26 dekabr 1991-ci il! Faciələrimizin növbəti başlanğıcı!… Bu tarixdə azərbaycanlılar o vaxt Stepanakert adlanan Xankəndidən – öz şəhərlərindən Komendant saatı vaxtında Volskinin gözü qarşısında və birbaşa rəhbərliyi ilə çıxarıldılar!!
O vaxt DQ-nin paytaxtı olan Xankəndidə Stepanakert Dövlət Pedaqoji İnstitutu yerləşirdi və bu məkan azərbaycanlıların orada dayağı, güvən yeri idi. Ermənilər hər vəchlə azərbaycanlıları sıxışdırma siyasəti aparırdılar. Orada yaşayan azərbaycanlılara iş verilmirdi, azərbaycanlılar ancaq süpürgəçi və sürücü işləyə bilərdilər. Oxumuş, oraya təyinatla işə gələnlər mütləq müxtəlif bəhanələrlə şərlənib ya “beynəlmiləlçi” olmadığına görə işdən qovulur, ya da müəmmalı şəkildə “yoxa” çıxırdılar. Sonra bu hadisənin üstü “beynəlmiləlçiliyə xələl gəlməsin” deyə örtülür, manqurtlaşdırılaraq beyinlərdən silinirdi. O vaxt institutda tibdən dərs deyən həkim Nizami müəllimi ermənilər döyüb öldürdülər. Heç niyə öldürüldüyünün üstü də açılmadı. Bu yolla Xankəndidən azərbaycanlıları bezdirib qaçırmaq istəyir və tədricən buna nail olurdular. Şəhərin azərbaycanlılar yaşayan küçələri ilə ermənilər yaşayan küçələrinin abadlığı, rahatlığı arasında çox böyük fərqlər var idi. Azərbaycanllılar yaşayan kəndlərlə ermənilər yaşayan kəndlər arasında yarım əsr fərq görünürdü. Azərbaycanın tərkibində azərbaycanlı əhali belə çətin şəraitdə yaşayırdı.
İnstitutun orada olması azərbaycanlıların ümid yeri olsa da, orada da texniki və yeməkxana işçilərinin hamısı ermənilərdən ibarət idi. Odur ki, heç vaxt heç bir azərbaycanlı tələbə o yeməkxanadan istifadə etmədi. İnstitutdan gələn gəlirin böyük bir qismi ermənilərin cibinə gedirdi. Yataqxana, əsasən, erməni tələbələrə xidmət edirdi. Orada da sadə azərbaycanlılar üçün iş yeri yox idi. Ermənilər 2 mərtəbəli evlər tikdirir, aşağı mərtəbələri yataxanada yer almayan azərbaycanlı tələbələrə kirayəyə verirdilər və oradan gələn gəlirlə də həyat şəraitləri azərbaycanlılarınkından qat-qat yaxşı olurdu. Erməni tələbələrin hamısına yataqxanada yer verildiyi halda, azərbaycanlı tələbələrin böyük əksəriyyəti erməni evlərində kirayə qalmağa məcbur idilər. Çünki instituta yaxın evlər ermənilərə məxsus idi. Azərbaycanlılar şəhərin mərkəzindən uzaqda kompakt halında yaşayırdılar. Mağazlarda işləyənlər ermənilər idi. Adətən, mağazalara yaxşı mal gələndə hər cür bəhanə ilə onu azərbaycanlılara satmırdılar, gah növbəni uzadır, azərbaycanlıları bezdirir, gah da açıq-aşkar vermirdilər, bir nəfər azərbaycanlı dillənəndə 10 -15 erməni hay-küyü ilə bir “erməni kəndi” salırdı.
Şəhərdəki bütün məktəblər erməni dilində, yalnız bir məktəb Azərbaycan dilində idi …Xankəndidə Sovet hökuməti ermənilərə hər cür güzəştlər edirdi. Orada ərzağın, əşyaların, qızılın qiyməti Azərbaycan şəhərlərinə nisbətdə çox ucuz idi. Eyni bir əşyanın dövlət qiyməti Xankəndi ilə Ağdam arasında xeyli fərqli olurdu. Elə o vaxtdan “zavallı “ermənilər parazit kimi bizim hesabımıza yaşayırdılar. Əslində Xankəndidə yaşayan azərbaycanlıların vəziyyəti daha ağır idi, nəinki onların …Onları küçələrə çıxaran iqtisadi vəziyyətin ağırlığı əslində “Qurd və quzu” bəhanəsi idi..
Gələk instituta… SDPU Xankəndidə vağzalın yanında idi. İnstitutda 4 fakültə var idi: ibtidai siniflərin pedaqogikası və metodikası, tarix, dil-ədəbiyyat, riyaziyyat fakültələri. İnstitut hər 2 dildə: erməni və Azərbaycan “sektoru” olmaqla fəaliyyət göstərirdi. Rektor ənənəvi olaraq erməni, prorektor azərbaycanlı olurdu. 2 fakültənin dekanı erməni, ikisininki azərbaycanlı idi. Dil-ədəbiyyat və ibtidai siniflərin pedaqogikası və metodikası fakültələrinin dekanı erməni, tarix və riyaziyyatınkı isə azərbaycanlılardan seçilirdi. Hələ o vaxtlar eyni institutun tələbələri olmağına baxmayaraq, ermənilərlə azərbaycanlı tələbələr qətiyyən qaynayıb-qarışmırdılar, bir-biri ilə dostluq edən erməni və azərbaycanlı tələbələr yox idi.
Ermənilər hər yerdə türklərə nifrətini gizlətmir, biz beynəlmiləlçilik mahnıları oxuyanda onlar bağça uşaqlarının beyninə “sənin düşmənin türkdür”ü yeridir və hər il aprel ayında uşaqdan böyüyə soyqırım qurbanlarına ucaldılmış abidəni ziyarət edib, onların qanlarını yerdə qoymayacaqlarına and içirdilər.
Erməni tələbələr hər yerdə özlərinə diqqət və qayğı tələb edirdilər. Əgər pambıq və üzüm yığımına gedilirdisə, erməni tələbələr o saat o rayonun komsomol komitəsinə müraciət edib, onlar üçün yaxşı şərait yaradılmadığından şikayət edər, diqqətləri öz üzərlərinə çəkərdilər.
Bizimkilər də tez əl-ayağa düşər, onlara şərait yaradılardı. Tələbə təqaüdlərində də fərq var idi. Xankəndində tələbələrdən heç bir vergi tutulmurdu. Azərbaycanın başqa institutlarında təqaüd 40 manat olanda Xankəndidə 50 manat, əlaçı təqaüdü isə 80 manat idi….
Ermənilərin içində idilərmi, ona görə idi, bəlkə, ya nədəndirsə, orada azərbaycanlı tələbə – müəllim heyəti arasında çox səmimi, mehriban və təəssübkeş bir mühit yaradılmışdı. Rektor erməni olsa da, rəhbərlik sanki prorektorda idi. Prorektor Böyük Vətən müharibəsi veteranı olan professor Nəcəf Quliyevdən bütün ermənilər çəkinirdilər (odur ki iğtişaşlar zamanı 1-ci onun kabinetini dağıtmış, evinə hücum etmişdilər). Öz səmimiliyi ilə seçilən oradakı tələbələri öz övladları gözündə görən İnqilab Quliyev, obyektivliyi ilə seçilən Kamil Quliyev, qocaman professor, Azərbaycan ədəbiyyatı kafedrasının müdiri Nazim Axndov, (onun “Qarabağnamə”ləri nəşr elətdirmək istədiyini öyrənən ermənilər Bakıdan gələrkən professorun maşınını əzmiş, öldürmək istəmişdilər. Xoşbəxtlikdən professor maşın qəzasında ölməmiş, sağ qolu sınmışdı. Bu səbəbdən “Qarabağnamə”nin nəşri gecikmişdi. Onlar öz çirkin məqsədlərini həyata keçirmək üçün hər cür alçaqlığa əl atırdılar). Dilçilik kafedrasının müdiri Xasay Cabbarov, Orta əsrlər Azərbaycan ədəbiyyatı və fars dilini tədris edən Raqub Kərimov, şair Ənvər Əhməd, Təyyar Əkbər, Bəşir Əhmədov, Rahilə Quliyeva, Şərqiyyə Əsgərova, tarix fakültəsinin dekanı Süleyman Zeynalov, Rəftar müəllim, Mürşüd müəllim, Zabil müəllim, Mayıl müəllim, Şahlar müəllim, Mirələm müəllim və başqaları hər biri tələbələrinin yaddaşına dərin iz salmış müəllimlər idi ….
1987 -ci ildə institutun partkomu Bəşir Əhmədov məni çağıraraq institutdan azərbaycanlıları təmsil etmək üçün DQMV-yə deputatlığa namizədliyimi irəli sürdüklərini söylədi və bunun üçün sənədlərimi DQMV-yə göndərdiyini dedi… Lakin DQMV partiya katibliyindən mənim namizədliyimi qəbul etmədilər. Səbəb kimi ağdamlı olduğumu göstərdilər, əvəzində Xocavənddən başqa bir tələbənin namizədliyin qəbul etdikləri vaxt mənim ağlıma da gəlməzdi ki, “qandan qorxan”, ağciyər hesab etdiyimiz ermənilər nə vaxtsa, açıq-açığına öz torpağımızda, öz dövlətimizin tərkibində bizə qarşı ayrı-seçkilik edəcək, hətta torpaq iddiasında olacaq, bizi oradan vəhşicəsinə qovacaqlar… Başqa müəssisələrə nisbətən, institutda savadlı azərbaycanlı kadrlar daha çox idi. Ona görə də ermənilər deportasiyaya birinci institutdan başladılar!
1987-ci il! 1-ci mərtəbənin sağ tərəfində, əsasən, ermənilər dərs keçirdi. Koridorların sağ tərəfində axır zamanlar ermənilərin bir yerə topalaşdiğı, nə isə aralarında daim qızğın mübahisələr etdikləri müşahidə olunurdu. Hətta Azərbaycan dilçiliyi kafedrasının müəllimi, Azərbaycan dilini gözəl bilən erməni olmasına baxmayaraq, heç vaxt ermənilər dərs keçən tərəfdə görünməmiş Ararat Qriqoryanın da axır zamanlar onlarla bərabər olması tələbələri təəccübləndirirdi.
Nə isə təhlükəli bir məsələnin olmasını hamı duyurdu! Amma bunun nədən ibarət olması hələ məlum deyildi! 1987-ci ildə SDPİ-nin bir qrup tələbəsi BDU-da bir həftəlik TEC-nin konfransında iştirak etmək üçün Bakıya yola düşmüşdü. Onların içərisində mən də var idim. BDU-nun yataqxanasında qalan tələbələrlə söhbət zamanı universitetin tələbələri maraqla Xankəndidən gəlmiş bu tələbələrə suallar verirdilər ki, doğrudanmı, ermənilər orada torpaq iddiasındadırlar? Ermənilər nə deyirlər, nə istəyirlər? Fikirləri, məqsədləri nədir? Onlara müəllimləri Ağanbekyanın Moskvadakı mənfur çıxışından, Z. Balayanın kitabından məlumatlar vermişdilər. Lakin Xankəndidən gələn tələbələr ermənilərin məkrli siyasətindən xəbərsiz idilər! Bakıya getmiş 9 tələbə Xankəndiyə gələndə yoldaşlarına özləri ilə bərabər həyəcanlı xəbərlər gətirmişdilər! Demək, bu mübhəm topalaşmaların onların gətirdikləri xəbərlə birbaşa əlaqəsi var imiş!
1988 -ci il! Səhər-səhər instituta gələn tələbələr gözlənilmədən prorektorun kabinetinin qapısının dağıdıldığının, bütün azərbaycanlıların dərs keçdikləri aiditoriyaların darmadağın edildiyinin şahidi oldular. Gecə ilə azərbaycanlı müəllimlərin evlərinə hücumlar edilmiş, evləri dağıdılmışdı…
Sovet dövrü üçün görünməmiş hadisə – mitinqlər, tətillər Xankəndini ağuşuna almışdı! ….Buna baxmayaraq, institutda dərslər davam edirdi… Bir gün auiditoriyalarda dərs keçilərkən hər tərəfi səs-küy bürüdü. Ermənilər institutu dövrəyə alıb, azərbaycanlıların şəhərdən çıxması tələbi ilə çıxış edirdilər. İnstitut rəhbərliyi çaşqınlıq içərisində idi. Rektor Rusiya ermənisi Sərkisyan erməni tələbələri o kütləyə qoşulmamağa çağırsa və qapıları bağlatsa da, erməni tələbələr ona əhəmiyyət vermədən qızlı-oğlanlı 1-ci mərtəbənin pəncərələrindən atılaraq mitinq edənlərlə həmrəy olduqlarını bildirirdilər.
Bu hadisədən sonra azərbaycanlı tələbələr artıq Xankəndidə qalmır, amma Ağdamda kirayə ev tutaraq instituta gəlməməyi qorxaqlıq sanaraq hər gün sifarişli avtobusla instituta gəlir, ermənilərdən qorxmadıqlarını göstərirdilər! Azərbaycanlı tələbələrin dərsə gəldiklərini görən ermənilər tələbələri qıcıqlandırmağa çalışırdılar. Artıq auditoruyalarda partaların üstünə: “Tezliklə Azərbaycanı Livana, Bakını Beyruta çevirəcəyik”, ” azərbaycanlılar monqol qırıntılarıdır” , “türklərə ölüm ” kimi yazılar yazılırdı. Tələbələrsə bütün bunlara baxmayaraq, ermənilərdən qorxmur, heç kəs dərsdən qalmırdı. Əksinə, ermənilər Ağdamdan, ağdamlılardan çox qorxurdular. Onlar Ağdamdan qorxduqları üçün öz arvad-uşaqlarını şəhərdən çıxarıb Yerevana yollamış, Ağdamdan qəfil hücum olar deyə hər gecə şəhərə qədər növbə çəkirdilər. Odur ki , havadarları ilə birlikdə Xankəndidə Volski hakimiyyəti bərqərar olduqdan sonra arxayınlaşaraq rusların hesabına ürəklənən ermənilər yavaş-yavaş azərbaycanlıları şəhərdə sıxışdırmağa başladılar! Beləcə gecələr küçələrdə erməni qızları ilə sərbəst dolaşan rus əsgərləri azərbaycanlılara “komendant saatı” tətbiq edir, onların əlindən ov tüfənglərini, hətta soyuq silah adı ilə mətbəx bıçaqlarını da yığdıqları halda qarşı tərəfı silahlar, hətta tanklarla belə silahlandırırdılar….və beləliklə, bir gün 1988-ci ilin aprelində instituta gedən avtobusların qarşısını kəsən ermənilər tələbələri instituta buraxmadılar. Artıq Volski hakimiyyəti gəldikdən sonra ermənilər azərbaycanlıların əlində heç bir silahın olmadığına, özlərinin isə silahlandıqlarına əmin olduqdan sonra əl-qol açmış, özlərində azərbaycanlıları qovmaq cəsarəti bulmuşdular! Bunu isə öncə institutdan başladılar! May ayının sonunda ermənilər bizi 2-ci dəfə oradan çıxaranda Ağdama gəldik, “Əmək sarayı”nda iclas keçirdilər. Muəllimlər, tələbələr çıxış etdilər, bizi oradan necə, instuta basqın edərək çıxarmalarından danışdılar. O zaman Ağdamin birinci katibi olan Sadiq Murtuzayev çıxış edərək belə bir söz dedi: “Mən İsaqulova zəng etdim, o, dedi ki, heç kəs onlara hücum etməyib…”
Sadıq Murtuzayev bizə yox, erməninin sözünə inandı, ikinci dəfə iyun ayının 10-da hər iki tərəfdən, yəni arxa və qabaq tərəfdən bizi mühasirəyə aldılar, tarix fakültəsinin dekanı Süleyman müəllim Zeynalov milis mayoruna bir şillə vurdu və dedi ki, bu vəziyyəti siz və rəhbərliyiniz yaradır. Xankəndidə son gününüz həmin gün oldu…
Sonrakı mərhələdə isə hədəf şəhərdə yaşayan azərbaycanlılar və Azərbaycan kəndlərinin – Kərkicahanın, Cəmillinin əhalisi idi!
Beləliklə,Volski hakimiyyəti qorxudan şəhərdən çıxmış erməniləri şəhərdə möhkəmlədib, azərbaycanlıların şəhərdən çıxarılması əməliyyatına başladı və 26 dekabr 1991-ci ildə Xankəndidən azərbaycanlıların çıxarılması ilə Qarabağda bizim 30 illik uduzmağımızın əsası qoyuldu!
Tarixi faktlar unudulmamalı, tarixi həqiqətlır olduğu kimi yazılmalıdır. Biz ondan ibrət dərsi almalıyıq ki, tarix bir də təkrar olunmasın…