“Bir rəsmin dedikləri” rubrikasının budəfəki qonağı sənətşünas Vəfa Şəmilovadır. Vəfa xanımla rəssam Asif Azərellinin “Dədə Qorqud” əsəri haqqında danışmışıq.
– Vəfa xanım, əsərin təhlilinə keçməzdən öncə rəssam haqqında qısa məlumat verə bilərsinizmi?
– Azərbaycan təsviri incəsənətinə böyük töhfələr verən sənətkarlarımızdan biri də Asif Azərellidir. Məşhur rəssam öncə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. Çox keçmədən 1976-cı ildə SSRİ-nin Rəssamlar İttifaqının mükafatına layiq görülüb. İstedadı və zirəkliyi ilə seçilən rəssam 1980-ci ildə həm Tbilisi Rəssamlıq Akademiyasını bitirib, həm də SSRİ Rəssamlar İttifaqına qəbul edilib. O, Tbilisidə olarkən Gürcüstanın tanınmış rəssamları – Kornelli Sanatze və Uçeçaparidzedən sənətin incəliklərini öyrənib. Rəssamımızın əsərləri Fransa, Almaniya, İran, Ukrayna, Rusiya, Türkiyə və Özbəkistanda keçirilən sərgilərdə nümayiş olunub.
– Əsərin yaranma tarixçəsi haqqında nə deyə bilərsiniz?
– Ümumiyyətlə, Dədə Qorqud obrazı təsviri incəsənətdə dəfələrlə işlənən mövzulardan biri sayılır. İstər rəssamlar, istər memarlar və karikaturçular tərəfindən çox sayda işlənmiş mövzulardandır. 2000-ci ildə “Kitabi-Dədə Qorqud”un 1300 illiyinə həsr olunmuş müsabiqədə Azərellinin yaratdığı əsər də iştirak edib.
– Əsər indi harada saxlanılır?
– Əsər hazırda Azərbaycan Milli İncəsənət Muzeyində 17 mindən çox eksponatın arasında saxlanılır.
– Azərbaycan rəssamlığında Dədə Qorqud mövzusunda dəfələrlə müraciət olunub. Bu təsvirin digərlərindən fərqi nədir?
– Fikrimcə, bu əsərin digər əsərlərdən ən böyük fərqi Azərellinin arxa fonda verdiyi solğun rənglərlə Dədənin üz ifadəsini eyniləşdirməsidir. Əlvan və zəngin palitrası olan rəssam bu əsərində rənglərin vəhdəti ilə əsərə baxımlılıq gətirib. Bəzən adama elə gəlir ki, onun tablosundakı rənglər dil açıb danışır. Bu mənada o, rəngləri dilləndirən rəssamdır desək, yanlış olmaz. Rəssam tabloda Qorqudu təbiət qoynunda təsvir edib. O, daşların üstündə oturaraq uzaqları seyr edir. Rəssam burada bizə öz duyumunu çatdırır. Buludların rəngi, Dədənin təbiətlə vəhdəti, o cümlədən, onun üz cizgilərinin rənglərlə qarışıqlığı tək sözlə mükəmməldir. Bəzi obrazlardan fərqli olaraq Dədə burada qayğılı və kədərli təsvir olunub. Dədənin üzü işıqlı, səmimi halda bizə çatdırılır. Arxa fonda olan narıncı, sarı buludlar obrazın ümumi halını təşkil edir. Dədənin kədərli əhvalı sanki təbiətdə, göy üzündə solğun rənglərlə əks olunub.
– Əsərin rəng kaloriti haqqında nə deyə bilərsiniz?
– Qeyd etdiyimiz kimi, rəssam çox məharətlə Dədənin əhvalını təbiətdəki rənglərlə ahəngləşdirib. Əsas rənglərdən biri olan ağ rəng bu əsərdə Dədənin geyimindədir. Bu rəng Dədənin əynində olaraq sanki onun müqəddəsliyini, müdrikliyini bizə çatdırmağa çalışır. Əsərin rəng kaloritini mükəmməl saya bilərik, çünki burada heç bir təzad və ya solğun, canlı rənglərin qarışmasını görmürük. Dədənin əhvalı necə kədərlidirsə, elə arxa fon da, bütün rənglər də solğun, qəmli təsvir olunub. Diqqətlə baxsaq, obrazın qara arxalığını da görərik. Bu da sanki qeyblərdən, həmin kədərlərdən xəbər verir. Buradakı təsvirlər, ahənglər, hər bir rəngin mənası tamaşaçını öz bədii təsirində uzun müddət saxlaya bilir. İki əliylə qopuzdan yapışmış Dədənin məğrur düşüncələri, uzaqları seyr etməsi əsərin ümumi təşkili ilə vəhdətləşir. Azərelli tərəfindən çəkilmiş Dədə obrazı dastanlardakı ağ geyimli, qeybdən soraq verən, bir az da möcüzələr yaradan övliyalara, müdriklərə bənzəyir.
– Əsərin kompozisiyası necədir?
– Əsərdə arxa fonda təsvir olunan yüksək dağ, Dədənin üzərində əyləşdiyi qayalar, əlindəki qopuz əsərin kompozisiyasının dəqiq olduğunu göstərir. Mahir rəssam Dədəni elə bir mövqedə çəkib ki, arxa fondakı rənglər hamısı aydın görünə bilir. Əsərdə tək, əsas obraz var və rəssam bunu bədii şəkildə ifadə edə bilib. Dədənin əlindəki müdrikliyi ifadə edən qopuzu və arxadakı müqəddəs dağı eyni anda görə bilirik. Azərellinin kompozisiya ustalığı burada rənglərin, hadisələrin ayrı-ayrı dağınıq ünsürlərini vahid bir halda birləşdirə bilməsidir. O, hər bir incə detalı elə işləyib ki, əsərdə naməlum ünsürlər olsa da, rəsm gerçəkliyini, bir-biri ilə üzvi surətdə bağlılığını itirməyib. Rəssam kompozisiya qanunlarına uyğun olaraq baş obrazı ictimai-tarixi şəraitdən kənarda deyil, əksinə, həmin şəraitlə əlaqədə göstərib. Yəni Dədəni Oğuzların yaşadığı gözəl təbiətdə əks edib.
– Bu rəsm bizə nə deyir?
– Qorqud türk xalqlarının, xüsusilə, oğuz tayfalarının bədii təfəkküründən doğan folklor incisidir. Bu mövzunu işləyən hər bir sənətkar Dədə obrazını özünə uyğun, öz duyumu ilə işləyib. Dədə Qorqud oğuzların başbiləni, ağsaqqalı olub. Hər bir əsərdə bizə bunu çatdıra bilən sənətkarlarımız çox gözəl işlər ərsəyə gətiriblər. Bəzi əsərlərdə sevincli, kədərli, bəzən təbiətdə, bəzən qayalıqlarda, bəzən el mərasimlərində təsvir olunan Dədə Qorqud Azərbaycan təsviri incəsənətinin ən qədim və milli şah əsərinin baş obrazıdır. Azərellinin yaratdığı obraz, oradakı rənglərin ahəngi izləyicini özünə çəkə bilir. Və rəssam burada izləyiciyə oğuzların yaşadığı təbiəti, Dədənin qopuza bağlılığını, onun arxasındakı nəhəng dağın möhtəşəmliyini çatdırmağa çalışıb.
Aytac SAHƏD