- Cəmiyyət

Fransalı jurnalistlər Şuşa, Ağdam, Füzuli və Cəbrayılda olub

Azərbaycanda səfərdə olan Fransanın ERE TV media qurumunun nümayəndə heyəti Heydər Əliyev Mərkəzini ziyarət edib.

Bu barədə APA-ya Milli Məclisin deputatı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov məlumat verib.

O bildirib ki, fransalı jurnalistlər Heydər Əliyev Mərkəzində təşkil olunan sərgilərdə nümayiş etdirilən sənət əsərləri ilə tanış olub, Mərkəzin tarixi, fəaliyyət istiqamətləri, burda keçirilən tədbirlər haqqında məlumat alıblar: “Fransalı jurnalistlər işğaldan azad olunmuş ərazilərdə – Şuşa şəhərində, Ağdam, Füzuli Cəbrayıl rayonlarında olub, Ermənistanın işğalı dövründə törədilmiş dağıntılar, habelə bu gün dövlətimizin həyata keçirdiyi genişmiqyaslı quruculuq işlərini öz gösləri ilə görmək imkanı qazanıblar. Eyni zamanda Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarının işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi minaların zərərsizləşdirilməsi əməliyyatlarını müşahidə ediblər”.

S. Məmmədov qeyd edib ki, fransalı jurnalistlər Azərbaycanda mövcud olan multikulturalizm ənənələri, dini və etnik dözümlülük mühitini nümayiş etdirən təhsil ocaqlarına, muzeylərə, mədəniyyət mərkəzlərinə də baş çəkiblər: “Ümid edirəm ki, bu səfər Azərbaycan həqiqətlərinin Fransa ictimaiyyətinə, eyni zamanda, ERE TV-nin əməkdaşlıq etdiyi digər media qurumları vasitəsilə dünyaya çatdırılmasına mühüm töhfə olacaq”.