Seyid Əzim ŞİRVANİ
Dustlər, mən görən ol dilbəri-ziba kim idi?
Dağıdan gül üzünə zülfi-mütərra kim idi?
Mən ki, bihuş düşüb, görcək özümdən getdim,
Siz ki, huşiyardız-ol afəti-dünya kim idi?
Nə könül qoydu nə can məndə, nə səbrü nə qərar,
Etdi qarət məni-ol şahidi-yəğma kim idi?
Ol üzü cənnəti mən bilməsəm adəm deyiləm,
Ləbi Kövsər, üzü gül, qaməti Tuba kim idi?
Dustlər, dün gecə kim, məsti-meyi-vəhdət idik,
O bizə saqi olan yari-dilara kim idi?
Doldu ənvari-məhəbbətlə genə sinə bu gün,
Göstərən vadiyi-Siynadə təcəlla kim idi?
Bu nə bəhcət, nə səfadır, nə sürurü nə bəha,
Sizi tari o nigari-fərəh-əfza kim idi?
Kimdi bu məclisi-ürfanı bu şurə gətirən,
Dövri-sağərlə verən badeyi-səhba kim idi?
Gəldi göftarə ləbi, aləmi əhya elədi,
Bu necə ruh idi, aya bu Məsiha kim idi?
Çeşmi-Qibti nə bilir xilqəti Harun sirrin,
Nə bilir dəhrdə Fir’oniki, Musa kim idi?
Olmasan badiyeyi-eşqdə Məcnun əgər,
Bilməsən hiç ki sən, ol həzrəti-Leyla kim idi?
Nəfsi-vahiddən əgər mətləbə olsan vaqif,
Bilisən onda ki sən, Adəmü Həvva kim idi…
Həq zühurunda hələ yolda qalıbdır iki göz
Bəs o Həqq məzhəri ayineyi-ülya kim idi?
Qürrətül-eynüvə ömründə degilsən vaqif
Görə bilməz ki camali-Həqə bina kim idi?
Bu səri-çeşmə əzəldən bulanıb ey qafil,
Gör kimə tabe olursuz, sizə mövla kim idi?
Neçə gün aləmi-nasutə gəlib oldu müqim,
Heyf ki, bilmədilər Seyyidi-rüsva kim idi?