- Cəmiyyət, Dil, Manşet

Fazil Mustafa: “Başqa ölkənin dilinin Azərbaycanda dövlət büdcəsi hesabına tədris olunması məntiqli deyil”

“Rusdilli məktəblərlə bağlı məsələ gündəmə gətirilir. Əslində burda kifayət qədər haqlılıq payı var. Xarici dillərdə tədrisin bütövlükdə hansı dillərdə olması məsələsi ciddi müzakirə mövzusudur. Bu gün də insanlar haqlı olaraq məsələ qoyurlar ki, təhsil Azərbaycan dilində aparılmalı, başqa xarici dillərin tədrisi isə özəl məktəblərdə Təhsil Nazirliyinin verdiyi müəyyən icazə əsasında aparılmalıdır. Rus dilinə də belə bir münasibət olmalıdır. Rus dilinin özəl məktəblərdə keçirilməsi məsələsi düşünülməlidir”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

“Başqa ölkənin dilinin Azərbaycanda dövlət büdcəsi hesabına tədris olunması məntiqli deyil. Onda gərək biz eyni qaydada digər dillərə də bu münasibəti bəsləyək, ingilisdilli məktəbləri də, başqa dildə olan məktəbləri də dövlət büdcəsi hesabına edək. Bu, ədalətli yanaşma deyil. Hər halda bu məsələ müzakirə olunmalı, cəmiyyətin rəyi də əsas götürülərək addım atılmalıdır. Hətta bu məsələdə kvota da qoyula bilər. Məsələn, müəyyən sayda məktəblərdən başqa digərlərinin artıq özəl məktəbə çevrilməsi düşünülə bilər”, – deputat qeyd edib.