- Köşə

Gülyaz ƏLİYEVA. O vaxtmı, indimi?

70-ci illər idi. Uşaq idim. Atam adətə xilaf işdən tez gəlmişdi və gələn kimi radionu açıb dinləməyə başladı. Heyrətdən donub qalmışdım. Atam stulda əyləşib dinməz-söyləməz dayanmışdı. Amma səsi radionun içindən gəlirdi. O, radioda antroponimlərdən danışırdı. Uşaq yaddaşı qüvvətli olar. Yadımdadır ki, atam uşaqlara mənası gözəl, aydın, anlaşıqlı və mənşəcə əsl türk sözlərindən ibarət adlarının qoyulmasının vacibliyindən danışırdı və bunu misallarla əsaslandırırdı. Onu da qeyd edim ki, atam o zamanlar məktəb direktoru olmaqla yanaşı, həm də raykomda təbliğatçı idi, rus dilini mükəmməl bilsə də, yeri gələndə dövrün tələbinə uyğun rus dilində mühazirələr oxusa da, ixtisasca Azərbaycan dili  və ədəbiyyat müəllimi kimi daim ana dilimizi təbliğ edirdi. Öz uşaqlarına da ad seçəndə çox diqqətli seçmişdi: Gültəkin, Sahib, Aytəkin, Gülyaz, Sevinc, Aygün, Sevda, Vüqar, Cavid , Aynurə.

O zamanlar da uşaqlara verilən adlar içərisində uyğunsuz adlar çox idi: Traktor, Kommuna, Konfet, Şokolad, Şura, Təşkilat, Kotlet, Gilas və b. Atam bu cür adlara qarşı idi. Yadımdadır ki, atam qızlara ya bədii əsərlərdən seçilmiş adlar, ya gözəllik, incəlik rəmzi olan gül-çiçək, ya da tərkibində Ay, Gün, Günəş sözü olan adlar, oğlanlara igidlik, kişilik, mərdlik rəmzi olan tarixi, əsl Azərbaycan mənşəli adların qoyilmasını təbliğ edirdi. O, valideynlərə müraciət edərək: “Uşaqlarınıza elə adıar seçin ki, böyüyəndə öz adlarından utanmasınlar”, – deyirdi. “Ad, bəzən insanın taleyində də öz rolunu oynayır. İnsana qoyulan adla xarakteri bəzən uyğun gəlir”, – deyirdi. Atam C.Cabbarlının əsərlərində dramaturqun qəhrəmanlarına verdiyi adları təqdir edirdi. Qeyd edirdi ki, o, əsərlərinin qəhrəmanlarına o qədər diqqətlə ad seçib ki, adın mənasını bilənlərə qəhrəmanın xarakteri gün kimi aydın olur. Məsələn. Almaz – kəskin, kəsici, eyni zamanda qiymətli materialdır. “Almaz” pyesinin qəhrəmanı olan Almaz da almaz kimi cəmiyyətdəki çatışmazlıqlara qarşı, cəhalətə qarşı kəskin və barışmazdır. Atam qeyd edirdi ki, dramaturqun hər tamaşasından sonra adamlar öz övladlarına onun əsərlərinin qəhrəmanlarının adlarını qoyurlar. Bu, sevindirici haldır.  Həqiqətən də, o dövrün statistikasına baxsaq, adlar içərisində Almaz, Sevil, Gülüş, Gültəkin, Yaşar və s.adların nə qədər çox yayıldığının şahidi olarıq.

Doğrudur, o zamanlar teleseriallar yox idi ki, adamlar uşaqlarına indiki kimi teleserial qəhrəmanlarının adın qoysunlar. Amma o dövrdə də Sovet rejiminin təsirindən doğan bayağı adlar var idi. Atam qeyd edirdi ki, artıq təbliğat nəticəsində get-gedə valideynlər uşaqlarına daha çox bədii əsərlərin, milli kino qəhrəmanlarının adlarını verirlər. 60-80-ci illər statistikasına nəzər salsaq, adqoymada yaxşılığa doğru nə qədər irəliləyişin olduğunun şahidi olarıq.

Bəs bu gün necədir? Təəssüf ki, 60-80-ci illər ərzində uşaqlara əsl Azərbaycan mənşəli adların verilməsində nə qədər çox irəliləyiş, ərəb mənşəli dini adların qoyulmasında nə qədər çox geriləmə var idisə, bu gün ikincidə daha çox irəliləyiş gözə çarpır. İndi siniflərdə jurnal üzrə ad oxunanda ən azından 4-5 nəfər Zeynəb, Zəhra, Ayişə, Məhəmməd, Ömər, Həsən, Hüseyn, Xədicə, Fatimə adlarına rast gələrsənsə, bir o qədər də yabançı teleseriallardan gəlmə adlar diqqətini çəkir. Həmçinin indi bir çox valideynlər öz övladlarlna teleserial qəhrəmanlarının adı ilə yanaşı, şəhər və kənd adlarını da qoyurlar.

Ədliyyə Nazirliyindən əldə etdiyimiz məlumata görə, bəzi valideynlər hansısa şəhər və ya rayonun adına şəkilçi və ya köməkçi söz əlavə etməklə onu övladına verib. Bəzi rayon adları isə elə olduğu kimi uşaqlara qoyulub.

Məsələn, son 5 ildə dörd uşağa Tovuz adı verilib.

Bir körpəyə Gəncə, altısına Gəncəli, birinə Gəncəbanu adı qoyulub.

2021-ci ildə dünyaya gələn bir körpə qız Şuşa adlandırlıb.

Son 5 ildə iki uşağa Quba, birinə Qubaxanım ismi qoyulub.

Valideynlər bir körpəni Şəmkir, birini Şəki adlandırıblar.

Bundan başqa, Şəki adına uyğunluq təşkil edən yeni ismlər də düzəldilib. Belə ki, bir uşağa Şəkixanım, birinə Şəkiyə, birinə Şəkixan, birnə Şəkibə adı verilib.

Hazırda bir uşaq Zərdabi, bir uşaq Kəpəz, biri Ağsurə adı ilə böyüyür.

Son 5 ildə 335 körpəyə Oğuz adı qoyulub. 88 uşaq Oğuzxan, 4-ü Oğuzcan adlandırılıb ki, bu yaxşı haldır. Bununla yanaşı, son 5 ildə 50 körpəyə Nəsimi, 321-nə Nizami, 6-sına Xətai, 197-sinə Xəzər, 65-nə Füzuli adı verilib.

Azərbaycanda uşaqlara qoyulan rayon, şəhər. ölkə adları – Tovuz, Gəncə, Şəki, Şəmkir, Şuşa Afina, Lənkəran, Laçın, Misir və sairədur.   Laçın, Tovuz və Təbriz adlarına da bu sırada rast gəlinir. Doğrudur, Laçın və Tovuz adı qulağa xoş gəlir. Çünki  Tovuz, Laçın adları  təkcə rayon adları deyil, əsasən  gözəllik və  igidlik rəmzi olan quş adları kimi də uşaqlara qoyulur.  Amma, məni qınamayın, uşaqlara verilən qalan toponimik adlar qəribə səslənir.

O gün bir həmkarımın feysbukda paylaşdığı bir statusa gözüm sataşdı. Yazırdı ki, Ağsuda toydayam, nənələr nəvələrini çağırır. Hər beş nəvədən birinin adı Melisadır…

Məni fikir götürüb. Uşaqlarımıza düzgün ad seçməkdə  irəlimi getmişik, gerimi? Bu barədə nə vaxt özümüz olmuşuq, o vaxtmı, indimi?