- Köşə

Gülyaz ƏLİYEVA. Dəniz…

Dəniz sahilində həsrətimi dənizin dalğaları kimi qayalara çırparaq yaşamışam. Doğulanda dənizi görməmişəm, mənim doğulduğum yerlərin geniş yaşıl çəmənləri, uca sıldırım qayaları, “ağ xalat bürünüb zərnişan geyməyən” , başı çalmalı vüqarlı dağları vardı. Amma 25 il az ömür deyil. 25 ildir, mən dənizlə dərdləşirəm.  Sirrimi, sözümü ona deyirəm. Dənizin dalğaları kimi kədərli və xoşbəxt anlarım əvəzləyir bir-birini. İndi dənizlə vidalaşmağa gəlmişəm. Səndə nələr xatirələrim qaldı, dəniz! Keşməkeşli bir tale yaşadım.

İnsan həyatı kimi, gah qabarır, gah çəkilirsən. Bəzən dalğalar şahə qalxır xam at kimi, bəzən sakitləşir körpə quzu kimi… Amma sevdiyi sahildən, qayalardan  aralana bilmir dəniz …Qayalara çırpılıb parça -parça olsa da, yenidən o qayalara – sevgisinə can atır dalğalar…..mənim kimi.

Sevgi elə bir oddur ki, düşdüyü yeri yandırar, baxmaz bu yaşdır, bu quru. Baxmaz, sonda onun özünün də yanıb, külə dönəcəyinə.  Tutuşdumu, qarşısın almaq olmaz. Sevgi kordur, – deyirlər. Korsa tutduğun buraxmaz…

Deyirlər, dəniz sahilə aşiqdir. Onun üçün dalğaları qabarıb-çəkilib ona can atır, onun görüşünə tələsir. Bəzən bu həsrət şahə qalxır, dənizi qeyzləndirir, qarşısına nə keçirsə ağuşuna alıb batırır. Bəzən də günəşi özündə əks etdirən qırçın ləpələr dünyaya gülümsəyir, şəfəq saçır.

Mən dənizi sonralar görmüşəm. Doğulduğum yerdə dənizlər yox, Başl qarlı dağlar, geniş al-əlvan çəmənliklər, qeyzlə axan iti çaylar olub gözümü açanda ilk gördüyüm. Mən mavi dalğalı dənizi də sevdim, onunla dərdləşdim, amma bu dəniz mənə yaşadığım yerləri unutdura, bir zərrə də olsa, sevgimi azalda bilmədi. Dəniz mənə sirdaş, yoldaş oldu. Mən indi dənizlə vidalaşmağa gəlmişəm. Səndə məndən nələr qaldı dəniz?

Fikri uzaqlara aparır dəniz,
Adamı özünə qaytarır dəniz…