- Ədəbiyyat

“Bu gün xadnoydu” yazıblar

Vasif SADIQLI

Yenə bir fevral günüydü,
Bir alagöz səhər idi,
Axşam da dürüst yemədim,
Ovqatım birtəhər idi,
Biyabanda deyildim ki,
Sağ da, sol da şəhər idi,
Mədəm musiqi çalırdı,
Rəng alıb-verdim, allandım,
Yaxında bir dam-daş görüb,
Şəstlə o səmtə yollandım,
Baxdım dükanın önünə
“Bu gün xadnoydu” yazıblar.

İsrarımda davam etdim,
Daha neçə yerə vardım,
Dükan cəhənnəmə deyib,
Restoran, kafe axtardım,
Ürək bir sevdaya düşdü:
“Səhər tezdən xaş vurardım”.
Uzaqdan bir lövhə gördüm:
“Arağım var, xaş asılıb”
Gördüm pəncərə önünə
Ürək, dırnaq, baş asılıb,
Amma bir inək gönünə
“Bu gün xadnoydu” yazıblar.

Nagahan bir uşaq gördüm,
Elə özüyçün şellənir.
İş görənə oxşamırdı,
Çıxıb küçədə vellənir,
Çoxbilmiş adam olmağı
Sir-sifətindən bəllənir,
Dedim bundan sual edim,
“Kafeçi hardadı?” deyə.
Dedi: “Hər gün nərd oynayır,
Xaşsatan odeey, o tində”,
Baxdım binanın tininə
“Bu gün xadnoydu” yazıblar.

Gəzə-gəzə gəlib çıxdım,
Şəhərətrafı bir kəndə,
Gördüm insanlar tomtoxdu,
Üzlərdə təbəssüm, xəndə,
Bura kənddir, “xadnoy” olmaz,
Deyib təskinlik verəndə
Birdən yaxından eşitdim,
Toyuqların avazını,
İçindən seçmək istərkən,
Beçələrin ən xasını
Baxdım toyuğun hininə
“Bu gün xadnoydu” yazıblar.

Hal müztərib, can natəvan,
Mübhəm suallar yaşadım,
Xəngəl qoxusu duyunca
Nə qərib hallar yaşadım,
Hicranı min-minlə gördüm,
Tək-tük vüsallar yaşadım,
“Çıxım gedim bu diyardan,
Görüm nə gəlir başıma”,
Yaxınlaşdım üzərində
“Taksi” yazılan maşına,
Baxdım maşının şininə
“Bu gün xadnoydu” yazıblar.

Bir də gördüm göylərdəyəm,
Uçuruq Londona sarı,
İllüminatordan baxdım,
Uçaq yarır buludları.
Yanımda qız kotlet yeyir,
Toyuq tıxır qoca qarı,
Saçlarıma sığal verdim –
Yaxşı şeydi ədəb-ərkan,
Stüardesanı çağırıb
Bir “kısmat” yemək istərkən
Baxdım qızın “remen”inə
“Bu gün xadnoydu” yazıblar.

Bu da Dumanlı Albion,
O dee, Vestminser sarayı,
Memar Kristofer Renin,
Göz oxşayan binaları,
“Laus Deo”nu oxuyub
Gəzirəm Temza civarı..
Monaya bir mesaj yazdım,
Nüktə dolu, incə-incə,
Tauerdən baxıb sonra
Saraya tərəf gəlincə,
Gördüm, bunun Biq-Beninə,
“Bu gün xadnoydu” yazıblar.

Rəbbim, bizə bəxş etdiyin,
Limitsiz ehsana şükür,
Kainatda yaratdığın,
İlahi sahmana şükür,
Şükür dolu dilə şükür,
Fani olan cana şükür,
Ədlin şimşəktək çaxanda,
Zalımın ahına şükür,
Sitəm dolu bu dünyada
Hüzurun “gah”ına şükür,
Hansı birin sadalayım?
Ona şükür, buna şükür,
Biq-Bənqdən “xadnoy” etməyən,
Rəhim və Rəhmana şükür…
…Şəkkər kimi yuxu idi.
Bir olay oyatdı məni,
“Əmi-əmi” deyib sancan,
Bir əmvay oyatdı məni.
“Vaxseyyy”, işə gecikəcəm,
Deyib yerimdən atıldım,
Tez saçıma şanə çəkdim,
“Samsunq”u əlimə aldım,
…Gördüm ayın bu gününə
“Get yat, xadnoydu” yazıblar.