2004-cü illin əvvəlləri idi, Vaşinqtonda Corctaun Universitetində çalışırdım. Bu universitet Amerika paytaxtında siyasi ideyalar istehsal edən mərkəzlərdən sayılır.
Bir gün e-mail poçtuma mühüm bir konfransda iştirakım üçün rəsmi dəvət gəldi. Dəvətdə konfransın ABŞ Dövlət Departamentinin maliyyəsi ilə keçirildiyi, Zaqafqaziya ölkələrinin problemlərinə həsr olunduğu bildirilir, məndən xahiş edilirdi Azərbaycanda dini durumla bağlı məruzə ilə çıxış və sessiyaların birinə rəhbərlik edim.
Konfrans Virciniya ştatının səfalı bir guşəsində keçiriləcəkdi, iştirakçılar üçün koteclərdə istirahət də nəzərdə tutulurdu. Oraya yola düşməzdən öncə bizdən ötrü Vaşinqtonun bir restoranında ziyafət verilirdi.
Sayı 15-20 nəfərdən artıq olmayan iştirakçıların siyahısında bir də baxıram 7-8 nəfər erməni millətindən olanlardır. Əksəriyyəti də gənclər. Amerikanın müxtəlif universitetlərini təmsil edirlər. Siyahıda ahıl çağını yaşayan Jirayr Libaridyan da var. Tanımayanlar üçün bildirim, əslən Livan ermənisi olan Libaridyan tarixçi və siyasətşünas kimi Amerikanın siyasi dairələrində yaxşı tanınır. Vaxtilə Ermənistan prezidenti Levon Ter-Petrosyanın xarici məsələlər üzrə müşaviri olub, Qarabağ danışıqlarında fəal iştirak edib.
Başa düşürəm ki, ermənilərin bu vacib konfransda sayca çoxluğunu təmin edən odur. Ziyafətdə ABŞ Dövlət Departamenti rəhbərlərindən biri (populyar siyasətçilərdən idi, adını unutmuşam) və Ermənistan səfiri də var. Hələ ki, masalar arxasına keçməmişik, “tusovka”dır, necə deyərlər, iştirakçılar tanışlıq üçün özlərini bir-birinə təqdim edirlər.
Libaridyanın mənə marağı xüsusidir, özümü təqdim etməyim ona bəs etmir, kimliyimin ayrıntılarını öyrənmək üçün ədəb-ərkanla məni suala tutur, araşdırmalarımla maraqlanır. Sonra məndən ayrılıb ikilikdə söhbətləşən həmin o ABŞ rəsmisi və erməni səfirinə qoşulur. Mən isə lap yaxında dayanıb amerikalılardan biri ilə kəlmə kəsməyimdəyəm. Fikrim də onların yanındadır ki, görəsən, Azərbaycan əleyhinə nə danışırlar. Birdən Libaridyan işarə ilə məni öz yanlarına dəvət edir, üzünü onlara tutub:
– İcazə verin sizə Azərbaycanın tanınmış bir ziyalısını təqdim edim, – deyir.
Ardınca da haqqımda xoş sözlər. Əlbəttə, onun bu davranışını “erməni bicliyi” kimi deyil, sadəcə Amerikada akademik və siyasi mühitin tələblərinə uyğun nəzakət jesti kimi qəbul edirəm. Həm də məlumatım var ki, Qarabağ məsələsinin həllində o zamankı Köçəryan hakimiyyətindən fərqli olaraq Azərbaycana güzəştli mövqeyin tərəfdarıdır.
Hər biri ilə salamlaşıb üzümü Amerika rəsmisinə tutub onun siyasi fəaliyyətindən məlumatlı olduğumu, TV-lərdə çıxışlarına baxdığımı deyirəm. O da Corctaun universitetində nə ilə məşğul olduğumun ayrıntıları ilə maraqlanır. Qısaca məlumat verib söhbətin səmtini dəyişirəm:
– Siz söhbət edərkən kənarda olsam da, qulağıma “UN” (Birləşmiş Millətlər Təşkilatı) sözü dəydi. Maraqlıdır, öz aranızda (yəni erməni səfiri və Libaridyanla) bunumu müzakirə edirdiniz ki, Qarabağ məsələsi BMT TŞ-nın müvafiq qətnamələri əsasında həll edilməlidir?
Səmimi deyiləm, əlbəttə. Bilirəm ki, “BMT” sözünü o kontestdə işlətməyiblər. Sadəcə boyunlarına qoymaq istəyirəm, necə deyərlər. Haşiyə çıxaraq qeyd edim ki, indi bu sətirləri yaza-yaza Qarabağın azadlığı üçün hüquqi baza yaratmış həmin qətnamələri və digər beynəlxalq sənədləri Azərbaycan Prezidentindən tutmuş bütün vətənpərvər gənclərimizə qədər düşmənlə davamızın qanuni sənədləri kimi dünyanın “kor” gözlərinə, “kar” qulaqlarına hamılıqla necə haqlı bir inadla təpməyimizin diplomatik nəticələrindən də sevincliyik…
Amerika rəsmisi gözlədiyim cavabı verir:
– Xeyr, BMT qətnamələri məsələni həll edə bilmir, reallıqlar başqadır…
– Aydındır. Söhbətinizə davam edin, – deyib aralanıram.
Virciniyadakı konfransda çıxışımı “Qafqazda islam: yeni təmayüllər” adlandırmışam. Diqqətlə dinləyirlər. Çeçenistanda vahabiliyin necə yayıldığı, Rusiyanın bundan və ümumiyyətlə dini separatizm təmayüllərindən necə bəhrələndiyinin mexanizminə aid təhllilərimi, eləcə də Azərbaycanda o zamankı dini duruma dair bəzi detalları açıqlayıram, bizdəki müəyyən problemləri ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi faktı ilə əlaqələndirirəm. Elə bu zaman Libaridyan yerindən replika verir:
– 20 faiz yox, 16 faiz.
– Faiz məsələsi bir yana, söhbət işğaldan gedir, belə başa düşürəm ki, siz bu işğal faktını təsdiq edirsiniz.
– Əlbəttə.
– Təşəkkür edirəm.
Erməni siyasətçisinin bu tövrü xoşuma gəlir, Yerevandakı həmkarlarının “oralar erməni əraziləridir, siz işğal etmişdiniz, biz azad etmişik”, yaxud “ərazilərin əksəriyyəti təhlükəsizlik zolağına daxildir, Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyini təmin edir” kimi iddialarından fərqli olaraq Ermənistanın haqsız mövqedə olduğunu iştirakçılar qarşısında təsdiqləyir.
Mənim aparıcılığımla keçən növbəti sessiyadan sonra onunla bir yerdə nahar edirik. Ter-Petrosyan hakimiyyətdən gedəndən sonra vaxtilə Heydər Əliyevin onu Bakıya dəvət etməsindən söz salır, ancaq hiss edirəm bizdəki görüşünün ayrıntılarına varmaq istəmir.
– Hər halda faydalı oldu, ya yox? – soruşuram.
– Nə deyim… Heydər Əliyev məndən soruşdu ki, Ter-Petrosyan hakimiyyətə nə zaman qayıdır, necə edək qayıtsın? Bir də zaratcıldı, deyəsən. Mənə söylədi, istəyirsən qal burada bizimlə işlə, – deyib bic-bic gülür.
Arada mənə xoş gəlmək üçün türkcə də bəzi ifadələr işlədir. Ümumilikdə söhbətcil birisidir.
Növbəti gün fasilədə bir də görürəm üzündə təbəssümlə Amerikalı həmkarlarımızdan bir neçəsini çənəsinin altına salıb, məhəllə uşaqlarımızın dili ilə desəm, “söhbət xırdalayır”.
Yaxınlaşıram. Dinlədikcə ürəyimdən qara qanlar axır.
Deməli, Azərbaycanın 1994-cü ildə Kəlbəcər əməliyyatının pərdəarxası məqamlarından danışır. Azərbaycan ordusunun qəfil hücumundan, telefonla o zamankı xarici işlər nazirimiz Həsən Həsənova zəng edib “hərbi əməliyyatları dayandırmaq barədə sazişi axı niyə pozursunuz” deməyindən, nazirin də ona telefonla bağırtılı səslə “çıxın torpaqlarımızdan” tələbindən əyləncəli bir tərzdə söhbət edir. Başı elə qarışıb ki, yanlarında olduğumun fərqində də deyil. Amerikalıların marağı təbiidir, mən isə təsəvvür etmək olar nə haldayam. Dözməyib qəfil müdaxilə edirəm:
– Özün də işğal faktını etiraf etdin. Torpaqlarımızdan nə vaxt rədd olursunuz?
Bu “rədd olursunuz” ifadəsi bu yazıda elə də kobud səslənmir. İngiliscə daha kobud variantda səsləndirdiyimi burada hərfən yaza bilmirəm. Hollivud filmlərində gen-bol işlənən ifadədir…
Vəziyyətdən çıxmaq üçün guya ağıllı-ağıllı:
– Bilirsən, sovet hökuməti bizi evləndirmişdi. İndi boşanırıq. Nə problemdir ki? Boşanmaq qadağandır? İstəmirik də bir yerdə yaşayaq, – deyir.
– Bizdə evliliyin sonu belədir ki, gəlin gəldiyi ocağa xəyanət edirsə, boşanır gedir atası evinə, ocağı özü ilə daşıya bilməz öz belində, gücü çatmaz.
Hiss edirəm əhvalı pozulub. Pərtlik yaranıb arada. Amerikalı həmkarlarım da sezir halımı, üzlərindəki təbəssüm dərhal yox olur…
Aradan xeyli vaxt keçib. “Gec olar, güc olar” deyib atalarımız. Deyimin “güc”ə aid hissəsi bu günümüzlə necə də gözəl səsləşir. Bu, Azərbaycan ordusunun gücüdür. Tanrı yarımız, yardımçımız!