Nilufər ZƏMİN
Balaca bağçamda əkdiyim 2-3 güllə əlləşə-əlləşə yazacağım məqaləni düşünürdüm. Birdən-birə bağçam dəyişməyə başladı və mənim gözümün qarşısında möhtəşəm bir imarət canlandı. Qarşımda Fəlsəfənin imarəti ucaldı! Yox, bu, insan əli ilə tikilməmişdi, cəmiyyətin fəlsəfəyə münasibəti yaratmışdı bu möhtəşəm binanı. Bu möcüzə idi! Necə oldu, niyə oldu, heç maraqlandırmadı məni. O qədər canlı və real idi ki, rahatca girib gəzə bilərdim. Belə fürsəti ötürə bilməzdim. Axı, mənim də orda bir yerim olmalıydı. Gedib gördüklərimi hər kəs üçün təsvir eləmək lazım idi.
Bina beş mərtəbəli bir villa idi. Bilmirəm niyə, ancaq mənim səyahətim ən yuxarı mərtəbədən başladı. Binanın lifti yox idi, üstəlik pillələri də çox hündür idi. Lap qədim qəsrlərdəki kimi. Ən üst qat kitabxana idi. İçəri girdim. Ay Allah, kimlər yox idi burda?! Pifaqor, Platon, Konfusi, Lao Tzı, Plotin, İbn Sina və daha kimlər. Qarşımda sanki Rafaelin məlum freskası durmuşdu, sadəcə hər kəs canlı idi. Deyəsən, bura gələn o qədər də olmurdu, çünki məni görəndə həm çaşdılar, həm sevindilər. Məni əhatəyə alıb bugünün fəlsəfəsi haqqında suallar yağdırdılar. Əlbəttə, ixtiyar məndə olsaydı, böyük məmnuniyyətlə Plotinlə ayrıca söhbət edərdim, kənarda dayanan gizli təbəssüm və qürurla mənə baxan (yəqin özündən başqa bir qadını burada görməyi sevindirmişdi onu) Hipatiyayla bir balaca qeybətləşərdim, İbn Sinadan sağalmaz dərdlərimizin dərmanını soruşardım, Fərabidən hansı muğamı sevdiyini öyrənərdim. Yəni sualları mən verərdim. Amma başa düşdüm ki, buradakılar aşağı enmirlər və heç nədən xəbərləri yoxdur. Deməli, maraqları təbii idi. Mən də bir-iki kəlməylə toparlayıb belə izah elədim: “Sizin qoyduğunuz məsələləri hələ də düşünürük, yenilərini qoymağa imkanımız və həvəsimiz yoxdur, çünki sivilizasiyanın inkişafında və qloballaşmanın gedişində fəlsəfənin rolunu o qədər də qəbul eləmirik (bunu deyəndə Sokrat hirslə zəhərini də götürüb getdi), sizin birləşdirdiklərinizi biz tikə-parça, alışma eləmişik, yəni fəlsəfəni o qədər qollara ayırmışıq ki, artıq yoxa çıxıb (Platon bu sözdən o qədər tutuldu ki, az qaldım onu sakitləşdirəm ki, narahat olma, əvəzində bizim də Akademiyamız var. Amma demədim, birdən Akademiyanı yaxından tanımaq istəyərdi), sizin narazı qaldığınız bir sıra məsələlər barədə cəmiyyətdə müsbət rəy yaratmışıq və artıq tətbiqi üçün çalışıb vuruşuruq, məsələn demokratiya kimi (bunu deyəndə ləzzətlə Aristotelə baxıb gözümü süzdürdüm və onun narazı baxışları ürəyimdən tikan çıxartdı). Əxlaq məsələlərinə çatanda Şərqin müdrikləri bir az da yaxına gəldilər deyə, mən utandığımdan Avropa standartlarından danışa bilmədim. Nə qədər olmasa ağsaqqal adamlardı, həya elədim. Sonra soruşdular ki, bəs kitabxanaya bizimlə görüşə gələn niyə yoxdu, gələn də, od aparırmış kimi, bir cümlə götürüb tələsik qayıdıb qaçır. Qürurla dedim ki, biz internet əsrində yaşayırıq, istədiyimiz kitabı elektron versiyada oxuyuruq. İbn Sina yüngülcə qımışıb dedi ki, “bizə olunan müraciətlər nə formada olursa-olsun, bizə ayan olur. Müraciət çox azdı. Ya sizdə hamı filosofdur, artıq bizə ehtiyac görmürsünür, ya da bizim varlığımızı unutmusunuz. Halbuki, özün dedin ki, hələ də bizim qoyduğumuz məsələlərin üstündə əlləşirsiniz”. Cavabım yox idi və mən vaxtın azlığını bəhanə edib yavaşca otaqdan sivişib çıxdım. Hiss elədim ki, müdriklərin qanını əməllicə qaraltdım. Bilsəm, əvvəldən ütülənmiş cavablar hazırlayardım.
Aşağı düşəndə nərdivanların balaca meydançasında bir neçə tanış sima da gördüm. Nitsşeni, Məhəmməd İqbalı, Taqoru. Əllərində əşyaları var idi, deyəsən yuxarı mərtəbəyə köçürdülər. Nitsşe əlini-qolunu ölçə-ölçə nə isə izah edirdi, İqbal da təmkinlə onu dinləyirdi. Amma Taqor hiss olunurdu ki, heç nə eşitmir, yaman qayğılıydı. İstədim ona yaxınlaşım deyim ki, artıq sizin yazdığınız kimi, yalnız Hindistan deyil, bütün dünya gəncləri Qərbin zir-zibilini mənimsəməklə məşğuldur, sonra vaz keçdim. Qoca kişinin ürəyini xarab eləməklə əlimə nə keçəcəkdi ki…
Elə bu hündür pillələri bir təhər düşüb dördüncü mərtəbəyə çatmışdım ki, qabağımı iki qalstuklu kəsdi və ingiliscə soruşdu ki, bəs kimsən, nə istəyirsən? Bir anlıq beynimdən keçdi ki, o yuxarıdakı müdriklər mənimlə mənim dilimdə danışırdılar və biz rahatca anlaşırdıq. Bəs burda nə baş verir? Çaşqınlığımı görüb mənə dedilər ki, bura binanın qonaq otağıdır və sizə bura girmək qadağandır. Onların dilində bir təhər səyahət iznim olduğunu izah elədim. Nə düşündülərsə, qısa bir müddət verdilər ki, gir tez bax, çıx. Girdim. Yəqin hər kəsin yadında olar: kənddə hər kəsin evində bir qonaq otağı olardı. Bəzəkli, gözəl, ən bahalı şeylərimizi o otağa qoyardıq, yorğan-döşəyin ən yumşağı, xamı, yeməklərin ən ləzzətlisi o otağın 1-2 gecəlik qonağının qisməti olardı. İldə bir dəfə ora kimsə gələ, ya gəlməyə, amma ev əhalisi üçün ora həmişə qadağan zona idi. Bax, dördüncü mərtəbə bu villanın həmin qonaq otağı idi. Bərli-bəzəkli mebellər, bahalı pərdələr, nəhəng stolların üstündə Azərbaycanın min cür naz-neməti. Dedim yəqin bu qonaq otağı da boş olar. Ancaq dolu idi. Çoxunu tanımırdım, ancaq tanıdığım bir-iki nəfər var idi ki, onlardan anladım burdakıların kimliyini. Hantinqton yuxarı başda oturub eynəyinin altından balaca gözləri ilə məni süzürdü. Yəqin “qeyri-biz”in onları bizləməsindən çəkinirdi və hazır vəziyyətdə gözləyirdi. Sanki dillənsəm, üstümə NATO-nun qoşununu göndərəcəkdi. Fuko ədalı-ədalı yanımdan keçib getdi, ötəri olaraq əlində qızıl-gümüşə tutulmuş kitabının adını oxuya bildim: “Anormallar”. Kənarda kimsə gülməkdən uğunub getmişdi. Boylandım, Freydi gördüm – bir xəstəsinin tarixçəsini yaza-yaza əylənirdi. Amma bilmədim onu əyləndirən xəstəsinin halıdır, yoxsa yazdıqlarının sağlam adamlara tətbiq ediləcəyi? Məni ən çox təəccübləndirən isə İdris Şahla, Oşonu burada görməyim oldu. Nə əcəb, qərblilərin arasında şərqlilər də var?! Sonra onların əsərlərini xatırlayıb hər şeyin məntiq çərçivəsində olduğunu anladım. Eko onlara nə isə göstərib izah edirdi, onlar da tələsik cib dəftərlərində qeyd edirdilər. Bir az diqqət kəsildim: söhbət müsəlmanların Aralıq dənizinə tökülməyinə artıq ehtiyac qalmamasından gedirdi. Özləri özlərini qırımış. Bu Hantington məni lap göz dustağı eləmişdi, ona görə əlavə heç nə eşidə bilmədim. Adam sevmir də “qeyri-biz”lərlə eyni havadan nəfəs almağı! Otaqda həyat qaynayırdı, xidmətçinin biri gedib on beşi gəlirdi: yeyib-içmək, bu cənabların kitablarını daş-qaşa bələmək. Xidmətçilərdən bəzilərini tanısam da özümü görməz gözə qoydum – adam ölkədə hörmət yiyəsidir, onu bu tayfanın xidmətçisi vəzifəsində görsəm birdən xəcalət çəkərdi. Amma deyəsən, o halından çox məmnun idi – yəqin verilən çay pulları yaxşı idi. Onun yerinə mən utanası oldum. Hiss elədim ki, otaqdakı yarı tütün, yarı narkotika tüstüsündən başım gicəllənir. Üstəlik, Freydin qıcıq gülüşləri məni hövsələdən çıxardırdı və mən yavaşca geri addımladım.
Pilləkənin başına çatanda gördüm ki, burda bizimkilərdən ibarət əməlli-başlı növbə var ki! Əllərində daha nə yox idi. Maşallah, millətimizin zəngin mənəvi sərvətləri bol-boldur. Qızıl nimçələrdə qonaq otağına gedən nemətlərə baxanda buna bir daha əmin oldum. Ərkim çatan tanıdığım birinə: “Bu, sənin deyil, millətindi, nə ixtiyarla onu pay verirsən?” – deyə hikkələndim. Üzümə heyrət dolu nifrətləelə baxdı ki, əlləri boş olsa, yəqin məni pilləkəndən baş aşağı atardı. Əziyyət çəkmə, onsuz da özüm gedirəm!
Üçüncü mərtəbədə ölü bir sakitlik vardı. Qapının üstünə yekə-yekə yazılmışdı: “Sakitliyə riayət edin!” Əvvəl istədim barmaqlarımın ucunda o biri mərtəbəyə düşəm. Ancaq bura baxmadan getsəm, sonra maraq məni öldürərdi. Ağır taxta qapını yavaşca aralayıb içəri keçdim. Bura yataq otağı idi ki! Çoxlu dəbdəbəli çarpayılarda kimlərsə yatırdı. Diqqətlə baxanda hər çarpayının üstündə yatanın adının yazıldığını gördüm və … hər şeyi anladım. Bunlar bizim fəlsəfə dosentlərimiz, professorlarımız idi. Hərəsinin başının üstündən bir neçə diplom, medal, fəxri fərman asılmışdı. Kimsə dərin yuxuda idi, ağır-ağır nəfəs alırdı, kimsə uşaq kimi xumarlanıb, yuxuda gülümsəyirdi, kimsə xoruldayırdı, hətta sayıqlayan da var idi. O sayıqlayanların yanında bir katibə oturub dediklərini yazırdı. Təzəcə yuxuya gedənlər o dəqiqə tanınırdı – üzündə yorğunluqdan sonra yaranan bir məmnunluq hissi vardı. Yadıma Mirzə Cəlil düşdü və qayıtmaq istədim. Amma ayağımın altında döşəmə cırıldadı və bəzi başlar qalxıb yuxulu-yuxulu mənə tərəf boylandı: “Yenə sənsən?! Niyə imkan vermirsən yataq? Sənin işin gücün yoxdu? Səni bura kim buraxıb?” Gördüm narazılıq artır, tələm-tələsik üzr istəyib otaqdan qaçdım.
Lap ruhdan düşmüşdüm. Oturdum pilləkənin başında. Hara gedim? Binanı gəzmək həvəsim qalmamışdı. Birdən aşağıdan səslər gəldi – kimsə söhbət edirdi, deyib gülürdü. Qalxıb ikinci mərtəbəyə düşdüm. Bura uşaq otağı idi. Nə uşaq? Fəlsəfə imarətində uşaq neyniyir? Qapını aralayıb içəri boylandım. Nahaq da baxdım. Yuxarıda yatanların balaları idilər, əylənirdilər. Yelləncəkdə uçan kim, gedəcəyi xarici ölkələrin siyahısını müzakirə edən kim, oyuncaq maşınları ilə “avtoşluq” edən kim, kazino düzəldib ruletka fırladan kim. Bir sözlə həyat bütün gücü ilə qaynayırdı. Mənim içəri girən burnumu heç kim görmədi və mən gəldiyim kimi də geri çəkildim. Bunların burda nə işi var? Tam bir mərtəbəni tutub nə işlə məşğuldurlar? Axı bura fəlsəfənin imarətidir? Axı…
Peşman-peşman endim birinci mərtəbəyə. Burada da həyat qaynayırdı. Bura yuxarılar kimi geniş deyildi, kiçik otaqlara bölünmüşdü. Doğma Akademiyaya oxşadı lap. Rəngim-ruhum açıldı. Gənc, yaşlı adamlar sürətlə otaqlara girir çıxır, mübahisələr edir, qayğılanırdılar. Yox, bizim Akademiya belə səs-küylü deyil. Otaqlardan birinə girdim. Bir neçə adam gərgin işləyirdi. “Bura nə şöbəsidir?” – deyə soruşdum. “Nə şöbə? – təəccüblə üzümə baxdılar, – bura Filankəsin iş otağıdır!” Yadıma düşdü ki, həmin Filankəs yuxarıda yatırdı, qızı da Maldiv adalarında otel axtarırdı. “Axı, o…” Sözümü ağzımda qoydular: “Xanım, bura Filankəsin iş otağıdır, onun kitabları, əsərləri burada yazılır, mane olmayın, yad adamların girişi qadağandır! Bu avara, işsiz gücsüz adamları kim içəri buraxır?!” Başqa otağın qapısını açdım – Beşmənkəsin oğlunun, deyəsən, avtoş-balalardan biriydi – dissertasiyası yazılırdı. Daha bir otaqda artıq müdafiənin məşqi gedirdi. O birində isə artıq yazılmış kitabda plagiat tapılmışdı – yazanı danlayırdılar, danlamaq nədi, linç edirdilər. O da and içirdi ki, vallah, özüm anti-plagiatda yoxlayıb vermişdim. Axır ki, danlayan kəs əlini qaldırıb mübahisəni kəsdi: “Bir də belə ehtiyatsızlıq olmasın!” Otaqların birində isə deyəsən, gözəllik yarışmasına hazırlıq gedirdi.
Çöl qapının önünə nə vaxt çatdığımdan xəbərim olmamışdı. Astanada durub bağçaya baxırdım. Tamam kol-kos basmışdı. Nə yol görünürdü, nə cığır. Kim gəlib-gedəcəkdi ki… Birdən tanış səs eşitdim: “Sən burda neynirsən, niyə aşağı enmirsən?” Geri döndüm, tanış simanı gördüm. “Nə aşağı?” – təəccüblə soruşdum. Tanışımın bir əlində ağır çanta, birində noutbuk vardı: “Sən hardan gəldin? Hara gedirsən?” O da mənə təəccüblə baxırdı: “Elə o gedən getdin aa… Bəs bizimlə görüşmək istəmirsən? – gözləri ilə zirzəmini göstərdi, – Mən bilən sən fəlsəfədən müdafiə eləmisən axı?” Sonra da sevincək əlavə elədi: “Mən gedirəm xaricə, konfransa, mükafat almağa, məqaləm də çıxıb, impakt faktorlu jurnalda. Bilsən nə baha başa gəldi?! Düşmüşdüm bir fırıldağın əlinə. Burda zirzəmidə buraxdığı jurnalı millətə impakt faktorlu jurnal kimi sırıyırdı! Amma şükür, məqaləm nəhayət çıxdı. Dissertsiyam da hazırdı, elmi rəhbərimdədi. Mən qaçdım”. (Rəhbəri yuxarıda yuxu bişirirdi). Tanışım tələsik getdi. Mən 1-2 pillə aşağı enib zirzəmiyə boylandım. Yarı-qaranlıqda 1-2 adamın siluetini gördüm. Kölgə kimi dolaşırdılar ortada. “Hə, – dedim öz-özümə, – mən də fəlsəfədən müdafiə eləmişəm, yerim hardasa bu binada olmalıdır. Amma harda, bilmirəm”. Qayıdıb yenə evin kandarında durdum. Ətrafa boylandım. O biri həyətlərdə də bu imarətin eynisi vardı, amma üstündə başqa şeylər yazılmışdı, ədəbiyyatla, fizikanı seçə bildi gözüm. Görən orda vəziyyət necədir? Bəlkə fəlsəfənin daha bir imarəti var, mənim xəbərim yoxdu? Yenə evin ətrafına baxdım. Evin bağçası lap yaman gündə idi. Burda ilan-çayan da yuva salmış olar. Birdən ağlıma gözəl fikir gəldi: indiki burdan başqa yerdə yerim yoxdu, onda bəlkə mən elə bu bağçanın bağbanı olum…?