- Dil

Gəncədən gəlirəm

Gəncə  deyəndə Nizami Gəncəvi,  Cümhuriyyətimizin ilk paytaxtı, Cavad xan yada düşür. Mədəniyyətimizin ən qədim ocaqlarından biri olan Gəncəni çoxdan görmürdüm. Tarixin özü qədər qədim olan bu şəhər mən gördüyüm zamandan xeyli dəyişib. Düzü, yeddi il əvvəl orda olanda nə şəhəri çox gəzmək imkanım olmuşdu, nə də  reklamlara, göstəricilərə o qədər diqqət yetirmişdim. İndi, necə deyərlər, “müştəri gözü” ilə baxdım. Baxdım və çox pərişan oldum. Avqustun 30-da  görkəmli dilçi alim Nəriman Qasımoğlu “İllxəbər.org”a müsahibəsində: “Azərbaycan ədəbi dili azərbaycanlıların siyasi qazanclarından biridir. Çünki xalqı millətə çevirən amillərdən biri onun ədəbi dilidir”, “Linqvistik ekspansiyanı paytaxtımızdan başlayıblar, bölgələrə də daşımaq istəyirlər. Məsələnin siyasi aspektində isə milli müstəqilliyə ironik münasibətin sərgilənməsi var. Qarşısı hökmən alınmalıdır”- demişdi. 

Gəncənin bircə küçəsinə baxanda “bölgələrə də daşımaq istəyirlər“ ifadəsində feilin zamanının “daşıyıblar”la əvəz olunmasının labüdlüyünü gördüm. Çünki Gəncə çayının perpendikulyar axdığı mərkəzi küçədə doğma dildə bir-iki kiçik mağaza istisna olmaqla, digər mağaza və restoranların, böyük ticarət obyektlərinin hamısının adının əcnəbi dildə olması məni hədsiz məyus etdi. Küçəni addımladıqca  təhlükənin miqyasının nə qədər böyük olduğunun, artıq linqvistik ekspansiyanın bir epidemiya kimi ölkəni bürüdüyünün şahidi oldum. Mənə elə gəlir ki, bütün dilçilər: leksikoqraflar, dialektoloqlar, dilçi-tədqiqatçı alimlər, digər ziyalılar, şair və yazıçılar  – hamı işini bir kənara qoyub yalnız linqvistik ekspansiyanı aradan qaldırmaq üçün birləşməli, buna qarşı müharibə elan etməlidirlər. Vəziyyət kifayət qədər ciddidir. CİDDİDİR. Əgər dil qanunu ölkədə göz qabağında bu cür kobudcasına və etinasızcasına pozulursa, daha hansı irəliləyişdən, elmi araşdırmaların uğurundan danışmaq olar? İlk iş bu olmalıdır. Ayılmaq zamanı çoxdan keçmişdir. Linqvistik ekspansiyaya qarşı “üsyan”, yalnız əsl “üsyan” yazıq dilimizi və ölkəni əcnəbi dillərin əsarətindən qurtara bilər. Azərbaycan xalqının dilçiləri, ziyalıları, ictimai xadimləri, birləşin!!

HƏCƏR , FADMM-in üzvü