FADMM-in mart hesabatını hazırlayarkən bu ay 1 yaşı tamam olan FADMM-in 1 illik fəaliyyətinə də qısaca nəzər salmaq istədik.
11 mart 2020 -ci ildə yaranan FADMM yarandığı gündən böyük enerji ilə, fasiləsiz olaraq işə başladı. Bu tarixdən etibarən qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün öncə ictimaiyyətə müraciət edərək İnternet saytları, xəbər portalları, radio və televiziya kanalları, o cümlədən dublyaj edilən filmlərdə, metroda, küçə və meydanlardakı reklamlarda, afişalarda ədəbi dil normalarının kobud şəkildə pozulması hallarına qarşı mübarizəyə başladığını elan etdi. Əsas məqsədi ədəbi dilimizin saflığının qorunması oldu.
Belə ki, Bakının müxtəlif ərazilərində ticarət, ictimai iaşə və digər obyektlərdə ədəbi dil normalarına riayət edilməsi ilə bağlı monitorinqlər keçirdi. Yarandığı dövrdən paytaxtda və ölkənin digər ərazilərində pandemiya ilə əlaqədar karantin rejimi tətbiq edilsə də, monitorinqləri məhsuldar oldu. Belə ki, Bakının müxtəlif yerlərində 500-ə yaxın foto çəkildi, sosial şəbəkələrdə paylaşıldı, ayrı-ayrı məqalələrə əlavə edilərək ictimailəşdirildi. Monitorinqlərin nəticəsində məlum oldu ki, Azərbaycan dilinin dövlət dili kimi maneəsiz inkişafı ilə bağlı üzərinə konkret öhdəliklər düşən strukturlar öz vəzifəsini yaxşı icra etmir. Televiziya və radio verilişlərində də ədəbi dil normaları kobud şəkildə pozulur. Ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl olunmaması hallarına qarşı mübarizə üçün FADMM bir cəbhə açdı. 1 il ərzində ədəbi dil normalarının pozulması halları ilə müxtəlif veb saytlarda yüzədək məqalə dərc edildi. Məqalə müəllifləri həm FADMM-çilər, həm onu dəstəkləyən, ona qoşulan ziyalılar idi. Məqalələrdə öncə dilimizin gözəlliyi, saflığı yorulmadan təbliğ edidi, sonra paytaxt küçələrində xarici dillərin hegemonluğuna, paytaxtı və olkənin bütün rayon və kəndlərinin küçələrini, idarə və müəssələrinin, ticarət və iaşə obyektlərinin, reklamlarını ağzına almış əcnəbi dillərə qarşı bu cür faktları özündə əks etdirən şəkillər də əlavə olunmuş məqalələr dərc edildi. Dil haqqında Qanunun pozulması halları ilə bağlı Bakının “Fəvvarələr Meydanı”, Azərbaycan prospekti, Cavid prospekti, 28 May küçəsi və Bakı Dəmiryol Vağzalı ətrafının,
M.Ə.Rəsulzadə, M.Füzuli, B.Vahabzadə, Ə.Haqverdiyev, M.Şərifzadə, A.Bakıxanov , Ş. Qurbanov, Əziz Əliyev küçələrindəki reklam və idarə , ictimai iaşə obyektlərinin adlarının linqvistik təhlilləri aparılaraq, hər küçədəki obyektlərin dil cəhətdən təsnifatı verilərək məqalələr yazıldı. FADMM-in monitorinqlərinin birindən belə bir fakt aşkar olundu ki, M.Ə.Rəsulzadə küçəsindəki 42 obyekt və müəssisə adlarının 41-ində, Azərbaycan prospektində 62 ticarət və iaşə obyektindən 61-ində əcnəbi dildən istifadə olunub.
Həmçinin başqa küçələrdə də vəziyyət eynilə bu cür acınacaqlı durumda idi.
Odur ki, FADMM ədəbi dil normalarının pozulması halları ilə əlaqədar aidiyyəti orqanlara müraciətlər etdi.
Bundan başqa, “Azərtac” Dövlət İnformasiya Agentliyinin saytında mərhum akademik Tofiq Hacıyevin mövqeyinin təhrif edilməsi ilə bağlı Agentliyin İdarə Heyətinin sədri Aslan Aslanova, eyni səhvi təkrar edən “Xalq qəzeti”,
“Yeni Azərbaycan” qəzeti və bir sıra saytların rəhbərliyinə məktub gündərilib və düzəliş edilməsi xahiş olundu.
Həmçinin FADMM tərəfindən Milli Məclisin 120 deputatına müraciət edilərək hər birinin e-mail poçtuna və ya MM-in poçtuna göndərildi.
Müraciətdə radio və televiziya kanallarında, mətbu nəşrlərdə, sosial şəbəkələrdə, həmçinin reklam vasitələrində ədəbi dil normalarının kobud şəkildə pozulması, dilimizin fonetik, leksik və qrammatik normalarına lazımınca əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi hallarından narahatlıq ifadə olundu. Bu barədə FADMM-in ilk müraciəti Yazıçılar Birliyinin sədri, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının sədr müavini Anar Rzayevə, sonra millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova, ən sonda, 2021-ci ilin fevralında Azərbaycan Respublikası Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh xanım Əliyevaya oldu.
İlk reaksiya Bakı Şəhər İcra Hakimiyyətindən gəldi. İcra hakimiyyətindən məktuba cavab yazaraq qeyd etdilər ki, müraciətdə qaldırılan məsələ BŞİH tərəfindən yüksək qiymətləndirilmiş və təqdirəlayiq hesab edilmişdir.
Müraciətdə qaldırdırılan məsələnin yerində araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Reklam Agentliyi tərəfindən birgə komissiya yaradıldı. Komissiya tərəfindən Bakının küçə və prospektlərində mövcud Qanunun tələblərinin pozulmasının aşkar olunması, məsələnin mahiyyəti üzrə araşdırılması və monitorinqlərin aparılması istiqamətində yoxlamalara başlanıldı, məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Dövlət Reklam Agentliyinə rəsmi müraciət edildi. FADMM -in müraciətinə növbəti cavab Milli Məclisin deputatı, Mədəniyyət Komitəsinin sədri Qənirə xanim Paşayevadan gəldi. “Dilimizin saflığının qorunması, dövlət dili haqqında qanuna əməl edilməsi üçün səlahiyyətim daxilində hər cür kömək edəcəyəm”, – deyə Q.Paşayeva bizə bildirdi.
Yazıçılar Birliyinin sədri, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının sədr müavini Anardan isə hələ də cavab gözləyirik…
2020 ci ilin İyun ayında BŞİH -dən məsələnin müzakirəsi ilə bağlı dəvət alındı və müraciətlə bağlı Bakı Şəhər İcra Hakimiyyətində tanınmış ziyalılarla görüş baş tutdu.
Görüşə FADMM sədri Vasif Sadıqlı olmaqla 6 nəfər ziyalı yollandı. Bunlar: AMEA-nın müxbir üzvü, Amerika Fəlsəfə Assosiasiyasının və UNESKO nəzdində Filosof Qadınlar Cəmiyyətinin üzvü, Asiya Fəlsəfə Assosiasiyasının vitse-prezidenti Könül Bünyadzadə, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, professor Qulu Məhərrəmli, filologiya üzrə fəlsəfə doktoru, dosent İradə Musayeva, filologiya üzrə fəlsəfə doktoru dosent Nuridə Novruzova, hüquqşünas Səməd Vəkilov idi.
Görüşdə qərara alındı ki, növbəti müzakirədə Əqli Mülkiyyət Agentliyi və İqtisadiyyat Nazirliyinin əlaqədar şəxsləri də iştirak etsin, praktik fəaliyyət üçün ilk addımlar atmaq məqsədilə yeni layihələr hazırlansın.
Nümayəndə Heyəti ilə birlikdə məsələni çözmək üçün 2-ci dəfə görüş təyin edildi. Müzakirələrdən məlum oldu ki, məsələ o qədər də asan həll olunası məsələ deyil. BŞİH-nin FADMM -ə yazdığı cavabda deyilirdi ki, Azərbaycan Dövlət Reklam Agentliyi monitorinqlərə başlayıb və nəticələri barədə FADMM -ə məlumat veriləcək.
2021-ci ilin mart ayında Azərbaycan Respublikası Prezident Administrasiyasına ünvanlanmış müraciətə cavab alındı. Məktubda deyilirdi: “Məlumat üçün bildiririk ki, qeyd edilən məsələnin bilavasitə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin nəzarəti və səlahiyyətləri daxilində olmasını nəzərə alaraq, məsələnin yerində araşadırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin əməkdaşlarından ibarət komissiya yaradılmışdır.
Müraciətinizdə qaldırılan məsələnin ciddiliyi və əhəmiyyətini nəzərə alaraq, Azərbaycan dövlətinin rəmzlərindən olan dövlət dili haqqında qanuna riayət edilməsi sahəsində vəziyyətin öyrənilməsi məqsədilə Komissiya tərəfindən Bakı şəhərində ixtiyari bir küçənin seçilərək, ziyalıların iştirakı ilə birgə monitorinqin aparılması qərara alınmışdır”. Yenidən BŞİH-ə görüş üçün dəvət alındı. Bu dəfə görüşdə FADMM sədri Vasif Sadıqlı və hüquqşünas Səməd Vəkilov iştirak etdilər.
Qeyd edək ki , Bakı küçələrini ağzına almış əcnəbi dilə qarşı mübarizə heç də ondan az qorxulu olmayan çətin pandemiya şəraitində gedirdi. Qurumun sədri Vasif Sadıqlı hər cür çətinliyə baxmayaraq, Bakı küçələrində reklam və müəssisə adlarındakı çatışmazlıqları, qüsurları, orfoqrafik, leksik, qrammatik, səhvləri özündə əks etdirən 500-ədək şəkil çəkmiş və yazılan məqalələrə əlavə etdirmişdir. Bakının Fəvvarələr Meydanını, Azərbaycan prospektini, Cavid prospekti, 28 May küçəsi və Bakı Dəmiryol Vağzalı ətrafı, M.Şərifzadə , Ə.Haqverdiyev, M.Ə. Rəsulzadə, B. Vahabzadə, A.Bakıxanov, M. Füzuli, Ş. Qurbanov, Əziz Əliyev küçələrini qarış-qarış gəzərək, şəkillər çəkib.
Həmçinin FADMM il ərzində bu məsələ ilə bağlı ölkənin bir çox tanınmış adamlarından ədəbi dillə bağlı müsahibələrin götürülməsi ilə də yaddaqalan oldu. Belə ki, FADMM sədri Vasif Sadıqlı bir neçə dəfə həm Azərbaycan, həm də Rusiya saytlarına məsələ iıə bağlı müsahibələr vermiş, həmçinin özü də AMEA-nın müxbir üzvü Könül Bünyadzadə və yazıçı Yeganə Kərimzadədən müsahibələr alıb.
FADMM -in icraçı direktoru
Gülyaz Əliyeva tanınmış ədəbi tənqidçi, dosent İradə Musayeva, şair, AYB-sədr müavini və Dil Qurumunun sədri Fikrət Qoca, Bakı Slavyan Universiteti Müasir Azərbaycan dili kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Şəhla Əhmədova, ilahiyyatçı alim, tərcüməçi Nəriman Qasımoğlu, Milli Məclisin deputatı Azərbaycan Dil Qurumu İctimai Birliyinin sədri, Xalq şairi Sabir Rüstəmxanlı, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Müşahidə Şurasının üzvü, Azərbaycan Dövlət Pedaqoji Universiteti Filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova və Milli Elmlər Akademiyasının işçisi, Səadət Şıxıyevadan, FADMM üzvü Pərvanə Bayramqızı yazıçı Seyran Səxavətdən, ədəbi dil, müstəqillik dövründə ədəbi dilimizin inkişafı üçün təhdidlər, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında, radio, televiziya verilişlərində aparıcı və iştirakçiların ədəbi dil normalarını pozması, küçə və prospektlərimizin “əcnəbiləşməsi” haqda müsahibələr alıb. Daha sonra ADRA-dan, Milli Məclis üzvlərindən geniş cavab məktubları alındı. FADMM-in və ziyalıların müraciəti nəticəsiz qalmadı. Dövlət başçısının sərəncamı ilə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı, həmçinin cərimələr tətbiq olunması ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi. Onlarla aidiyyəti olan vəzifəli şəxsə və quruma, 120 deputata, BŞİH-nə edilən müraciətlər , BŞİH-də görüş ictimaiyyət arasında geniş rezonans doğurdu, bir çox KİV-də,
saytlarında dərc edildı, hətta ölkədən kənara çıxdı.
“Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin (FADMM) sədri Vasif Sadıqlının təşəbbüsü ilə başlanan hərəkat Türkiyədə də rezonans doğurdu və bəlkə də, ilk dəfə idi ki, biz Türkiyədən deyil, Türkiyə bizdən örnək götürdü. Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə problem Yüksək Məşvərət Məclisində müzakirəyə çıxarıldı.
Az-da TV-də isə Mərkəz rəhbərinin məsələ ilə bağlı verilişdə FADMM sədrinin təşəbbüsü qeyd edildi.
Olkədə müharibə getdiyi ərəfədə də FADMM işini dayandırmayaraq başqa səmtə yönəltdi. Sentyabrın 27 -dən dekabradək olan bir vaxtda FADMM işğal olunmuş ərazilərdə toponimlərin dəyişdirilməsi, erməniləşdirilməsi ilə bağlı yazılar yazaraq saytlarda dərc elətdirdi. Noyabrın 11-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində təqdim olunan 109 səhifəlik “Azərbaycanın dini, tarixi və mədəni abidələrinin Ermənistan tərəfindən dağıdılması və təhqir olunması faktlarına dair hesabat”ın müəlliflərindən biri, FADMM və Din və Demokratiya Mərkəzinin sədri Vasif Sadıqlıdır. O, sözügedən hesabatı “Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılovla birgə hazırlayıb.
Mart ayının bayramlar və qurumun yaranması ilə əlaqədar istirahət günləri ilə zəngin ay olmasına baxmayaraq, yenə də FADMM-çilər boş dayanmayıb. Mart ayı ərzində Vasif Sadıqlı: “BŞİH: Ziyalıların iştirakı ilə monitorinq aparılması qərara alınmışdır”, “ADRA və BŞİH nümayəndələri ilə Rəsulzadə küçəsində başmaq seyri”
“Əziz Əliyev küçəsi əcnəbicə danışdırılır, azərbaycanca susur”,
Pərvanə O-nurlu: “Ana dili ruhun qidasıdır”, Rəmzi Sadıqlı: “Azərbaycan dilinin mühafizəçilərinin bayramı” , Pərvanə Bayramqızı: “Tarixin bir anı” məqalələrini yazmış, həmçinin FADMM -in 1 illik fəaliyyəti ayrı-ayrı ziyalılar tərəfindən yüksək qiymətləndirilmiş, onun fəaliyyətini əks etdirən dəyərləndirən təbrik yazıları ilə də bol olmuşdur. FADMM -i qiymətləndirən və təbrik edənlər arasında professor Aida Qasımovanın: ” Belə bir müqaviməti təşkil edib öndə getmək lazım imiş”, ilahiyyatçı alim Nəriman Qasımoğlunun:”FADMM -in 1 yaşı”, professor Fəxrəddin Veysəllinin: “FADMM öz işini tənqid üzərində qurarsa…”, professor Tərlan Quliyevin, “Ürəyində, yuxularında ana dilində danışmırsansa…”, AMEA müxbir üzvü Könül Bünyadzadənin, “Ana dilinin cəngavəri”, profesdor Qulu Məhərrəmlinin:” Dili qorumaq hamınn borcudur”, Qars Univeritetinin, dosenti, Afina Məmmədlinin :”Ziyalı insanlar bir yerdə olanda günəş kimi parlayırlar”, filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Könül Hacıyevanın: “Füsunkar Ana Dilimizin Müdafiə və Mühafizəsi təşkilàtı”, AMEA Ədəbiyyat İnstitutunun aparıcı elmı işçisi, fəlsəfə doktoru, dosent Pərvanə Məmmədlinin:” Hökmdar vətəndaşın hüququnu əlindən ala bilər, dilinə isə gücü yetməz!”, AMEA aparıcı elmi işçi Aybəniz Rəhimovanın: ” Ana dilimin pərvnələri”, hüquqşünas Yeganə Məmmədovanın:” Azərbaycan dilini onu sevənlər yaşadacaqlar” ADPU-nun müəllimi, elmi işçi Aynurə Əliyevanın:” Bir yaşlı dil mərkəzi – FADMM”
məqalələri FADMM səhifəsində işıqlandırıldı. Mərkəzin 1 ildə gördüyü işlər, yazılan məqalələr, alınan müsahibələrin kitab halında nəşri də nəzərdə tutulub.
Eyni zamanda 1 ildə görülən işlər: yazılan məqalələr , alınan müsahibələr, həmçinin , Azərbaycan Yazıçılar Birliyinin sədri Anara, MM-in deputatı Mədəniyyət şöbəsinin müdiri Qənirə Paşayevaya müraciətlər, BŞİH-nə, Milli Məclisin deputatlarına ADRA-nın cavab məktubu, Milli Məclisdən gələn cavablar”, həmçinin təbrik yazıları geniş ictimaiyyətə çatdırıldı, müxtəlif saytlarda:
“Azerinform .com”, “Moderator.az”, “Straterq.az”, “rupor.az”, “İlkxeber.org”, “baymedia. az”, “xalqcebhesi,az” “teref.az”, “təzadlar.az”, “axar .az”, “publika.az”, “news 24.az”, ”teleqraf.com”, “turkustan.info”, “teleqraf.com” “dialoq.info”, “publika.az”, “Kamilinfo. net”, saytlarında, həmçinin Rusiyanın “Atalar.ru” saytında rus dilində, Türkiyənin “Tarihistan” saytlında türk dilində dərc edilərək geniş ictimaiyyətə çatdırıldı.
FADMM fədakarlıqla çalışan üzvlərini, həmçinin ona kömək edənləri qiymətləndirməyi, ruhlandırmağı da unutmadı. FADMM üzvləri Pərvanə Bayramqızı, Sima Cəfərova və icraçı direktor Gülyaz Əliyeva, həmçinin FADMM-in dostları Səadət Şıxıyeva, Nəriman Qasımoğlu göstərdiyi əzmkarlığa və zəhmətə görə qurumun rəhbəri Vasif Sadiqli tərəfindən təşəkkürnamə ilə təltif edildi.
FADMM dilimizin təmizliyi uğrunda apardığı mübarizənin səmərəli olacağına və tezliklə paytaxtın ticarət və digər xidmət obyektlərində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun müddəlarının tətbiq edilməsinə nail olacağına inanır!
FADMM ona göstərilən etimadı doğrultmağa çalışacaq, problemin həlli ilə bağlı səylərini bundan sonra da davam etdirəcək.
“Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”nin mətbuat xidməti