Azərbaycan dili digər türk dilləri kimi morfoloji quruluşuna görə iltisaqi (aqlütinativ) dillər qrupuna aiddir. Bu dillərin flektiv dillərdən bir fərqi də sözlərin ahəng qanununa tabe olmasıdır. Ahəng qanunu özünü daha çox sözlərdə qalın və incə saitlərin bir-birini izləməsində göstərir ki, bunu da hamımız hələ ibtidai siniflərdən bilirik. Məşhur dilçi alimimiz Əbdüləzəl Dəmirçizadə müasir Azərbaycan dilində ahəng qanununun üç başlıca növünün olduğunu göstərmişdir:
a) saitlər ahəngi
b) saitlərlə samitlərin ahəngi
c) samitlər ahəngi
Sözlərin ahəng qanununa tabe olması dili gözəlləşdirir, nitqı səlis, sözləri və cümlələri musiqili edir. Mənim fikrimcə, türk dilləri içərisində ahəng qanununa ən çox riayət edilən dil bizim doğma dilimizdir. Elə buna görə də bu dildə şeir yazmaq digər dillərə nisbətən daha asandır. (Yeri gəlmişkən, bu, Elza Seyidcahanı bəyənməyənlərə də bir mesajdır).
Dilimiz hətta digər dillərdən alınma sözləri də ahəng qanununa tabe etdirib özününküləşdirə bilmişdir. Buna misal olaraq “nəql” – “nağıl”, “əql – “ağıl”, “aşikar” – “aşkar”, “aşpəz” – “aşpaz”, “bəhar” – “bahar”, “sələvat” – “salavat”, “səlamət” – “salamat”, “aluçə” – “alça”, “faidə” – “fayda”, “qaidə” – “qayda”, “susən” – “süsən”, “vedro” – “vedrə”, “qazeta” – “qəzet”, “maşina” – “maşın”, “maqazin” – “mağaza” və bu kimi bir çox sözləri göstərmək olar.
Belə gözəl və zəngin dili sevməməyə bizim mənəvi haqqımız yoxdur. Son zamanlar başqa dillərdən sözlərin heç bir ehtiyac olmadan gətirilməsi, dilimizdə onların qarşılığının olmasına baxmayaraq cidd-cəhdlə bu yad sözlərdən istifadə edilməsi təəssüf doğurur. Dil canlı orqanizmdir, o, özü-özünü tənzimləyir, təkmilləşdirir, cilalayır, gözəlləşdirir. Dilə yersiz müdaxilələr onu ancaq korlamağa xidmət edir. Onsuz da elmin və texnologiyanın inkişafı ilə əlaqədar olaraq, eləcə də, digər qohum türk dilləri ilə yaxınlaşma nəticəsində dilimizə kifayət qədər yeni söz daxil olmuşdur. Demək, dilə süni nüdaxilələrə ehtiyac yoxdur.
Həmişə dediyim sözləri bir daha təkrar etməkdən yorulmuram: Dünyanın ən gözəl dili Azərbaycan dilidir. Çünki o mənim dilimdir.