(DANIŞ, DEYİM, KİMSƏN)
Hər kişi öz dilinin altında gizlənib (Həzrət Əli)
Hər bir insan danışarkən və ya yazarkən özünün bilik səviyyəsini göstərməklə yanaşı, eyni zamanda ədəbini, mədəni səviyyəsini də nümayiş etdirmiş olur. İnsan nə qədər ki danışmır, biz ona xarici görkəminə, geyiminə və davranışına görə qiymət verməyə çalışırıq. Elə ki danışmağa başladı, bəzən görürük ki, əvvəlki təsəvvürlərimiz yanlış imiş. Çünki nitq insanın əxlaqının, savadının, mədəniyyətinin, dünyagörüşünün bütün parametrlərini açıb ortaya qoyur. Bu baxımdan biz danışarkən və yazarkən dilimizin qayda-qanunlarına da riayət etməliyik.
İnsanın mədəni səviyyəsinin əsas göstəricilərindən biri də onun yazılı və şifahi nitqinin gözəlliyidir. Bundan ötrü aşağıdakı iki şərtin olması vacibdir:
- Dilin özünün gözəlliyi, ahəngdarlığı, mükəmməlliyi və səlisliyi;
- Bu dildən istifadə edən insanın bilik səviyyəsi, dildən istifadə imkanlarının genişliyi, yəni dilin fonetik, qrammatik və leksik normalarına bələdliyi.
Azərbaycan dili fonetik, leksik və qrammatik cəhətdən çox zəngin dildir. İltisaqi dillər ailəsinə mənsub olmanın verdiyi imkanlar dilimizi həm gözəlləşdirir, həm də zənginləşdirir. Ona görə də hər bir insan bacardığı qədər danışarkən və yazarkən ədəbi dilin normalarına riayət etməyə çalışmalıdır.
Nitq mədəniyyətinin bəzi tələbləri ictimai, bəziləri isə fərdi xarakter daşıyır. Dilin qayda-qanunlarına əməl etmədən fikrin doğru-düzgün ifadə edilməsi mümkün deyil. Fikrin ifadə edilməsi dil normalarına uyğun olmasa, düzgün anlaşıla bilməz. Bu, nitq mədəniyyətinin ictimai səciyyə daşımasına misaldır. Fərdi səciyyələr isə ondan ibarətdir ki, hamı eyni dərəcədə dəqiq, düzgün və ifadəli danışa bilməz, hiss, emosiya və düşüncələrini eyni dərəcədə səlis çatdıra bilməz. Hər kəs dil vasitələrindən öz savadına və dünyagörüşünə uyğun istifadə edir.
Əgər insan özünü cəmiyyətdə savadlı, mədəni biri kimi tanıtmaq istəyirsə, onda nitq mədəniyyətinin həm ictimai, həm də fərdi məsələlərinə diqqət etməlidir. Hamımızın bildiyi kimi, əgər dil ünsiyyət vasitəsidirsə, nitq ünsiyyət prosesidir. Daha dəqiq ifadə etsək, dil hamıya eyni dərəcədə xidmət göstərir, nitq isə bizim özümüzün qabiliyyətimizdən və səviyyəmizdən asılıdır.
Hər bir insan öz nitqini gözəlləşdirməklə doğma dilinə xidmət etmiş olur. Ona görə də bacardığımız qədər dilimizi yad ünsürlərin təsirindən qorumalı, analarımızın bizə öyrətdiyi bu gözəl dili gələcək nəsillərə belə saf halda çatdırmalıyıq