- Dil, Xəbərlər

Fransada oksitan və qaskon, Böyük Britaniyada korn və men…

 «Məsnəvi»də bir rəvayət var dalğınlıqla bağlı. Məcnun dəvəni minib Leylini görməyə gedirmiş. Dəvənin belində xəyalata cumur və dəvənin ovsarı (yüyən) boşalır. Dəvənin də fikri öz balasının yanındadır axı. Yüyənin boş olduğunu görüb başını döndərir öz evlərinə, balasının yanına. Məcnun bir də baxır ki, dəvənin balasının yanına gəlib. Bu hal bir neçə dəfə təkrar olunandan sonra Məcnun dəvəni buraxıb deyir: «Sən mənim başımın bəlasısan. Sənin öz dünyan var, mənim öz dünyam, səninlə mənimki tutmaz». Məndə də oxşar hallar olub. Bir dəfə sükan arxasında dalğın halda olmuşam, maşın başqa yerə gedirmiş. Yanımdakı yoldaş qayıtdı ki, hara belə? Bir də baxım avtomobil əvvəlki sahibinin evinə gedir. Əlqərəz, bu dalğınlıq çox pis şeydi.

Mən hər gün bir qayda olaraq tərcümə ediləcək mətnləri əllameyi-ülul-ərzlə (internet) qəbul edib sənduqeyi-əvraqa (My Documents) atır, sonra “igidin sağı-solu olmaz deyib”, bir yandan tərcümə edirəm. Orda boş vaxtda oxumaq üçün Avqust Şleyxer, Vilhelm Humboldt və Ferdinand Sössürün dil barədə yazıları, bir də “Dillərin ölümü” adlı seçmə vardı. Necə dalğın olmuşamsa, işi qurtarandan sonra dillərin ölümü ilə bağlı mətni də bunlara qatıb tərcümə etmişəm. İncəfara, təxtül-hürufatın (klaviatura) taqqıltısına ayıldım. Hiddətlənib eyvana çıxır, bir “Layk strike” yandırıb onun aromatlandırılmış və zənginləşdirilmiş tüstüsünü Yasamalın axşamüstü səmasına ötürürəm. Əndamı yanmış Ay yenə üzbəüzdəki böyük binanın arxasında mənə baxıb nazlı-nazlı gülümsəyir. “Çahi-Babilə bənzəyən zənəxdanına quzu kəsim” deyə mızıldanıram. Yanağına xəfif bir qızartı çökür. Hİddətim keçdi. Zəhmət çəkmişəm deyə yazını atmağa da heyfim gəlir. Maraqlananlar oxusun.

*YUNESKO deyir ki, dünyada 6 minə qədər dil qalıb. Hər həftə bu dillərdən biri canının tapşırır. Səbəb dil daşıyıcılarının ölməsidir. Hazırda 3 minə qədər dil ölüm ayağındadır. Deyir, dillərin ölməsinə əsas səbəb qloballaşma və bəzi dillərin güclü dillər tərəfindən sıxışdırılmasıdır. Bu məsələdə təhsil, televiziyalar, başqa KİV; sosial və iqtisadi amillər də rol oynayır.

*Nyu-Yorkda 75 dildə danışılır. Amerikanın yerli əhalisinin dil və ləhcələrinin sayı 700-ə yaxındır və onların əksəriyyətinin yazısı yoxdur.

*Amerikada yerli hindulara məxsus 170 dil var ki, həmin dillərdə danışanların orta yaşı 60-dan çoxdur. Yəni bu dillərin ölümünə az qalıb.

*Ən çətin dillərdən biri Şimali Amerikada yaşayan çippeva hindularının dilidir. Bu dildə 6 minə qədər feil forması var. Dağıstandakı tabasaran dili də çox mürəkkəbdir. Bu dildə ismin 44 halı var. Eskimos dilində indiki zaman feillərinin 63 forması var. Ən mürəkkəb dil Çin dili sayılır. Bu dildə 20 milyon heroqlif var.

*Ən asan dil Polineziyadakı havay dili sayılır. Bu dildə 5 sait, 6 samit var və sözləri çox asan tələffüz edilir.

*Rusiyada ölməkdə olan dillərdən biri xantı dilidir. Hazırda bu dildə yüzə yaxın adam danışır.

Ölü dili diriltmək olar?

Ayrı-ayrı bitki və heyvanların bəzi növlərini DNT kodu ilə bərpa etmək mümkün olduğu kimi, dilləri də bərpa etmək olurmuş. Artıq Əhdi-Ətiqin yazıldığı və neçə əsrlər danışıqda istifadə edilməyən ivrit (qədim yəhudi) dili bərpa olunub. XIX əsrdə Elayzer Ben-Yəhudanın (1858–1922) rəhbərlik etdiyi hərəkat bu dili bərpa edib və ilk daşıyıcısı elə Yəhudanın oğlu olub. 1948-ci ildən bu dil İsraildə orta məktəblərdə tədris olunmağa başlayıb. Bu, onu göstərir ki, ölmüş və ya ölməkdə olan dili bərpa etmək olar. Eləcə də Fransada ölməkdə olan oksitan və qaskon, Böyük Britaniyada ölmüş korn və men dilləri “dirildilib”.

Süni dillər

Bəzi dillərin ölməsi ilə yanaşı, yeni süni dillər də yaradılır. Onların sayı artıq yüzü keçib. Amma bu dillərin heç biri populyarlıq qazana bilməyib. Son 20 ildə 28 süni dil yaradılıb və onların arasında Beynəlxalq Slavyan Xalqları İcmasının yaratdığı “slovyanski” dili də var. Qəribədir ki, bu dildən həmin xalqların çoxunun xəbəri yoxdur.

P.S. Öldürməyin, dirildin. Camaat 1000 ilin ölüsünü dirildir.  

Xeyirli bazar günləri