- Dil, Manşet

DEFİS ilə TİRE-nin işlənmə məqamları – eynilik, yoxsa səhv?

Punktasiyadan danışarkən müəlliflər nədənsə defisdən də tire ilə yanaşı söz açırlar. Bu, çaşqınlıq yaradır, ya defisi durğu işarəsi, ya da tireni fonetik ünsür kimi dəyərləndirməyə şərait yaradır.

Defis söz yaradıcılığında əsas amillərdəndir. Söz yaradıcılığına xidmət edir, ona görə digər müəlliflərdən  fərqli olaraq sözlərə morfoloji bölgülərinə görə yanaşmadıq. Zənnimizcə, bu, qaydalar sisteminin daha yadda qalan olmasına xidmət edəcəkdir. Mürəkkəb sözün leksik vahid kimi var olması hamıya məlumdur. Defis də yeni sözların — tərkib xarakterli mürəkkəbliyin yaranmasında iştirak edir. Defisin işləndiyi məqamlarda  tələffüz sabtliyi müşahidə olur, Dilçi alim, professor Ə. Dəmirçizadə öz mühazirələrində vurğulayırdı ki, “defislə yazilan sözlərdə söz vurğusu əlli-əlliyə bölünür.”(1965-ci il. Mühazirə mətnləri) Tələffüzdə fasiləsizlik defisi şifahi nitqdə durğu işarələrindən fərqləndirir.

Dilçilik ədəbiyyatında orfoqrafik işarə kimi təsdiqini tapan defis yazılı nitqdə işləndiyi məqamda digər səslər kimi məsafəsiz yazılır.

I.Defis mürəkkəb sözlərın əmələ gəlməsində iştirak edir:

  1. a) Sinonimlərin birləşməsində: gözəl-göyçək, güllü-çiçəkli və s.
  2. b) Antinimlərin birləşməsində: alış-veriş, gecə-gündüz, aşağı-yuxarı, var-yox, az-çox və s.
  3. c) Eyni sözün təkrarı zamanı: şirin-şirin, duzlu-duzlu, yaxşı-yaxşı və s.
  4. d) İşlənmə yerinə görə yaxın mənalı sözlərin birləşməsində: əl-ayaq, arvad-uşaq, yorğan-döşək, naz-qəmzə, od-alov, qab-qaşıq, çəngəl-bıçaq, iş-güc, təhvil-təslim və s.
  5. e) Yaranma mənbəyinə görə yaxınlığı olan sözlərin birləşməsində: nəvə-nəticə, səs-küy, səs-səda, qurd-quş, mal-qara, mal-qoyun, öküz-araba və s.
  6. f) Verbal yazılmış saylardan düzələn, qeyri dəqiqlik bildirən mürəkkəb saylarda: bir-iki, üç-beş, otuz-qırx, yüz-yüz və s.
  7. g) Əvəzliklərdən düzələn ümumilik bildirən sözlərdə: biz-siz, mən-sən, o-bu və s.

h)Birinci tərəfi -dən, ikinci tərəfi -ə şəkilçisi qəbul edib mürəkkəbləşən sözlərdə (belə məqamlarda saylar öz say xüsusiyyətlərini itirir: sinifdən-sinfə, ölkədən-ölkəyə, birdən-birə, birdən-ikiyə

  1. i) Təkrar olunarkən bir tərəfi müəyyən dəyişikliyə uğrayaraq leksik məna bildirməyən və ya tərəflərindən biri, bəzən də hər ikisi ayrılıqda məna verməyən leksik vahidlər mürəkkəb söz yaradarkən sözlər arasında: ala-bula, qara-qura, ağac-uğac, taxta-tuxta, dolma-molma, toyuq-moyuq, çoban-çoluq, kəndçi-küntçü, dedi-qodu, yara-xora, kol-kos, geyim-keçim, pal-paltar, sir-sifət, sür-sümük, çör-çöp, adda-budda, qarma-qarışıq, kələ-kötür və s.
  2. k) Eyni nitq hissəsinə aid olan müxtəlif mənanlı leksik vahidlərin yanaşmasından əmələ gələn mürəkkəb sözün yaranmasında: açıq-aydın, açıq-aşkar, elə-belə, zor-güc, kor-peşman, ora-bura və s.
  3. m) Məfkurə bildirən sözlərin birləşməsi zamanı: inqilabçı-demokrat, sosial-demokrat, burjua-demokratik və s.
  4. n) Müxtəlif mənada işlənib, tərkib daxilində bir məfhum ifadə edən sözlər birləşərkən: alim-geoloq, inqilabçı-yazıçı, kapitan-leytenant, kafe-restoran, general-qubernator, general-leytenant, general-mayor və s.
  5. o) Yaxın məna bildirən çox vaxt müxtəlif dillərdən alınma söslərin birləşməsi zamanı: kin-küdurət, xəbər-ətər, dava-dalaş, söz-sohbət, yaxşı-yaman, ah-fəğan və s.
  6. p) Təkrarlanma ilə düzələn, ikinci tərəfi mənsubiyyət şəkilçisi qəbul edən mürəkkəb sözün tərəfləri arasında: bir-biri, kim-kimsəsi, və s.
  7. q) Mürəkkəb tərkib düzəldən qeyri sözündən sonra: qeyri-məhsuldar, qeyri-müəyyən, qeyri-ciddi, qeyri-dəqiq və s.
  8. r) Bəzi klassik muğam adlarını bildirən tərkiblər: bayatı-qacar, bayatı-əcəm, bayatı-isfahan, bayatı-kürd, segah-zabul, bayatı-şiraz, mahur-hindi və s.
  9. s) Hər iki tərəfi-maz, -məz və ya –ar,-maz şəkilçisi qəbul etmiş sözlər arasında:

bitməz-tükənməz, dinməz-söyləməz, gələr-gəlməz, görər-görməz və s.

  1. j) -ıb4 şəkilçili sözlərlə birləşərək mürəkkəbləşənlər arasında: bəzənib-düzənmək, itib-batmaq, qaçıb-gəlmək, varıb-getmək və s.
  2. t) -a, -ə, (-ya, -yə,) şəkilçili sözün təkrarından əmələ gələn mürəkkəb sözlər arasında: qaça-qaça, bilə-bilə, gülə-gülə, ağlaya-ağlaya, oxuya-oxuya, işləyə-işləyə, sürüyə-sürüyə və s.
  3. u) İzafət birləşmələri zamanı: vəsfi-hal, nöqteyi-nəzər, tərzi-hərəkət, tərcümeyi-hal və s.
  4. v) Ölçü vahidlərini bildirən sözlər mürəkkəblik yaratdıqda: qram-kalori, qram-ekvivalent, kilovat-saat, kilometr-saat və s.
  5. w) Cəhətlər arasını bildirən sözlər arasında:cənub-qərb, cənub-şərq, şimal-qərb, şimal-şərq və s.
  6. x) Qarşılıqlı münasibət bildirmək məqsədi ilə sözlərin birləşməsi məqamlarında: Azərbaycanca-rusca (lüğət), Rusca-Türkcə (lüğət), Rusiya-Azərbaycan (münasibətləri), Türkiyə-İran (əlaqələri) və s.
  7. z) Konkretləşməni ifadə edən rəqəmlərlə qisaltmanı təşkil edən hərflər arasında. İL-18, QAZ-51, TU-144, və s.

 

  1. Xüsusi hallarda

Belə məqamlarda defis orfoqrafik işarə xüsusiyyətini itirir, texniki fəaliyyət göstərir.

  1. a) Sətirdən sətrə heca keçirərkən: kö-məkçi, yeni-lənəsi
  2. b) Sözü hecalara bölərkən: ka-sıb-la-maq
  3. c) “%” işarə ilə yazıldıqda şəkilçidən əvvəl: məhsulun 10%-i
  4. d) Səs təqlidləri arasında: tıq-tıq-trıqq
  5. f) Qısaldılmış sözlərlə şəkilçi arasında: AMEA-nın, BMT-də
  6. g) Ərəb rəqəmi ilə yazılan saylarla şəkilçi arasında: 5-ci, 6-cı
  7. h) Ayrıca yazılan şəkilçinin əvvəlində: -an2, -cı4, -lar2, -mı4, -dı4 və s.
  8. i) Sifətin dərəcəsini düzəldən sözlərlə sifət arasında: tünd-göy, al-yaşıl və s.
  9. j) Alınma ön şəkilçi ilə bəzi sözlər arasında: anti-Rusiya, anti-Azərbaycan və s.

 Tire özünə məxsus xüsusiyyətlərə malik olan durğu işarəsıdir. O, sintaksisin tədqiqat obyektidir. Tire ilə defisin formaca oxşarlığı onların işarəsinin üfiqi düz xətdən ibarət olmasıdır. Lakin tire yazıda iki defis həcmində işarələnir. Tirenin işləndiyi məqama görə müxtəlif həcmli intonasiya və fasiləyə malik olması da onu defisdən fərqləndirən amillərdəndir. Defislə tirenin ortaq məqamı da var. Belə ki, 1) oxunmasının ideoqrafik yazıların oxunuşuna əsaslanması, 2) rum rəqəmi ilə yazılan, mürəkkəbləşməsinə baxmayaraq, müəyyən məsafəli dövrü ifadə edən saylar arasında  tire yazılması. Məs.: XX—XXX əsrlər, rəqəmlərin arasında zaman məsafəsi var, tire burada iyirmi ilə otuz arasındakı rəqəmləri də ifadə edir. Ona görə də belə rum rəqəmlərinin arasında  tire işlənir. Amma bu, tirenin daşıdığı vəzifəyə ziddir, yəni o, burada durğu işarəsi deyil.

QEYD: Biz, ümumiyyətlə, ardıcıl tarixi bildirərək mürəkkəbləşən sayların rəqəmlə    yazılmasını məqbul saymırıq, çünki onlar bütün hallarda bir suala cavab verir və verbal yazılmalıdır. Verbal olmayan yazılışı qəbul edən müəlliflər isə “mürəkkəb ədəd” ifadəsinin riyaziyyatdakı anlamına görə rəqəmlər arasinda defis yazmağı qəbul etmir, məsafəsiz tire yazılmasını düzgün hesab edirlər. (5-6, v-vı yox, 5—6, v–vı). Hər iki halı uyğunsuz sayırıq.

Aşağıda tire işarəsinn işləndiyi məqamları xarakterizə etmək nəzərdə tutulur. Bu məqamda bizdən əvvəl bu mövzuda yazan mötəbər dilçilərimizə istinad edəcəyik.

 

  1. Qabarıq nəzərə çarpdırmaq üçün əlavə, xüsusiləşmə və ümumiləşdi sözlərdə.

Qeyd etmək lazimdir ki,ümumləşdirici sözlərdə daha çox qoşa nöqtə işlənir.

  1. Əlavədən əvvəl: 1. Digər bir qatar – Bakı–Moskva qatarı ağır-ağır tərpənib uzaq yola çıxdı.(S. Qarayev) 2. Jan Valjan zirzəmiyə — tağlı, rütubətli, qirmızı kaşı döşəməli, lazım olanda ərzaq damı istifadə edilən bir otağa girdi. (V. Hüqo)
  2. Sadalanan üzvlərdən əvvəl gələn ümumiləşdirici sözdən sonra (burada qoşa nöqtədən də istifadə oluna bilir.): 1. Hamısı – bələdiyyə işçiləri, icra hakimiyyəti, məhkəmələr xalqa xidmət etmək üçündür.
  3. c) Sadalanan üzvlərdən sonra gələn ümumiləşdirici sözdən əvvəl: Saralmış yarpaqlar arasından alma, armud, nar – bağda olan meyvələr sanki adama naz edirdilər.
  4. e) Cümlənin ortasında işlənən ara cümlələrin hər iki tərəfində tire yazıla bilir: Çomağa söykənmiş çoban – o, sanki təbiətin seyrinə çıxmış şair idi. – gözlərini uca dağların yamaclarına zilləmişdi.
  5. f) Xüsusiləşən əlavələr, dəqiqləşdirici sözlər və söz sırasının pozulması ilə yaranan xüsusiləşmələr əsas üzvdən tire ilə ayrılır. (vergüllə də ayrıla bilər): 1. Britaniya nümayəndəsi 7 iqlim basa-basa burada – Azərbaycanda nə qələt edir? (B. Xəlilov), (Cümlədə tire “burada” və “Azərbaycan” sözlərini yük bərabərliyini ifadə edir.) 2. Bir aya bənzədi – camalı solğun, Bir qıza bənzədi – gözləri dolğun. ( S. Vurğun)
  6. Vasitəsiz nitqdə

Dialoqda hər adamın replikası yeni sətirdən verilir və ondan əvvəl hər bir halda tire yazılır.

  1. Vasitəsiz nitq dialoq şəklində verildikdə dırnaq lazım olmur, vasitəsiz nitqdən əvvəl tire, sonra vergül və tire qoyulur, bu məqamda müəllifin sözləri olmaya da bilər. (−V, − m. və ya –V.)
  2. Pisə pis deyərlər. Onların yaxşı əməli var ki danışaq? – Cavanşir dedi.

                        — Yaxşisi yoxdursa, pisini də deməyin,– Memati dedi. (S.Qarayev)

  1. – İcazə verin , mən də bir arzu deyim.

                         — Buyurun. (S.Qarayev)

  1. Bəzən dialoqlarda müəllifin sözləri vasitəsiz nitqin arasına girir, bu zaman vasitəsiz nitqdən əvvəl tire, sonra vergül + tire və vasitəsiz nitq işlənir. (− V, − m. − V.) (sondakı durğu işarəsi cümlədən asilidir.)

– Heç kim, ikimizik. Bu gün ikimiz təkik, — Nərmin Əlinin gözlərinə baxa-baxa dedi. – Zarafat edirəm, Qumral… (S.Qarayev)

  1. Vasitəsiz nitq müəllifin sözlərinin arasında işlənərsə və ya müəllifin sözləri də həmin cümlədə eyni zamanda vasitəsiz nitqi bölərsə,onda durğu işarəsi verilmiş qayda üzrə sıralanar:(M: − V, − m. və M: − V, − m, − v.) Jan Valjan: — Mən aşağıda dayanacağam, — deyə cavab verdi. 2. Şəbnəm sakitcə dedi: — Axı, mən anamı çox sevirəm,– doluxsunub sözünə davam etdi, — onu çarəsiz görmək çox ağırdır.
  2. e) Vasitəsiz nitqin davamı ara cümlə olduqda ondan əvvəl də tire yazılır: (–V,– A.c. , — m.)

Onsuz da fərqi yoxdur. ”Oyun qurtaranda şah da , piyada da eyni qutuya girərlər”, — bu da İtalyan atalar sözü, — Əli gülümsəyərək dedi.

Qeyd: Yuxarıda qeyd etdiyimiz nümunələrdə şərti hərfin böyük-kiçik olması nitqin hissələrinin başlanğıc hərfinin böyük-kiçikliyini ehtiva edir.

  • Cümlə və cümlə üzvlərinin müxtəlif hallarını daha aydın, tələffüzə uyğun köstərmək üçün:
  1. Mübtəda ilə xəbər arasında morfoloji bağ yoxdursa komponentlər arasında tire yazılır: (mən – kolxozçu, sən – həkim, bizimki tutmaz, oğlan. (mahnıdan) (mən kolxozçuyam, sən həkimsən…)
  2. Təyin təyin olunandan sonra gədikdə ondan əvvəl tire yazılır:

Bakı – gözəl şəhər! Göylər – lacivərd!

  1. İkinci komponenti birincini tamamlayan, aydinlaşdiran, səbəb-nəticəsini bildirən mürəkkəb cümlələrdə digər durğu işarəsi və bağlayıcı işlənmədikdə tire yazılır: Ağartıya, yavanlığa pul vermirik – inəyin südü bizi görür.(S.Əhmədov) Anam dükana-bazara getməzdi – hər şeyi atam alardı.
  2. Mürəkkəb cümlənin tərəfləri arasında ziddiyyət əlaqəsi olduqda, bir hissədə qoyulan suala ikinci hissədə cavab verildikdə və ya “var”, “yox” sözləri təkrar olunduqda bağlayıcı yazılmırsa, tire qoyulur:   Desəm – öldürərlər, deməsəm – ölərəm. (xalq deyimi) 2.  Sənə tapşırdığım işi yerinə yetirdin? – Yetirmədin!   3. İnək var – çox süd verir, inək var – yaxşı bala verir.   İşləməyə təpərin var?—Yox!          
  3. Elliptik cümlələrdə xəbərlik şəkilçisi yazılmadiqda, verilmiş fikrə müəllif emosionallığı ifadə olunduqda, dialoqda “bəli”, “yox” sözləri xəbər əvəzində işlənibsə, məlum vahidlərdən əvvəl tire yazilir. Üç dəfə beş – on beş, 2. Sinfi düşmənə kömək edən müzür ünsürlər qırılmalıdı — vəssalam. (İ.Şıxlı)
  4. — Moskvaya gedəcəksən?

   — Bu ay – yox, gələn ay – bəlkə də.. (S.Qarayev.)

  1. Mətndə verilən bəzi yarımbaşlıqlardan sonra tire yazılır: Məs.: Mötərizə — daha cox ara və əlavə cümlələrlə bağlidir… (Q. Ş. Kazımov)
  2. Şəxs şəkilçiləri buraxılmış xəbər “budur” sözü ilə dəqiqləşdirildikdə həmin sözdən əvvəl tire yazılır.Məs.:Al, mənim gəldiyim nəticə! – Budur.

 

  1. Digər hallarda

Bu zaman işləndiyi məqama tire işarəsinin fasilə, ayırmaq kimi heç bir müdaxiləsi yoxdur, sanki tarazlıq məqsədi daşıyır.

  1. Nəzəriyyə, təcrübə, qanun, ideya iki və daha çox şəxsə aiddirsə ifadə edən sözlər arasında: Cuol – Lents , Cuol —Tomson təcrübələri
  2. Zaman, məkan və kəmiyyət hüdudunu bildirən iki söz arasında XX – XXX (əsrlər), 

      Bakı – Təbriz (qatarı), 25 – 30 səmərələşdirici təklif,

  1. Dram əsərlərində personajların adından sonra, məlumatdan əvvəl tire yazılır:

Məcid əfəndi – mətbəə müdiri.

Əşrəf – onun oğlu və s. (H.Cavid)

  1. Müəyyən hadisələrin başlanğıc və bitmə zamanını bildirkmək üçün mötərizədə yazılan tarixlər arasında məsafəli tire yazılır. Məsələn: Böyük Vətən müharibəsi (1941–1945). M.Ə. Sabir (1862–1911).

Qeyd: Tire işarəsinin işlənməsində bəzən məhdudluq da ola bilir. Biri müsbət, digəri mənfi olan ədədlərin arasında tire işlənə bilmir, üç ardıcıl nöqtə yazılır:  -8… +5oS

Defis və tirenin işlənmə məqamlarını şərh edərkən daha lakonik, daha sadə, daha dəqiq olmasını nəzərdə tutmuşuq. Yuxarıda qeyd etdildiyi kimi, müəlliflərin fikrinə əsaslanmış, bəzən hətta dəqiq fikirlərdən olduğu kimi istifadə etmişik. Yəni bir elmi məqalə yox, ehtiyac hiss edənlərin istifadəsi ücün defis və tire haqqında sadələşdirilmiş bir yazı təqdim edirik.Tam yenilik olmasa da istər defisin, istərsə də tirenin işlənmə məqamlarını istifadəni asanlaşdırmaq məqsədi ilə qruplaşdırmağa cəhd etmişik. Kiminsə istifadəsinə yarasa, çox məmnun olarıq.

                İstifadə olunmuş mənbələr:

  1. Z. İ. Budaqova “Azərbaycan dilində durğu işarələri” Bakı, 1977
  2. Q. Ş. Kazımov “Müasir Azərbaycan dili” Sintaksis. Bakı, “Təhsil”, 2014
  3. B. Xəlilov “Müasir Azərbaycan dili” Sintaksis. Bakı, “Adiloğlu”, 2017

4.N.Q. Pələngov “Müasir Azərbaycan dilinin normativ punktuasiyası” Bakı, “Elm və təhsil”, 2022

 Sima CƏFƏROVA