- Dil

Durğu işarələri

Qəzənfər KAZIMOV, professor

Dilçiliyin durğu işarələrindən bəhs edən bölməsi ümumiləşmiş şəkildə punktuasiya (latınca punktum sözündən olub, nöqtə deməkdir) adlanır. Punktuasiya durğu işarələrindən istifadə qaydalarının cəmi olub, orfoqrafiya və kalliqrafiya ilə birlikdə yazı qaydalarının nizama salınmasında xüsusi qiymətə malikdir.

Durğu işarələri dilin qrafik sistemində mühüm yer tutur, hərflərlə, rəqəmlərlə və bir sıra digər vasitələrlə (vurma, bölmə, paraqraf işarələri və s.) verilə bilməyən cəhətlərin ifadəsinə xidmət edir. Yazılı nitqin düzgün formalaşmasında durğu işarələrinin böyük rolu vardır. Mətnin düzgün anlaşılmasına kömək etməklə mühüm kommunikativ funksiya daşıyır.

Punktuasiyanın əsaslarının izahında üç meyl, üç istiqamət vardır: bə’ziləri mə’naya, bə’ziləri sintaktik quruluşa, bə’ziləri intonasiyaya əsaslanır.

Birinci halda durğu işarələrinin işlədilməsi mətnin mə’nalı hissələrə bölünməsi ilə bağlı izah edilir; ikinci halda cümlənin sintaktik quruluşu, üçüncü halda nitqin ritmik-melodik axını, vurğu, fasilə və s. əsas götürülür.

Şübhəsiz, durğu işarələrinin işlədilməsi qeyd edilən meyllərin hər üçü ilə – mə’na, sintaktik quruluş və intonasiya ilə əlaqədardır. Lakin aydındır ki, cümlənin quruluşu da, intonasiyası da müəyyən məqsədlə, mə’nanın ifadəsi ilə bağlıdır. Ona görə də durğu işarələrinin işlənməsində mə’na məsələsi həlledici amil sayılır.

Əksərən üç cəhət birgə fəaliyyət göstərsə də, bə’zən bunlardan biri digərinə nisbətən üstün mövqeyi ilə diqqəti cəlb edir. Bir sıra hallarda durğu işarələrinin işlədilməsinin intonasiya ilə heç bir əlaqəsi olmur; məsələn, vasitəsiz nitqin dırnaqda verilməsi, sitatlarda ixtisarların üç nöqtə ilə göstərilməsi, müxtəlif emosiyaları çatdırmaq üçün mö’tərizə içərisində sual işarəsi, nida işarəsi qoyulması və s.-in intonasiya ilə əlaqəsi yoxdur və ya çox zəifdir. Mən bilirəm, sən nə demək istəyirsən – tipli cümlələrdə bilirəm sözündən sonra pauza olmadığı halda, mə’nanı və sintaktik quruluşu nəzərə alaraq vergül qoyuruq.

Sintaktik quruluş özü də mə’nadan asılı olur. Sintaktik quruluş yazıçının fikri mə’nalandırma bacarığına əsasən formalaşır, cümlənin üzvlənməsi, yə’ni onun sərhədlərinin müəyyənləşməsi müəllifin fikirləri necə əlaqələndirmək istəyi ilə bağlı olur.Aşağıdakı cümləyə diqqət yetirək:

Və Mehdi lap indicə kəşf eləmişdi ki, “bir saitlə bir samitin birləşməsindən” də təzə rəng yarana bilər. Və sən demə, bu sait və samit səslər əgər birləşməsəydi, onda (nə az, nə də çox!) dünyada rənglərin müvazinəti pozulardı: əgər səslər yalnız samitlərdən ibarət olsaydı, – günəş hər şeyi yandırardı, işıqdan göz qamaşardı, hirsindən, acığından insanlar da, heyvanlar da bir-birini qırıb qurtarardı; əgər səslər yalnız saitlərdən ibarət olsaydı, onda bunun təxminən əksi alınardı: hava həmişə soyuq olardı, gecə-gündüz yağış yağardı,; nə rəngbərəng güllər açardı, nə cürbəcür quşlar oxuyardı… (Ə.Əylisli)

Balaca Mehdinin xəyal dünyası son dərəcə lirik, poetik və işıqlıdır. Səslərin qovuşmasında dünyanın rəng çalarlarını görür. Saitlərlə samitlərin əlaqəsi olmasa idi, dünya indiki kimi olmazdı, çiçəklər açmaz, quşlar oxumazdı. Əslində, bu, elə həqiqətdə də belədir: insan müxtəlif səslərin birləşməsi ilə söz yaradıb ünsiyyətə girməsə idi, insan üçün təbiət də belə mə’nalı, gözəl ola bilməzdi, insan insan olmazdı. Söz bunlarda deyil. Söz ondadır ki, müəllif Mehdinin düşüncəsinin komponentlərini sıx əlaqələndirmək üçün durğu işarələrinin semantik imkanlarından bacarıqla istifadə etmişdir. Müəllif pozulardı sözündən sonra nöqtə də qoya bilərdi, lakin uşaq fikrinin əlaqə və sür’əti ləngiyə bilərdi. Sonrakı əgər sözündən əvvəl işlənmiş nöqtəli vergülü də nöqtə ilə əvəz edə bilərdi, lakin yazıçının uşaq təfəkküründə fikirləri əlaqələndirmə sür’əti nöqtənin nöqtəli vergüldən daha çox tələb etdiyi pauza ilə qırıla bilərdi, emosional düşüncə sür’tini itirib zəifləyə bilərdi.

Bu cür hallara baxmayaraq, əksərən durğu işarələrindən istifadə mə’na, sintaktik quruluş və intonasiyanın birgə tələbi əsasında reallaşır, hər üç cəhət birlikdə fəaliyyət göstərir. Məsələn:

Bu zaman göylər qeyzlə guruldadı. İldırım çaxaraq qoca dağın şiş təpəsini parçaladı. Sular qayalara çarparaq hiddətlə səsləndi. Dərələr uğuldadı. Muğan titrədi. Onun gözəli gedirdi… (İ.Əfəndiyev) – mikromətnində durğu işarələrindən hər üç cəhətə əsasən istifadə edilmişdir. Hər bir cümlənin sonunda səs alçalır, cümlə fasiləsi ilə kəsilir və nöqtə qoyulur. Bu cümlələrin hər birinin mə’nası və qrammatik əsası vardır. Son cümlədən sonra üç nöqtə qoyulması təbiətin həyəcanlarının müəllif dediklərindən daha çox olduğunu təsəvvür etməyə imkan verir.

Azərbaycan yazısında istifadə edilən durğu işarələri bunlardır: nöqtə, sual işarəsi, nida işarəsi, qoşa nöqtə, nöqtəli vergül, çox nöqtə, vergül, tire, mö’tərizə, dırnaq.

Durğu işarələri iki funksiya yerinə yetirir. Buna görə də iki qrupa ayrılır:

1) ayırıcı işarələr;

2) fərqləndirici işarələr.

Ayırıcı durğu işarələrinin əsas funksiyası cümlələri, cümlənin həmcins üzvlərini, mürəkkəb cümlənin komponentlərini və sairi ayırmaqdır. Bu qrupa nöqtə, sual və nida işarələri, qoşa nöqtə, nöqtəli vergül, çox nöqtə daxildir. Fərqləndirici durğu işarələri cütüzvlüdür, vasitəsiz nitqi, sitatları, ara cümlə və əlavə konstruksiyaları fərqləndirmək üçün işlədilən iki vergül, iki tire, mö’tərizələr və dırnaqlardan ibarətdir.27

Sintaksis kursunun əvvəlindən başlayaraq, hər bir sintaktik vahiddən danışılarkən durğu işarələrindən necə istifadə edildiyini də qeyd etmişik. Mə’lumdur ki, nöqtə – nəqli cümlənin, sul işarəsi – sual cümləsinin, nida işarəsi – nida cümləsinin əlaməti – işarəsidir (bir sıra əlahiddə hallar, məsələn, məntiqsizlik məqamında mö’tərizədə sual işarəsi, təəccüb məqamında mö’tərizədə nida işarəsi və s. qoyulması nəzərə alınmaqla). Lakin bə’zi durğu işarələri çoxfunksiyalı olduğundan onlar haqqında bir daha qısa mə’lumat vermək lazım gəlir.

Nöqtəli vergül – nöqtə ilə vergül arasında orta mövqe tutan, nöqtədən az, vergüldən çox fasilə tələb edən bir durğu işarəsidir. Sadə cümlənin həmcins üzvləri qrup-qrup sadalandıqda və ya tabesiz mürəkkəb cümlənin tərkib hissələrindən birində vergül olduqda daha geniş fasilə olan tərkib hissələr arasına nöqtəli vergül qoyulur; məs.: Əmir İnanc Qətibənin Nizamiyə hüsn-rəğbət göstərməsinə yol verməklə bərabər, onu Hüsaməddinə də və’d edirdi; Dilşadı Bağdada göndərməyə hazırladığı halda, Fəxrəddinin də başını aldadır və Dilşadın Fəxrəddinlə olan tanışlığına maneə törətmirdi.(Ordubadi) Onlar da çayı keçib iki hissəyə ayrıldılar; bir hissəsi Musa dəyirmanının üstündən aşıb onu qarşılamaq üçün yol başladı, o biri hissə isə onu tə’qiblə yoluna davam etdi.(Ordubadi) O, gözəl olduğu qədər də macəraçı və iftiraçı idi; o, bir gün də olsa, böhtan və iftira toxumadan yaşaya bilməzdi.(Ordubadi) Sən o şairi çox da həqir hesab etmə; o, gəncdir, fəqət bizim kimi gənclərdən deyil.(Ordubadi)

Bu misallardan birincisində nöqtəli vergül sadə cümlənin həmcins üzvlərini, sonrakılarda tabesiz mürəkkəb cümlənin komponentlərini ayırmışdır. Nöqtəyə yaxın fasilə olduqda da (həmcins üzvlər olmadan) tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında nöqtəli vergül qoyula bilər: Əmir hələ yatağından qalxmamışdı; o, gecəki sərxoşluğun xumarlığı altında nazlanırdı.(Ordubadi)

Çox nöqtə də bir tərəfdən vergülə, o biri tərəfdən nöqtəyə yaxındır. Çox nöqtə adətən üç nöqtə şəklində olur. Sitatlarda özgəsinin nitqi kəsildiyi yerdə (sitatın əvvəlində, ortasında və ya sonunda) üç nöqtə qoyulur. Cümlənin ortasında və ya sonunda qoyulan çoxnöqtə fikrin bitmədiyini göstərir. Fikrin bitməməsi müxtəlif səbəblərdən ola bilir: ”…onu davam etdirməyi ya müəllif lazım bilmir, ya gizli saxlamaq məqsədilə demir, ya da elə sözlər olur ki, onun deyilməsi cəmiyyət üçün məqbul deyildir, ya yaddan çıxmış olur, ya fikir başqası tərəfindən kəsilir, ya da natiq həyəcanlı olduğu üçün fasilələrlə danışmalı olur”.28 Məsələn: Bacım uşaqları dayılarına qənim kəsiləcəklər. Gəlini gərdəkdə, küçüyü… Bəs o dünyada necə? Qan üstündən qan eləmək də… Qoy hələ yaşasınlar. (F.Kərimzadə) O. hara isə əfsanəvi bir aləmə gedir və o aləmdə onu, kim bilir, nələr gözləyir…(İ.Əfəndiyev) -Mirzə Qələndər, mənə yox də… Mən gimnaziya qurtarmışam… Özüm də allaha inanıram, amma siz mollaların alimibiəməlliklərinizi də bilirəm axı.(İ.Əfəndiyev) Qaldı sünnü olmağı… Bayram heylə şeylərə fikir verən deyil.(İ.Əfəndiyev)

Qoşa nöqtə – aydınlaşdırma məqsədi ilə işlədilir; başlıca olaraq, həmcins üzvlərdə ümumiləşdirici sözdən, aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrdə ümumilik bildirən tərkibdən, vasitəsiz nitqdə müəllif sözlərindən sonra qoyulur; məs.: O həm gözəl idi, həm də gözəlliyindən bir silah kimi istifadə edirdi: əlini şairin əlindən çəkmək istəmirdi, bütün naz, qəmzə, utanmaq, qısqanmaq, rəng verib rəng almaq, hətta göz yaşları axıtmağı… hamısını təcrübədən keçirirdi. (Ordubadi) Lakin tə’xir etmək də yaramazdı: qız uzaqlaşır və axşam qaranlığının içərisində itirdi. (Ordubadi) Zibilxanaya girəndə möhkəmcə duruxdu: Kirlikirin qabağında təmiz ağ süfrə vardı. (Y.Səmədoğlu) E’dama toplaşmış camaatdan səs çıxmadı: nə qoca dindi, nə cavan, nə qız, nə gəlin. (Y.Səmədoğlu) O öz qəlbində deyirdi: “Ərəb, türk və rum qanından yaradılan bu mö’cüzə gənc şairin qəlbini əsir edə bilər”.(Ordubadi)

Birinci misalda qoşa nöqtə həmcinslərə aid ümumiləşdirici sözdən, son misalda vasitəsiz nitqə aid müəllif sözlərindən sonra işlənmişdir; aradakı misallarda tabesiz mürəkkəb cümlənin ümumilik bildirən komponentini aydınlaşdıran hissədən ayırmışdır.

Vergül daha çox işlənən, rəngarəng məqamlarda özünü göstərən durğu işarəsidir.

Vergül cümlə sərhədi ilə bağlı deyil, cümlə daxilində işlənən durğu işarəsidir. Sadə cümlənin həmcins üzvləri, tabesiz və tabeli mürəkkəb cümlələrin tərkib hissələri arasında, qoşmalı xüsusiləşmələrdən sonra, dəqiqləşdirici xüsusiləşmələrdən əvvəl vergül qoyulur (müvafiq bölmələrə baxmalı) Bir neçə misal:

Onun ziyarətinə Hinddən, Çindən, Rumdan, Hicazdan, Dəməşqdən, Bağdaddan, Bəsrədən gəlirlər.(F.Kərimzadə) Səlcuq şahzadələri dövlətlərinin süqut etdiyinə baxmayaraq, Kirmanda, İraqda, hətta Musildə belə hökumət düzəltməyə başlayıblar. (Ordubadi) Bir anda Məhsəti xanımın oturduğu taxtrəvanı yüzlərcə şairlər, yazıçılar, musiqiçilər, şe’r və musiqi həvəskarları aralığa aldı.(Ordubadi) Hərgah bu məktubu mən sizə yazmış olsaydım, nə qorxardım, nə də üzr istəyərdim.(Ordubadi) Yad səsi eşidən kimi, Səkinə də oyanırdı.(F.Kərimzadə) Bilirdi ki, bayaq İsmayıla dediyi söz onun xətrinə dəyib.(F.Kərimzadə)

Alçaq tonla tələffüz edilən xitablar, ara sözlər, nidalar, bəli, yox, xeyr sözləri, vokativlər vergüllə ayrılır, təkrar olunan sözlər arasında vergül qoyulur; məs.: Eh, kim bilir, bəlkə qaranlıq dərələrin birində cin yığıncağına rast gələcək… (İ.Əfəndiyev) Bu söhbət zamanı Səkinə nənə komaya girib: -Qadan alım, Xanmurad, necəsən?-dedi.(İ.Əfəndiyev) -Yox, qaqaş, o Hüseyn deyilən qorxan canavar deyil, ancaq gördülər ki, girəvə məndədir.(İ.Əfəndiyev) -Allaha şükür, əşi,-dedi,-sağ-salamat qayıtdın.(İ.Əfəndiyev) Canavarın beyninə birdən qəfil bir fikir gəldi: görəsən əqrəb özü ölüb, ya dozanqurdular onun axırına çıxıblar? (Y.Səmədoğlu)

Vergülün əsas funksiyaları aydındır və əksərən yazıda ondan düzgün istifadə edilir. Müşahidələr göstərir ki, çətinliklər daha çox fe’li bağlama tərkiblərindən, xüsusiləşmələrdən sonra vergülün işlənməsi ilə bağlıdır. Baxmayaraq, halda, əlaqədar olaraq, yanaşı olaraq, fərqli olaraq tipli sözlərlə qurtaran xüsusiləşmələrdə bu sözlərdən sonra mütləq vergül qoyulur. Fe’li bağlama tərkiblərindən sonra vergülün qoyulmasında qaydalar hələ dəqiqləşməyib. Öz aralarında həmcins olan fe’li bağlama tərkiblərindən sonra (sonuncudan başqa) vergül qoyulması təbiidir; məs.: Canı lap bərk ağrıyanda, ağrı fəqərə sütunu boyu yuxarı qalxıb bütün bədənini çulğalayanda, hökmdar, Xacə Ənvərin yanında göz yaşlarını axıtmaqdan da çəkinmirdi. (Y.Səmədoğlu) – cümləsində ağrı fəqərə sütunu boyu yuxarı qalxıb tərkibindən sonra vergül qoyulmaması düzgündür, çünki bu tərkib çulğalayanda fe’li bağlamasına aiddir və onunla birlikdə bir üzvdür; canı bərk ağrıyanda tərkibindən sonra vergülün qoyulması da düzgündür, çünki bu tərkib sonrakı (əsas tərəfi çulğalayanda sözü olan) tərkiblə həmcins zaman zərfliyidir. Hökmdar sözündən sonrakı vergülün də əsası vardır. Müəllif bu sözü xacə Ənvərin yanında birləşməsindən sonra işlədə bilərdi və hökmdar sözünün xacə Ənvərin tə’yini kimi başa düşülməsi qorxusunu aradan qaldırmış olardı, aktuallaşdırma məqsədilə bu cür işlətmişdir və buna təbii baxmaq mümkündür; lakin hökmdar sözündən əvvəl, ikinci fe’li bağlama tərkibindən sonra qoyulmuş vergül heç bir semantik, qrammatik funksiya daşımır, yalnız semantik yükü olmayan ani fasilə ilə bağlıdır, ona görə də bu cür hallarda vergülün işlənməsinə heç bir ehtiyac yoxdur.

Camaat kənddə səksəkəli yatıb, səksəkəli dururdu. (Y.Səmədoğlu)Tarladakılar bir qədər işləyib, bir qədər dincəlirdilər. Dəstə-dəstə biz də gərək Sünbül yığıb, meyvə dərək.(S.Vurğun) – tipli cümlələrdə fe’li bağlama tərkiblərindən sonra vergülün qoyulmasının elmi əsaslarını izah etmək daha çətindir.

Sonuncu misala diqqət yetirək: Biz də gərək dəstə-dəstə (yə’ni dəstə halında) sünbül yığıb, meyvə dərək. Sünbül yığıb sözləri heç bir cəhətdən (tərz, zaman, səbəb və s.) meyvə dərək sözlərini izah etmir. Cümlənin ümumi məzmunundan aydın olur ki, bunlar hər birinin öz obyekti olan müxtəlif işlərdir, paralel görülə bilər və birinin o birinə dəxli yoxdur: Biz gərək həm sünbül yığaq, həm də meyvə dərək. Birinci fe’li bağlamanı digər fe’li bağlama şəkilçiləri ilə əvəz edərək bu cümləni belə də qurmaq olmaz: Biz gərək sünbül yığaraq meyvə dərək, sünbül yığanda meyvə dərək, sünbül yığa-yığa meyvə dərək, sünbül yığarkən meyvə dərək və s. Belə düşünmək olur ki, bu cür cümlələrdə -ıb şəkilçisi şəxs şəkilçilərinin sinonimi kimi işlənir və onunla şəxsli fe’l arasında tabelilik əlaqəsi (yanaşma) yoxdur, bunlar (yığıb, dərək sözləri) cümlədə həmcins üzv kimi çıxış edir. Ona gцrə də bu cür cümlələri asanlıqla: Biz gərək sünbül yığaq və meyvə dərək; Camaat kənddə səksəkəli yatır və səksəkəli dururdu şəklinə salmaq olur. Odur ki bu cür hallarda vergülün qoyulması məntiqi-qrammatik tələb əsasında ortaya çıxır.

Tire işarəsi, başlıca olaraq, sadə cümlədə həmcins üzvlərə aid ümumiləşdirici sözlərdən, aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrdə ümumilik bildirən tərkib hissədən əvvəl qoyulur (bu zaman həmcins üzvlər ümumiləşdirici sözdən, tabesiz mürəkkəb cümlədə aydınlaşdıran tərkib hissələr ümumilik bildirən tərkibdən əvvəl işlənmiş olur); vasitəsiz nitq dialoq şəklində qurulduqda vasitəsiz nitqdən əvvəl və sonra (əgər sonra müəllif nitqi davam edirsə), bə’zi ara cümlələrdən əvvəl və sonra, xüsusiləşən əlavələrdən əvvəl, bə’zən mübtəda və xəbər zonası arasında, zaman, məkan bildirən sözlər arasında da tire qoyulur; məs.:

Piyalələr, rəqqasələr, saqilər, şərabçılar, süfrəyə yemək gətirən cariyələr – hər şey, hər şey sükuta büründü. (Ordubadi) Meşədə, bağda, küçədə, meydanda – harada görürsə, məni evinə də’vət edir.(Ordubadi) Sən bundan sonra xəlifə babamın – müqəddəs Müstərşidbillahın şairi sifətilə Bağdad dünyasını ələ alacaq, tarixin məşhur şairi Əbü Nəvvas və Əbülətahiyələrin əldə etmiş olduğu şərəfi qazanacaqsan.(Ordubadi) Dizlərim zəiflikdən əsirdi, çoxdan unutduğum blok iyi – elə bil, turşumuş kələm iyi idi – uzun fasilədən sonra yenidən burnuma doldu. (Y.Səmədoğlu) Uzun sürən ağır xəstəlikdən sonra – eşq olsun bu cümləni icad edənə – ilk dəfə həyətə enib hava aldığıma görə, sonra da bir boşqab çoban bozartmasını olmazın iştahla içəri ötürdüyümə görə ağırlaşıb bir dəmir parçası olmuşdum. (Y.Səmədoğlu) Əmir xidmətçiyə: -Get, Hacibi bura çağır,- dedi. (Ordubadi)

Mö’tərizə – daha çox ara və əlavə cümlələrlə bağlıdır. Bundan əlavə, dram əsərlərində obrazların davranışı və nitqi ilə bağlı izahlar, elmi əsərlərdə sitatların mənbələri, tarixi illər və s. mö’tərizədə verilir; məs.:

Getdikcə xəyalımda yaranan bu aləm mənə real həyatdan, təsadüf elədiyim insanlardan (yalnız anamdan başqa!) daha artıq xoş gəlirdi.(İ.Əfəndiyev) Zinyət sevinə-sevinə yüyürüb anama xəbər verdi ki, Fatma xanım (yə’ni anamın anası) indicə gəldi. (İ.Əfəndiyev) İmaş gəlib heç kəsin üzünə baxmadan dinməz-söyləməz dayımın uzunboğaz çəkmələrini zorla çəkib çıxardı (qəşəng görünsün deyə, dayım həmişə ayağına güclə pərçim olan uzunboğaz çəkmə geyərdi). (İ.Əfəndiyev) Dilşad xanım (onun ardınca qəzəbli bir nəzər salaraq).-Ah… Siz Atayevlər!..(İ.Əfəndiyev)

Dırnaq – qoşa işlədilən işarədir; təhkiyə daxilində vasitəsiz nitq, bədii və elmi əsərlərdən gətirilən sitatlar dırnaq arasına alınır. Kinayə ilə işlədilən söz və ifadələr, kitab, jurnal, qəzet, mahnı adları da dırnaqda yazılır; məs.:

Uzun Həsənin “Qanunnnamə”sinin hazırlanmasında vəzir yaxından iştirak etmişdi.(F.Kərimzadə) Arana qoşun gəldiyini görərkən “istiqlalı müdafiə üçün gəlibdir” – deyən sadə ürəklilər, indi də “Xəlifə istiqlalımızı təsdiq etdiyi üçün fərman göndəribdir” – deməyə başlamışdılar.(Ordubadi) İsmayıl Səkinənin “Ruhani” havasını çaldığı vaxtdan fikirləşirdi.”Bəs niyə hava qoşublar, söz yoxdur. Havada o soyulan şairin dərdi, əziyyəti var. Ancaq elə bil, dilini açıb bir kəlmə danışmaq istəməyib”.(F.Kərimzadə)