Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində “Prix Villegiature 2020-2021” – ən yaxşı otel, otel dizaynı və memarlığı, spa, xidmət kimi 21 nominasiya üzrə mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə bir çox ölkələrin səfirləri ilə bərabər, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, dünyanın müxtəlif ölkələrindən otel rəhbərləri, məşhur dizayner şirkətlərinin nümayəndələri iştirak ediblər.
Azərbaycan “Fairmont Baku” oteli 5 otel arasında Avropada ən yaxşı daxili dizayner nominasiyası üzrə qalib gələrək mükafatlandırılıb.
Aparıcı Laith Bazari Azərbaycan haqqında məlumat verərək, oktyabrın 18-də ölkəmizin öz müstəqilliyini bərpa etməsinin 30 illiyini qeyd etdiyini vurğulayıb. O, ölkəmizdəki otellər haqqında danışaraq, 2014-cü ildə “Four Seasons Baku” və 2017-ci ildə Qəbələ rayonundakı “Chenot Palace Health Wellness Hotel”in otellər arasında Avropada ən yaxşı spa, kurort və otel nominasiyaları üzrə qalib gəldiyini diqqətə çatdırıb. Ekranda Bakı otellərinin videoları nümayiş olunub.
Səfir Rəhman Mustafayev ölkəmiz və “Fairmont Baku” oteli haqqında məlumat verib və mükafata görə təşəkkür edib. “Fairmont” otelini təmsil edən “Accor” dizayn şirkətinin vitse-prezidenti Federico Toresi Riba mükafatı qəbul edərək təşəkkürünü bildirib.
Qeyd edək ki, “Prix Villegiature” 2003-cü ildə təsis olunub və otelçilik işi üzrə 21 nominasiyada mükafatlar təqdim edir. Mükafatlar 24 jurnalistdən ibarət münsiflər heyətinin səs verməsi yolu ilə müəyyən edilir.