- Dil, Manşet

Gülyaz ƏLİYEVA. Bir qurd çıxsa qarşına…

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır. Mənsə hər zaman bu günkü gün ana dili uğrunda mübarizə aparan, şair, müəllim, inqilabçı, şah rejiminə qarşı müqavimət hərəkatının tanınmış qadın üzvlərindən biri, İran Xalq Partizanları – Fədailəri təşkilatının üzvü 1974-cü ildə SAVAK-la atışmada dünyasını dəyişən  Üskülü Mərziyyəni və onun “Xatirat dəftəri”ni xatırlayıram. 

Gəlin görək Mərziyyə Üskülü Əhmədi Dalğanı yaxından tanıyırıqmı? Mərziyə Üskülü bəzi mənbələrin yazdığına görə 1941, bəzilərinə görə isə 1945-ci ildə Güney Azərbaycanda inqilablar beşiyi olan qədim Təbrizin yaxınlığında yerləşən Üskülü qəsəbəsində əkinçi ailəsində anadan olub. Bağ-bağatlı Üskülünün sakinləri zəhmətkeş adamlar idi, əməksevərliyi və çalışqanlığı  ilə seçilirdilər. Çörəkləri də bağ-bağatlarının mer-meyvələri və tarlalalardan çıxırdı. Mərziyə də hələ uşaq yaşlarından atasının yanında tarlada işləməyə başlayır. Həyatın hər üzünü, yoxsulluğu, ağır zəhməti görən bu qız gələcəkdə bu həyatı dəyişdirmək istəyəcək, nəinki həmkəndlilərinin, hətta həmvətənlərinin ağır vəziyyətini yüngülləşdirmək üçün inqilabi fəaliyyətə başlayacaqdı.  Hələlik isə  doğma Üskülüdə ibtidai və orta məktəbin 9-cu sinfini oxuyub bitirir.
Bundan sonra Mərziyyə Təbrizdə pedoqoji məktəbə daxil olur. İki il orda təhsil aldıqdan sonra Üskü məktəblərində dərs deyir. O, müəllimliklə yanaşı, Təbriz Universitetində də oxuyur, orada solçu cərəyanlar və marksizm ədəbıyyatı ilə tanış olur. Xalqın ağır vəziyyəti, hüquqsuzluğu, ağrı-acıları Mərziyyəni gənc yaşlarından inqilabi fəaliyyətə sövq edir. Elə o vaxtlardan Mərziyyə  hüquqları əlindən alınmış xalqının azadlığı üçün mübarizə yolunu seçir.

Dostları onu Mərcan (Məziyəcan) deyə çağırardılar. İlk qələm təcrübəsi “Dalğa” adlı şeirini də elə bu vaxtlar yazır. Elə o zamandan da Dalğa təxəllüsünü götürür. Mərziyyə yaşadığı, dərs dediyi yerlərdə adamlarla, şagirdlərlə, onların ailələri ilə yaxın ünsiyyətdə olurdu. Xalqın ağır vəziyyətini, ən adi insani hüquqlarının, xüsusən də, ana  dilində danışmaq hüququnun əlindən alındığını görən bu təəssübkeş qız  coşqun inqilab dənizinin bir dalğası kimi kükrəyib-coşur,  öz fikirlərini üsyankar şeirlərində də qorxmadan ifadə edirdi.  Səməd Behrəngi, Bəhruz Dehqani və Əlirza Nabdil onun yaxın dostu, silahdaşı idi. Pedaqoji fəaliyyətində də Mərziyyə Üskülü  məsləkdaşı  Səməd Behrənginin fikirlərini mənimsəmiş, onunla eyni  cəbhədə – zalımlara qarşı mübarizə cəbhəsində birləşmişdi.  Geriliyə, hüquqsuzluğa, ana dilinin qadağasına qarşı cəsarətlə mübarizə aparırdı. Səməd Behrənginin “Balaca qara balıq” hekayəsindəki Balaca qara balıq  sanki Mərziyyənin özü idi. O da Balaca qara balıq kimi üsyankar ruhlu idi, balaca arxlara, çaylara sığmır, böyük okeana can atırdı, xalqını  hürr, azad görmək istəyirdi. Can atdığı o azad okean üçün mübarizəyə qalxan Mərziyyənin də Balaca qara balıq  kimi ümmanda onu udmaq istəyənərin qarnını yarıb çıxmaq üçün iti bir xəncəri – kəskin şeirləri, mübarizə əzmi var idi. O özü həm döyüş əzminin, həm də yaradıcılıq ehtirasının qovuşduğu bu ümmanın dalğası idi.

Pedaqoji Texnikumda təhsilini başa vurduqdan sonra Üskü mahalının ibtidai məktəblərində müəllim kimi  3 il fəaliyyət göstərən Mərziyyə  kənd məktəblərini gəzərək onlar üçün “kitab evləri” yaratmağa çalışır. Farsca yazdığı əsərləri türkcəyə, öz ana dilində qələmə aldığı bütün əsərləri isə fars dilinə tərcümə edir.  Pedaqoji fəaliyyəti boyunca dərs keçdiyi uşaqlara ana dili ilə yanaşı, həm də mübarizlik, düşmənə boyun əyməmək dərsi keçirdi. Gözünü dünyaya açanda anasının həzin laylasını eşidən bu azərbaycanlı balalara sonradan ana dili adı altında fars dili öyrədilməsi ilə heç cür barışa bilmirdi Mərziyə Dalğa.  Analarının şirin ləhcə ilə söylənilən laylası canına, qanına hopmuş uşaqlara dil açanda A.Şaiqin əzbərdən bildiyi:
“Ala-bula boz keçi,
Ay qoşa buynuz keçi.
Yalqız gəzib dolanma,
Dağa, daşa dlrmanma.
Bir qurd çıxsa qarşına,
Sən nə edərsən ona? …-
şeirini öyrədir.

Şeirin bu hissəsin isə öyrətmir:
“Çoban açınca gözün
qalar iki buynuzun”.

İstəməyib ki, uşaqlar qorxaq, ehtiyatlı, cəsarətsiz olsunlar. Yalqız gəzib dolanmaqdan, qurdun varlığından qorxub, ehtiyat etsinlər. İstəməyib, uşaqlar üzdükləri bu balaca arxda axına qoşulub, iki buynuzları qalmasın deyə, axınla birlikdə hərəkət etsinlər. O elə özü kimi, axına qarşı çıxan Balaca qara balıqlar yetirməyə çalışıb.  Axı o özü yaşadığı az ömründə həmişə axına qarşı çıxıb, onu durdurmağa çalışıb, qarşısına çıxacaq Qurddan, iki buynuzunun qalmasından qorxmayıb. Xalqın millətin düşünən beyni, danışan dili olub, haqqını tələb edib. Haqsızlığa qorxmadan, çəkinmədən etiraz edərək, “yox”, –  deyib!

Anlayıb ki, bir milləti tarixdən silmək üçün onun hər bir fərdini tək-tək öldürmək lazım deyil. Dilini öldürsən yetər…Quzeyə, Güneyə bölünməsi yetməzmiş kimi, zalımlar dilini də parçalamaq istəyiblər bu vətənin, bu xalqın… Razılaşıb axına uyanlardan olmayıb o!  Razılaşmayıb, üsyan edib, türklüyünü müdafiə edib, anasına, ana dilinə sahib çıxıb! Odur ki, Mərziyyə dərs dediyi uşaqların əzbər bildiyi A. Şaiqin “Keçi” şeirinin sonuncu misralarını dəyişdirib, onlara cəsarət dərsi verərək, azadfikirlilik aşılayırdı:
Bir qurd çıxsa qarşına
Sən nə edərsən ona?
Şeİri burda saxlayıb, başqa cür qurtarardı:
Var gücümü toplaram,
Buynuzumu o qurdun
Sinəsinə saplaram.

1970-ci ildə tələbələrin etiraz aksiyalarına rəhbərlik edən Mərziyyə – buynuzunu o Qurdun sinəsinə saplamaq istəyən bu üsyankar şairə qız  xüsusi xidmət orqanlarının – Qurdların diqqətini cəlb edir. Azadfikirli, gözüaçıq olanları, xalqın azadlıq haqqını, hüququnu tələb edənləri İran rejimi daima susdurmağa çalışıb. O susdurulan səslərdən biri də Mərziyə olub.
Tələbə aksiyalarının çoxunda iştirak edən Mərziyə 1349-cu ilin (1970) mart ayında baş vermiş tələbə aksiyasını özü təşkil edir. Bundan sonra “SAVAK” (şahlıq zamanı İranıın kəşfiyyat təşkilatı) tərəfindən izlənməyə başlanır. Ancaq tələbələr arasında böyük hörmətə və nüfuza malik oldugundan onlar Mərziyəni həbs etməkdən vaz keçirlər. Çünki bu yeni aksiyaların təşkil olunmasına gətirib çıxara bilərdi.
1350-ci il (1971) may ayında “SAVAK” tərəfindən tutulur və uzun sorğu-sualdan sonra buraxılır, ancaq Üsküyə sürgün edilir. Buradaykən o həm ədəbi yazılar yazır, həm də tələbələrin siyasi cəhətdən maariflənməsinə çalışırdı. Şeirlərində daima ürəyindəki “Ana dili” yanğısını dilə gətirir, məktəblərdə Ana dili altında fars dilinin öyrədilməsi ilə heç cür barışmayan Mərziyyə:
Niyə mənim anam “madər”,
Atam “pədər” – olsun?- deyirdi. Sonra o özünü düşündürən, cavabını tapmaq yolunda mübarizəyə qalxdığı sualları şeirin dili ilə belə ifadə edirdi:
Bu dolaşıq ticarətdə
Niyə mənim doğmalarım
Özgəsinin tapdağında hədər olsun?
Niyə yadın bəhməzinə “bal” deməli?
Öz aşıma “yal” deməli?
Niyə mənim ana dilim
Gəlmə dilin qabağında
Titim-titim titrəməli?
Niyə doğmam yad olmalı?
Öz sözlərim öz dilimdən qovulmalı?
Ey “Anamın kitabı”nda adı qalan
Doğma ikən, ögey olan
Sinə dağım.
Ey bu günü dilim-dilim
Parçalanan ana dilim.
Sinəsində od qalanan ana dilim.
Qapıların arxasında
Boynu bükük qalan dilim.
Ayaqlarda kilim dilim.
Vuruşlarda bir qəhrəman,
Barışlarda həlim dilim!
Dünəni möhtəşəm, sabahı nurlu,
Indisi tapdanıb ovulan dilim,
Analı, atalı, a yetim dilim!
Şərəfim, şöhrətim, qeyrətim dilim.

( “Xatirat dəftəri”ndən. 1971-ci il (1350) )

1352-ci ildə Mırziyə Üskülü var gücünü toplayaraq buynuzunu o qurdun
sinəsinə saplamaq üçün  “xalqın fədai çərikləri” dəstəsinə qoşulur. Bundan sonra xalqın milli azadlığı və fars şovinizminə qarşı savaşır. 1353-cü ildə dəstənin bir üzvü başqa bir üzvlə görüşmək üçün yola çıxır. Bu görüşdən xəbər tutan “SAVAK” məmurları hər tərəfə silahlı nümayəndələrini yerləşdirir. Bundan xəbər tutan Mərziyə yoldaşına xəbərdarlıq etmək üçün həmin bölgəyə gedir və onu tapıb məsələdən xəbərdar edir. Ancaq bu da onları ölümdən xilas etmir. Belə ki, atışma başlanır.  Mərziyyə də öz silahi ilə bu savaşda igidcəsinə döyüşür və ürəyindən yaralanaraq həyatını itirir.
Yaxın dostları Behruz Dehqani və Əlirza Nabdil ilə Tehrandakı Behişti–Zəhra qəbiristanlığının 33 saylı guşəsində dəfn edilir.
Mərziyyə öz vətənində azadlığa  yollar açmaq, zülmü öz əlləri ilə boğmaq istəyirdi:
İstəyirəm, vətənimdə.
Qanım rəngli bir kilidlə,
Azadlığa yollar açam.
Mən hamanam,
Zülmü öz əliylə bogan
İstiqanlı türkmənəm.
İstəyirsən  deyim  kiməm?
Mən oyam ki,
Öz xalqımın qızıl qanlı harayını,
Tüfəngimin boğazıyla,
Vətənimin zülm əliylə alovlanan
Göylərinə hay salıram- deyən Mərziyyə Üskülü bu şeirində özünün döyüşkən ruhlu mübariz xarakterini, daxili aləmini canlı və gözəl boyalarla verib.
Mərziyənin faciəli ölümündən sonra onu adı əbədiləşdirildi. Vaxtilə çıxdığı kiçik arxlardan  nəhəng ümmanlara  yollar açan Mərxiyyə Dalğanın ədəbiyyatda mübariz obrazı yaradılaraq əbədiləşdirildi. Bizlər Mərziyə Üskülünü ilk dəfə Əzizə Cəfərzadənin, Mirzə İbrahimovun, Həmid Məmmədzadənin, Söhrab Tahirin, Sabir Nəbioğlunun yazılarından və Bəxtiyar Vahabzadənin, Balaş Azəroğlunun, Mədinə Gülgünün və Sabir Rüstəmxanlının ona həsr etdikləri poemalarından tanımışıq.

M.Üskulünün yaradıcılığını tanınmış tədqiqatçı Sabir Nəbioğlu və Lətifə Mirzəyeva araşdırıb. Lakin bütün bunlar kifayət etmir.
Mərziyə Üskülünün farsca və türkcə əsərləri, təəssüf ki, hələ də toplu olaraq çap olunmayıb. Onun fars və Azərbaycan dilində yazdığı əsərləri daha dərindən öyrənilməli, tədqiq edilmıli, bir ana dili fədaisi kimi xalqa tanıdılmalıdır.