- Ədəbiyyat

Dedin, nə dedi

Qasım bəy ZAKİR

Badi-səba, mənim dərdi-dilimi
Ol büti-zibayə dedin, nə dedi?
Ahu-naləm asimana yetdiyin
Gərdəni minayə dedin, nə dedi?

Düşüb ayağına sən o zalımın,
Söylədinmi necəliyin halımın?
Onun həsrətindən rəngi-alımın,
Döndüyün heyvayə dedin,nə dedi?

Görsə idin,varmı məni bimarə,
Nüsxeyi-hüsnündə onun bir çarə;
Dildə iztirabə,təndə buxarə,
Sərimdə sevdayə dedin,nə dedi?

Qəm əlindən payi-bəstə olduğum,
Hal pərişan,dil şikəstə olduğum,
Bəstəri-möhnətdə xəstə olduğum,
Gözləri şəhlayə dedin,nə dedi?

Sərasər fələyin şəmsü mahına,
Tamam yer üzünün qibləgahına,
Zakirin əhvalın xublar şahına
Ağlaya-ağlaya dedin,nə dedi?