- Maraqlı

Ecazkar yeraltı dünya – metro

London metropoliteni dünyada ən qədim metrodur. İlk metro məhz İngiltərədə inşa olunub. O, 1863-cü ildən bu yana fasiləsiz olaraq xidmət göstərir və hər gün 3 milyon insan daşıyır ki, bu da bir ildə 1 milyard sərnişin deməkdir. London metrosu 12 xətdən ibarətdir və 270 stansiyaya malikdir.

Xətlərinin uzunluğuna görə dünyada birinci yeri Şanxay metrosu tutur. 1995-ci ildən istifadəyə verilməsinə baxmayaraq onun 12 xəttinin uzunluğu 434 kilometr təşkil edir. Buna baxmayaraq Şanxay metrosunun tikintisi hələ də davam edir.

Nyu-York metrosunda isə dünyada ən çox – 468 stansiya var. Onlar şəhərin 5 rayonundan 4-də – Manhetten, Bruklin, Kuins və Bronksda yerləşir. Bu yaxınlarda Nyu-Yorkda “Oculus” adlı dünyanın ən bahalı stansiyası istifadəyə verilib. O, 2001-ci il 11 sentyabr hadisəsi qurbanlarına həsr olunmuş xatirə abidəsinin yanında yerləşir. Konstruksiyanın tavanı uçmağa hazırlaşan ağ quş şəklində qurulub. Layihənin müəllifi ispaniyalı futurist-rəssam Santyaqo Kalatravadır.

Dünyanın ən çox yüklənmiş metropoliteni Tokiodadır. Gün ərzində təxminən 9 milyon sərnişin daşıyır. Tokio metrosunun hər stansiyasında sərnişinləri ağzına qədər dolmuş vaqonlara itələyən xüsusi işçi də var.

Dünyada ən gözəl və qeyri-adi metrolardan biri İsveçin paytaxtı Stokholm şəhərində yerləşir. Stokholm metrosunu dünyanın ən uzun rəsm qalereyası adlandırırlar. 1950-ci ildə istifadəyə verilən metro indiyə qədər rəssamların tərtibatı ilə hazırlanır. 1970-ci illərdən tikintisi ucuz başa gəlsin deyə stansiyanın divarlarını hamarlamaqdan imtina edirlər. Bu səbəbdən metro bədbin görünməsin deyə onları rəsm və heykəllərlə bəzəyirlər. Bundan başqa, bəzi stansiyalar müasir rəssamlar üçün sərgi meydançaları kimi istifadə olunur. Bütün bunlar Stokholm metrosunu əlvan, qeyri-adi və əsl mənada unikal hala gətirib.

Ən dərin metropoliten isə Sankt-Peterburqdadır(Rusiya). Buradakı 65 stansiyadan 57-si torpağın çox dərin qatlarında salınıb. Bunların arasında yer alan “Admiralteyskaya” stansiyası 102 metr dərinlikdə tikilib.

Parisdə dünyanın ən dolaşıq metrosu yerləşir. Burada sözün əsl mənasında azmaq olar. 16 xətdən və 301 stansiyadan ibarət Paris metrosu, eyni zamanda metrodan daha dərində yerləşən şəhər ətrafı elektrik qatarı xətləri ilə bağlıdır. Metropolitenin xəritəsi çox dolaşıqdır, stansiyalar arası keçidlərə isə çox zaman 15 dəqiqədən artıq vaxt sərf olunur.

Moskva metropoliteni dünyanın ən gözəl stansiyalarından birinə malikdir.

“Atoça” stansiyası Madridin və İspaniyanın ən iri dəmiryol qovşağıdır. Müasir stansiyanın mərkəzində palma və digər tropik bitkilər və iri tısbağa koloniyalarının yaşadığı gölün olduğu özünəməxsus qış bağı yerləşir.

Dubaydaki yerləşən “Xalid Bin Əl Valid” metro stansiyası düz “BurJuman Mall” ticarət mərkəzinin altında tikilib. Bunun sayəsində “Xalid Bin Əl Valid” şəhərin ən çox gediş-gəlişli stansiyalarından birinə çevrilib.

portal.azertag.az