kolleksiyası sərgilənir. Bölmədə ümumən 200 mindən çox eksponat təqdim olunur. Qravüralar və rəsm əsərləri. Bu bölmə muzeyin qonaqlarını Mikelancelo, Bottiçelli, Rembrant, Rafael Santi və s. böyük rəssamların əsərləri, eskizləri və qravüraları ilə tanış edir.

Etnoqrafiya pavilyonu Amerika, Afrika, Avstraliya və Okeaniyanın aborigen xalqlarının məişətini və mədəniyyətini əks etdirir. Muzeyin nəzdindəki Britaniya kitabxanası ölkənin ən böyük kitabxanası sayılır. Onun fondlarında 7 milyondan artıq kitab, habelə çoxlu sayda əlyazma, xəritə, not və elmi jurnal saxlanılır. Oxucuların rahatlığını təmin etmək üçün burada 6 oxu zalı yaradılıb.

Pasxa adasından gətirilmiş, Polineziya mədəniyyətinə aid Xoa-Xakananayya (“oğurlanmış dost” və ya “gizlənmiş dost”) adlı heykəl Britaniya muzeyinin incisi sayılır. Bu moai bütü vaxtilə ağ və qırmızı rənglər ilə boyanıb, lakin zaman keçdikcə rəngləri silinib və bu heykəlin hazırlandığı vulkan mənşəli təbii material – bazalt tufu üzə çıxıb.

portal.azertag.az