Karvan-karvan qəm yüklü,
Həzin-həzin laylalı,
Dastan-dastan danışan,
Şölə-şölə alışan,
Yanğılı Ana dilim.
Oxunanda bayatın
İlmə-ilmə söküldü
Ürəyimin qubarı,
Sudan saf sona dilim.
“Qarabağ şikəstəsi”
oxunanda canlandı
Oba-oba dağılan,
qəbir-qəbir sökülən
Xəzinəsi çalınan
gözümdə Qarabağım,
məlhəmdir cana dilim.
Oğul-oğul qan göllü,
Bol sümbüllü, gen çöllü,
Zəfəri Xarıbülbüllü
Düşmənə qalxan dilim,
Hay-harayım, şan dilim,
Elat-elat yağmalı,
Xurcun-xurcun daşınan,
Kərpic-kərpic sökülən,
Qaya-qaya ucalan,
Bütöv, möhkəm, tam dilim
qaya kimi sal dilim.
Ocaq-ocaq alışan,
Gecə-gündüz çalışan,
Nənəmin nağıl dili,
Anamın layla dili,
Babamın dastan dili,
Şəkər dilim, bal dilim.
Döyüş bölgələrindən
Tabut-tabut qayıdan,
Bayraq-bayraq ucalan,
“Cəngi-cəngi ” çalınan,
Zəfərlə ucal dilim.
Ağac-ağac əkilən,
İlmə-ilmə toxunan,
Lalə-lalə açılan,
Səbri geniş, lal dilim.
Dədəm Qorqud nişanlı,
Qüdrətli, ehtişamlı,
Məğrur, ölməz, can dilim.
Ey Azərbaycan dilim!
Ey Azərbaycan dilim!