Miss Polli Harrinqton çardaqdakı balaca otağı on bir yaşlı bacısı qızı üçün hazırlamağı tapşıranda xidmətçi Nensi çox sevindi:
– Ah, miss Harrinqton, buraya balaca qız gələcək? Nə yaxşı!
– Yaxşı? – deyə miss Polli soyuq bir tərzdə təkrar etdi. – Mən belə deməzdim. Başa düşmürəm, bacım axmaqlıq edib ərə gedibsə və onsuz da həddindən çox adam olan dünyaya daha bir uşaq bəxş edibsə, bunun cəzasını mən niyə çəkməliyəm?! Əlbəttə, onun üçün məndən asılı olan hər şeyi edəcəyəm. Bacım vəfat edəndən sonra bu mənim borcumdur. Mən isə borcumu həmişə yerinə yetirirəm…
Çardaqdakı balaca otağı silib-süpürməkdə olan Nensi pıçıldayırdı: “Borcunu həmişə yerinə yetirir… Beləmi yetirir?! Evdə o qədər boş otaq olduğu halda, zavallı uşağı gör hara salır. Yayda burada istidən nəfəs almaq olmur, qışda isə soyuqdan adamın qanı donur. Sözə bir bax: “onsuz da həddindən çox adam olan dünyaya daha bir uşaq bəxş etmək…” Məncə, dünyada uşaq yox, belə daşqəlbli adamlar həddindən artıq çoxdur!”
Miss Polli bacısı qızını qarşılamağa getmədi. Bunu xidmətçisinə tapşırdı. Nensi stansiyada diqqətlə adamlara göz gəzdirirdi. Birdən o, teleqramda təsvir edildiyi kimi, sarışın saçlı, əynində qırmızı damalı çit don, başında həsir şlyapa olan qızla qarşılaşdı Nensi həyəcanını boğaraq:
– Siz miss Polyannasınız? – demişdi ki, iki balaca qol boynuna sarıldı.
– Oy! Mən necə də xoşbəxtəm! Sizi görməyimə çox şadam! Məni qarşılamağa gəlməyinizə elə sevinirəm ki! Mən yolboyu sizi təsəvvürümdə canlandırmağa çalışırdım, Polli xala!
Qızcığaz xidmətçinin miss Polli olduğunu zənn etmişdi. Yanıldığını biləndə o, əvvəlcə bir qədər tutuldu, sonra isə halını pozmadan şən bir tərzdə dedi:
– Bilirsiniz, mən hətta sevinirəm ki, Polli xala məni qarşılamağa gəlməyib. Axı onda mən artıq onun necə olduğunu bilərdim, indi isə mən hələ onu tanımıram. Üstəlik, indi mənim sizin kimi dostum var.
Yolboyu Polyanna elə hey danışırdı:
– Polli xala mənim yeganə xalamdır. Mən heç onu görməmişəm. Atam mənə onun haqqında danışıb. O deyirdi ki, Polli xala təpənin başında ucalan gözəl evdə yaşayır. Onun evində hər otaqda xalça var. Divarlarda da gözəl şəkillər asılıb. Bizim evimizdə nə xalça, nə də şəkil var idi. Mən həmişə arzu etmişəm ki, otağımda xalça və şəkillər olsun…
Polyanna otağa daxil olanda miss Polli ayağa qalxıb bacısı qızı ilə görüşmədi Amma, insafən, demək lazımdır ki, gözlərini kitabdan ayırdı və hətta hər barmağı “çox inkişaf etmiş borc hissinin” mücəssəməsi kimi görünən əlini Polyannaya uzatdı:
– Salam, Polyanna. Mən…
Miss Polli bundan başqa bir söz deməyə macal tapmadı, çünki Polyanna bütün otaqdan güllə kimi keçərək xalasının dizləri üstünə atıldı.
– Ah, Polli xala! Mən burada, sizinlə yaşayacağıma elə sevinirəm ki! Axı atamın ölümündən sonra mənim heç kimim qalmayıb, indi isə siz və Nensi varsınız…
– Kifayətdir, Polyanna, – deyə miss Polli qızın sözünü kəsdi. – Özünü təmkinli apar. Gedək, sənə otağını göstərim.
Yolboyu divarlardan asılmış şəkillərə, gözəl mebellərə, yumşaq xalılara heyranlıqla baxan Polyanna öz otağını xəyalında canlandırmağa çalışırdı. Lakin ikinci mərtəbədən sonra mənzərə dəyişdi. Burada artıq maraqlı heç nə yox idi. Üstəlik, çardağın havası da çox ağır idi.
Polli xala soyuq tərzdə dedi:
– Bu da sənin otağın. İndi Nensini göndərərəm, əşyalarını yerləşdirməyə kömək edər.
Xalası gedəndən sonra diqqətlə otağının çılpaq divarlarına, döşəməsinə baxan Polyanna dizi üstə yerə çöküb əlləri ilə üzünü örtdü.
Polyannanın otağına daxil olan Nensi qızcığazı kədərli görüb dedi:
– Ah, mənim zavallı quzum, qəm yemə. Gəl sənin paltarlarını yerbəyer edək.
Polyanna astadan:
– Mənim əşyalarım çox azdır, – dedi.
– Onda biz işimizi də tezliklə qurtararıq.
Qızın üzünü birdən təbəssüm bürüdü:
– Doğrudan da, yır-yığış etməyə çox vaxt sərf etməli olmayacağıq. Deməli, mən belə az əşyam olduğu üçün sevinə bilərəm.
Bu sözləri eşidən Nensi yerində donub-qaldı. Polyanna isə artıq tamamilə sakitləşmişdi.
– İndi mən görürəm, bu, çox gözəl otaqdır. Güzgünün olmaması məni hətta sevindirir. Hər an üzümdəki çillərə baxıb qanımı qaraltmayacağam. Pəncərədən də gör necə mənzərə açılır! Heç bir şəklə də ehtiyac yoxdur. Xalamın mənə bu otağı verməsinə çox sevinirəm!
Bu sözlərdən sonra Nensi daha özünü saxlaya bilməyib hönkürdü. Polyannanı qucaqlayıb başını sinəsinə sıxdı:
– Polyanna… Sən göylərdən enmiş bir mələksən… Sən hər şeyə sevinə bilirsən…
– Oyunun qaydası belədir.
– Oyunun?
– Hə də. Bu, belə oyundur, həmişə sevinmək oyunu. Bu oyunu mən balaca olanda atam öyrətmişdi. Bir bayram axşamı şəhərimizdəki xeyriyyə cəmiyyəti ailələrə hədiyyələr göndərmişdi. Çox istəyirdim ki, mənim payıma gəlincik düşsün. Amma bizə dava-dərmanla dolu qutu göndərmişdilər. Mən ağlayanda atam mənə dedi ki, əslində, sevinməliyəm. Hə, hə, sevinməliyəm ki, bu dava-dərman mənə lazım deyil. Və bundan sonra mənə həmişə sevinmək oyununu öyrətdi. Oyunun qaydası belədir ki, ən kədərli anlarda da sevinməli bir məqam tapasan. Atam… – Polyannanın səsi titrədi. – Atam bu oyunu çox xoşlayırdı. İndi atam yoxdur, tək oynamaq isə elə də asan deyil. Bəlkə, Polli xala mənimlə oynamağa razı olar?
– Bilirsən nə var, yaxşısı budur, mənimlə oynayasan. Yaxşı oynayacağıma əmin deyiləm, amma mən çalışaram, mütləq çalışaram.
– Ah, Nensi! – deyə Polyanna Nensini qucaqladı. – Mən əminəm, sizdə çox yaxşı alınacaq!
Bir qədər sonra çardaqdakı balaca otaqda tənha qalmış qızcığaz üzünü balışa sıxaraq acı göz yaşları tökürdü:
– Ah, atacan, mən indi bizim oyunumuzu oynaya bilmirəm. Mənə elə gəlir ki, qaranlıq, qorxulu otaqda yatanda nəyə sevinmək mümkün olduğunu heç sən də bilməzdin. Ah, əgər mən, heç olmasa, bir azca Nensiyə, ya da Polli xalaya yaxın olsaydım! Onda mən, bəlkə də, sevinərdim…
Nensi həmin vaxt mətbəxtdə qabları yuyur, öz-özünə danışırdı:
– Hm… hər şeyə sevinmək… Əgər mən bu qəribə oyunu oynamalı olsam, onu öz bildiyim kimi oynayacağam. Mən çalışacağam ki, zavallı qızcığaza dayaq olum. Mən buna çalışacağam, çox çalışacağam…
portal.azertag.az