- Ədəbiyyat

Cəbrail Həşimov. İvan Bunindən tərcümə

GÖZƏL

Quberniya vergi idarəsinin dul və yaşlı məmuru bir hərbçi rəisin gözəl və cavan qızı ilə evləndi. Kişi qaradinməz və utancaq, qadın isə öz qiymətini bilən idi. Kişi arıq və uzunboylu idi, vərəmli adam təsiri bağışlayırdı, bir az xırıltılı danışırdı, əgər bərkdən nəsə demək istəyirdisə, səsi boğazında ilişir, zilləşir və cırıltılı çıxırdı. Qadın o qədər də böyük deyildi, möhkəm bədəni var idi, həmişə yaxşı geyinirdi, ev təsərrüfatında çox diqqətli idi, uzaqgörən və ayıq-sayıq idi. Kişi bütün quberniya məmurları kimi hər cəhətdən maraqsız bir adam təsiri bağışlayırdı, amma buna rəğmən birinci nikahında da gözəl bir qadınla evlənmişdi – hamı da təəccüb edib, əllərini yelləyirdi: niyə və nədən ötrü bu gözəllər ona ərə gəlirdilər?

Və ikinci gözəl birinci evlilikdən olan yeddi yaşlı oğlana nifrət eləməyə başladı, özünü elə aparırdı, sanki onu heç görmür. Bu zaman ata da arvadının qorxusundan, özünü elə aparmağa başladı ki, elə bil onun oğlu yoxdur və heç zaman da olmamışdır. Təbiətən diribaş və mehriban uşaq olan oğlan onların yanında söz deməyə qorxmağa başladı, çox vaxt tamam gözə görünmədi və heç zaman bu evdə olmamış bir adama çevrildi.

Toydan həmən sonra oğlanı atasının yataq otağından yemək otağının yanındakı üzünə göy məxmər çəkilmiş mebelli kiçik qonaq otağına, balaca divanda yatmağa göndərdilər. O, yuxuda çox narahat olurdu, hər gecə mələfəni və yorğanı üstündən döşəməyə tullayırdı. Tezliklə gözəl xanım qulluqçuya dedi:

– Bu, biabırçılıqdır, o, divanın məxmərini sürtüb zay edəcək. Nastya, onu döşəmədə, dəhlizdəki böyük sandığa qoyduğumuz, mərhum xanımdan qalan döşəyin üstündə yatırın.

Və oğlan bu böyük cahanda tam tənhalıqda, özünün, həqiqətən, sərbəst, bütün evin həyatından ayrılmış xüsusi həyatını – səssiz, başqaları tərəfindən hiss edilməyən, günü-gündən daha da tənhalaşan həyatını yaşamağa başladı; qonaq otağının bir küncündə sakit halda oturur, kiçik yazı taxtasında karandaşla ev şəkilləri çəkir, ya da pıçıltı ilə mərhum anasının aldığı şəkilli kitabı təkrar-təkrar oxuyur, pəncərəyə baxırdı… O, böyük taxta dibçəkdə əkilmiş palma ağacı ilə divanın arasındakı küncdə, döşəmədə yatır. Axşamlar özü yerini rahatlayır, səhər yığışdırıb səliqə ilə bükür, aparıb koridorda anasının sandığına qoyur. Orada onun digər bütün əşyaları da gizlədilmişdir.

28 sentyabr 1940