İspaniya La Liqasında “Real Madrid” və “Barselona” komandaları arasında növbəti El-Klasiko keçirilib.
“Report”un məlumatına görə, “Santyaqo Bernabeu” stadionundakı XXIX tur oyunu qonaqların qələbəsi ilə yekunlaşıb – 4:0.
İlk və son qolları “Barselona”nın qış transferi Pyer-Emerik Obameyanq vurub. 29-cu və 53-cü dəqiqələrdə “dubl” edən 33 yaşlı hücumçu El-Klasikolarda fərqlənən ilk qabonlu oyunçu kimi tarixə düşüb. Onun ikinci qolu VAR sisteminə müraciət edildikdən sonra qeydə alınıb.
Digər qolları Ronald Arauxo 38-ci və Ferran Torres 47-ci dəqiqədə vurub.
Beləliklə, “Barselona” son 7 görüşdə ilk dəfə “Real Madrid”ə qalib gələrək, La Liqadakı şəxsi qarşılaşmalarda topların nisbətində bərabərliyi təmin edib – 76:76.
Məğlubiyyətə baxmayaraq, “kral klubu” 29 oyundan sonra 66 xalla liderdir, rəqibindən bir oyun az keçirən Kataloniya təmsilçisi 54 xalla 3-cü pilləyə yüksəlib.
Qeyd edək ki, bu, iki komanda arasında ümumilikdə 249 “El Klasiko” olub. “Real Madrid” 100, “Barselona” 97 qələbə qazanıbsa, 52 görüşdə qalib müəyyənləşməyib.
İspaniya La Liqası
XXIX tur
00:00. “Real Madrid” – “Barselona” – 0:4
Qollar: Pyer-Emerik Obameyanq, 29; 53. Ronald Arauxo, 38. Ferran Torres, 47
“Santyaqo Bernabeu”
Baş hakim: Xuan Martines Munuera