Vaşinqton xiyabanından qərbdə yerləşən kərpic binalardan birində iki rəssam qızın Syu və Consinin studiyası yerləşirdi. Qızların xasiyyət və zövqlərindəki oxşarlıq onları yaxın rəfiqəyə çevirmişdi.
Bu hadisə noyabr ayında baş vermişdi. Şəhər böyük bir narahatlıq içində idi. Həkimlərin pnevmoniya adlandırdıqları xəstəlik bir çox evləri matəmə bürümüşdü. Consi də bu xəstəliyə tutulmuşdu. Həkimlərin müalicəsi heç bir nəticə vermirdi. Onsuz da, zəif olan qız xəstəlikdən daha da solmuşdu. Həyatdan tamamilə əlini üzüb günlərlə sakitcə yerində uzanır, heç nə yemir, içmir, danışmırdı. Təngnəfəslikdən boğulur, onu dünyaya bağlayan son ümidlərini də günbəgün itirirdi. Syunun da qanı qara idi, rəfiqəsi üçün çox üzülürdü.
Bir səhər Consini müalicə edən həkim qayğılı halda Syuya yaxınlaşıb dedi:
– Consinin vəziyyəti ağırdır. Bilirsinizmi, inam olmayan yerdə təbabət acizdir. O özü sağalacağına ümid etmir. Bu ümidsizlik verdiyim dərmanların təsirini ikiqat azaldır. Sizdən rica edirəm, əgər rəfiqənizin yaşamasını istəyirsinizsə, onun həyata olan marağını geri qaytarın. Əgər bir gün rəfiqəniz bu soyuq qış günündə sizdən nəyin dəbdə olması barədə soruşsa, hesab edin ki, vəzifənizi yerinə yetirməyə müvəffəq olmusunuz.
Həkim gedəndən sonra Syu emalatxanaya gedib bir xeyli ağladı. Sonra göz yaşlarını sildi, molberti götürüb cəsarətlə Consinin otağına daxil oldu. Consi yorğanın altında büzüşmüşdü. Xəstəlikdən də çox, ümidsizlikdən solmuş gözlərini pəncərəyə zilləmişdi. Syunun ürəyi ağrıdı. Lakin büruzə vermədi. Molbertini qurdu və şəkil çəkməyə başladı.
Birdən qulağına pıçıltı səsi gəldi. Tez çarpayıya yaxınlaşdı və diqqətlə qulaq asmağa başladı. Consi gözlərini geniş açaraq pəncərəyə baxır və tərsinə sayırdı:
– On iki, on bir… – Bir qədər gözlədikdən sonra yenidən saymağa başladı. – On, doqquz, səkkiz, yeddi…
Syu pəncərəyə baxdı. Orda sayılası nə var idi ki? Yalnız köhnə kərpic binanın divarı və ona sarılmış, solmaqda olan sarmaşıq…
– Nəyə baxırsan?
– Altı, – Consi zəif səslə dedi. – Getdikcə daha sürətlə azalır. Hələ üç gün bundan əvvəl yüzdən çox idi. Bax, biri də düşdü. Artıq beş dənədir.
– Axı sən nədən danışırsan?
– O sarmaşığı görürsən? Onun axırıncı yarpağı düşəndə mən də öləcəyəm.
– Bu nə mənasız söhbətdir? Sarmaşığın yarpaqlarının düşməsi ilə sənin ölməyinin nə əlaqəsi ola bilər?! Əksinə, həkim mənə dedi ki, sən tezliklə sağalacaqsan.
– Bilirəm, bunların hamısını məni sakitləşdirmək üçün deyirsən.
– Boş-boş danışma. Yaxşısı budur, yat, dincəl. Mən Bermanı çağırmağa gedirəm. Rəsmi tamamlamaq üçün onun köməyinə ehtiyacım var.
Qoca Berman aşağı mərtəbədə yaşayırdı. Rəssam idi. Amma bütün ömrü boyu heç bir diqqətəlayiq əsər yaratmamışdı. Həmişə bir gün şah əsərini yaradacağından danışsa da, onu hələ çəkməyə belə başlamamışdı.
Syu Bermanı tapıb ağlaya-ağlaya Consinin düşüncələri haqqında qocaya danışdı. Berman özündən çıxdı:
– Nə? Bu nə axmaqlıqdır belə? Lənətə gəlmiş sarmaşıqdan tökülən yarpaqlar ölümə necə səbəb ola bilər? İlk dəfədir, eşidirəm. Ah, zavallı balaca miss Consi!.. Buna son qoymaq lazımdır. Amma necə?!
Növbəti gün səhər qısamüddətli yuxudan sonra Syu gördü ki, Consi gözlərini pəncərədən çəkmir. Consi onun baxdığı istiqamətə diqqət yetirəndə təəccübləndi: çox şiddətli yağışdan və güclü küləkdən sonra kərpic divarda sarmaşığın yeganə – sonuncu yarpağı görünürdü!..
Üzücü günə bir gecə də əlavə olundu. Sanki yarpaq ağaca yapışdırılmışdı. Onlar hətta alaqaranlıqda belə yeganə yarpağın kərpic divara toxunan saplağının üstündə olduğunu görürdülər.
Ertəsi gün Consi uzanmış halda uzun müddət yarpağı seyr etdi. Sonra Syunu çağırdı və onun üçün toyuq bulyonu bişirməsini xahiş etdi.
– Mən düz eləmirəm, – Consi dedi. – Öz ölümünü arzulamaq günahdır. Son yarpaq mənə bunu demək istəyir. Mənə bir az bulyon ver. Amma yox, əvvəlcə güzgünü gətir, sonra isə mənə de görüm, indi nə dəbdədir?
Syu sevincindən özünə yer tapa bilmirdi. Həkimin dedikləri həyata keçmişdi, təhlükə sovuşmuşdu. Consi artıq sağalmağa başlamışdı.
Bir neçə gündən sonra Syu Consini qucaqlayıb dedi:
– Sənə bir söz deməliyəm, Consi. Mister Berman xəstəxanada sətəlcəmdən vəfat etdi. Bir gün əvvəl qapıçı bədbəxt qocanı öz otağında döşəmənin üstündə uzanmış vəziyyətdə tapıb. Paltarları yamyaş imiş. Heç kim onun belə dəhşətli bir gecədə hara çıxdığını anlaya bilməyib. Yanında fənər, nərdivan, fırça və palitra varmış… Pəncərəyə bax, sarmaşığın sonuncu yarpağına nəzər sal, əzizim. Güclü küləyin onu yerindən tərpədib qopara bilməməsi səni təəccübləndirmirmi? Bəli, əzizim, Bermanın şah əsəri budur! Onu sonuncu yarpağın düşdüyü həmin gecə yaradıb!
portal.azertag.az