- Ədəbiyyat

Naturalizm

Şüurlu surətdə ədəbi obrazın fərdiliyinə meyl XIX əsrdə Fransada realizmin naturalizm deyilən bir qolunun yaranmasına gətirib çıxardı. Naturalistlər realist yaradıcılıq üçün ədəbi materialın və obrazın fərdiliyinin prinsipial xarakterini nəzərə alaraq rəssamlıqda naturadan şəkil çəkmə prinsipinə bənzər bir ədəbi təsvir üsuluna meyl etməyə başladılar. Bir sıra fransız realistləri yazıcıdan obyektivlik, elmilik və s. tələb edirdilər. Bunlar da tarixilik məsələsinin aspektləri idi. Naturalizmin ədəbi manifestini 1880-ci ildə Emil Zolya “Eksperimental roman” adı ilə çap etdirdi. Buradakı eksperiment anlayışı o zaman darvinizmin əsas üsulu olan canlı müşahidəni əks etdirirdi. Belə müşahidə konkret və fərdi faktın həm bədii, həm də elmi mənasını ortaya qoyurdu . Yeni cərəyan Avropanın digər ölkələrində də özünə tərəfdarlar tapdı. E.Zolya müəyyən tibbi və genetik fərziyyələri təsvir edən, tibbi eksperimenti proses kimi təsvir edən əsərlər də yazmışdır.

Naturalistlər həm də coşqun inkişaf edən təbiətşünaslığın, xüsusilə darvinizmin müşahidə yolu ilə təbiəti öyrənmək metodunun təsiri altında idilər. Onlar da obrazın, xüsusilə insan obrazlarının dəqiq təsvirini, müşahidə vasitəsi ilə göstərilməsini, hətta fərdlərin genetik xüsusiyyətlərini belə dəqiq qələmə almağı tələb edirdilər. Təbiət mənasına gələn natura sözü də bununla əlaqədar idi. Ədəbi təsvirin dəqiqliyi elmi fakt dəqiqliyi ilə müqayisə olunurdu və yazıçıdan elmi obyektivlik tələb edilirdi.

Naturalizmin əsas prinsipindən — həyati konkret müşahidə ilə öyrənmək və göstərmək prinsipindən Balzak da istifadə etmişdi və bu yolla böyük məhsuldarlığa nail olub doxsandan artıq roman yazmışdı. Lakin Balzak üçün həmişə bədii ümumiləşdirmə üsulu daha əsas idi. O konkret müşahidələrdəki ən fərdi, ünvanlı cəhətləri atırdı. Lakin Emil Zolya və onun davamçıları canlı müşahidəni məqsədə çevirirdilər. O özü şaxtaçıların həyatını öyrənib ən yaxşı romanlarından birini “ Jerminal” əsərini yazmışdı.

Əlbəttə, naturalizmin proqramında və təcrübəsində ədəbiyyatın inkişaf tarixi üçün mütləq yenilik yox idi, bu realizmin ümumi inkişaf məcrası daxilində olan bir hadisə idi. Emil Zolya sadəcə öz zəmanəsində coşqun inkişaf edən elmi prinsip və informasiyadan, elmin nəticələrindən ədəbi yaradıcılıqda istifadə etməyə çağırırdı. Bu isə əslində onun həyata qiymətləndirici münasibətinin Balzaka nisbətən yoxsulluğunu doldurmaq üçün idi. Bu mənada naturalizm realizmin tarixi inkişaf üsullarından və yollarından biridir və öz proqramı və prinsipi ilə dünyanı ədəbi təsvirin əsas fundamental əlamətinə — dünyanı fərdi görümdə təsvir prinsipinə bir qədər zidd idi. Aydındır ki, naturalistlər elmin nailiyyətlərindən istifadə yolu ilə özlərinin dünyaya qiymətləndirici münasibətlərini fərdiləşdirmək üçün istifadə edirdilər.

Naturalizm çox inkişaf etmədi: çünki onun təsvir prinsipi naturalistlərdən əvvəl də, onlardan sonra da olmuşdur. Sosialist realizmində, bədii publisistikada, sənədli kinoda, foto sənətində, neorealist kinoda naturadan təsvir prinsipindən geniş istifadə edilmişdir və edilir. Müasir bədii kinoda müəyyən fərdi tibbi xəstəlik tarixçələrini ssenariləşdirən kino janrı da naturalist sayıla bilər. Əslində hər bir yazıcı az-çox naturalistdir. E.Zolya öz naturalistliyini prinsip kimi təbliğ edirdi, amma sonralar yazıcılar bu təbliğatda aktual məntiq görmədilər.


Müəllif: tənqidçi Rəhim Əliyev
Mənbə: “Ədəbiyyat nəzəriyyəsi” kitabı, Bakı, 2008