- Köşə

Həyatın mənası nədir?

Bir yaxın insan  sual göndərib, məndən həyatın mənasının nə olduğun soruşub:

“Sən bu həyatda hər seyi görmüsən: kədər, itki, faciə, keyf, dostluq, güvənlik,-hər sey. Məndən çox görmüsən bunları. Mənim sənə sualım var: Həyatın mənası nədir? Bu dövranı yasamağa, yüksək qiymət verməyə dəyərmi?

Sən nə qədər gülsən də, zarafat etsən də, gözlərin həmişə kədərlidir! – deyir, – bunun səbəbi nədir?”

Həyatın mənası nədir? Bu sualı mən də düşündüm. Bu sual gəlmiş-keçmiş bütün insanları düşündürüb. Hələ ulu əcdadlarımız yazıb-oxumaq bilməyəndə şifahi ədəbiyyat vasitəsilə bu dünyanı bir pəncərəyə bənzədiblər ki, hər gələn baxar gedər, – deyiblər.

Doğrudanmı, insanlar sadəcə bu günyaya baxıb gedirlər? Heçmi onların bu dünyada bir izi, adı qalmır?  Həyatın mənasını dərk edənlər bu həyatı boşuna yaşamamağa çalışıblar. Bu dünyadan köçəndə bir ad, bir iz qoymaq istəyiblər:

“Tikmədim, özüm qalam , Tikdim ki, izim qala”,- deyiblər. Bu yalançı dünyanın parıltısına aldanmayıblar. Yaşadığımız dünya bizim üçün bir sınaq meydanıdır. Bunu dərk edənlər bu sınaqdan alnıaçıq çıxmağa çalışıblar. Bəzən Allahın bizi çəkdiyi sınaqlar çox ağır olub: əzizlərimizi əlimizdən almaqla sınağa çəkilmişik. Bəzən çox var-dövlət nəsib edib, onunla sınağa çəkilmişik.  Bəzən o var-dövləti əlimizdən almaqla. Allah, ölümü və həyatı da insanları imtahan etmək üçün yaratdığını Quranda açıq-aydın  ifadə edib.

Həyatın mənası bu sınaqlardan alnıaçıq çıxmaqdır. Var-dövlətin aşıb-daşanda da, bir qəpiyə möhtac olanda da, əzizlərin əlindən alınanda da insanlığı əldən verməməkdə, insan olmaqda, insan qalmaqdadır.

Təvazökarlığı əldən verməməkdə, həqiqətən sevməkdə, ədalətli olmaqdadır həyatın mənası.

Həyatın mənası xoşbəxt yaşamaqdır. Ölümə hazır olmaqdır.

Həyata dəyər verməkdir. Dost qiymətini bilməkdir.

Həyatın mənası yaşamağı bilməkdir. Həyata və şərəfli ölümə hazırlanmaqdır.

Ölərkən günahsız ölməkdir.

Həyat bilmədiyini bilməkdir və öyrənməyə davam etməkdir.

Həyat halal çörək yeyə bilməkdir. Haqqıyla tələbə oxutmaqdır. Uşaqlarının gözünün içinə dik baxa bilməkdir.

Həyat ölümü bilməkdir. Həyat çətin bir imtahandır,  məsuliyyətdir. Həyat yerlə göy arasında sıxışıb qalmaqdır.

Keçmişdən dərs alıb, gələcəyə addımlamaqdır. Məncə, insan bütün bunları yaşadıqca həyatının ən ağır anlarının kədəri ürəyinə, oradan da

gözlərinə hopur. Axı deyirlər, gözlər ürəyin aynasıdır. Dil insanları yanıltsa da, gözlər ürəyin içindəkiləri biruzə verir.

Ona görə deyirlər:

Baş nə çəkdi,
gözdın soruş
Vətən üçün
Biz nə qədər
Şəhid verib,
qan axıtdıq,
Qanla dolan
Göldən soruş.

Çörək nəymiş,
Ac qalandan,
Ürək nəymiş
Qırılandan,
Xiffət nəymiş,
Hər gün bir az
rəngi-rufu
Saralandan soruş.

Ürək nə çəkdi,
Gözdən soruş.
Baş nə çəkdi,
Dildən soruş.

Ürəkdə dağıdılmış yurdun, torpağa həsrət iki şəhid övlad dağı olan ata, ikisi şəhid dörd qardaş itkisinin kədəri olanda gözlər daim kədərli olur. Bütün bunlara baxmayaraq, həyatı sevmək, onu doya-doya yaşamaq, bu dünyada təmiz ad qoymaq lazımdır. Həyat elə öz sınaqları ilə gözəldir, sınaqları nə qədər ağır və kədərli olsa da, yenə  də dəyərlidir. Həyat hamar yol olsa, onun bir mənası olmazdı.

Peyğəmbərin yolunun davamçısı olan həqiqi müsəlman hər şeyin yerini bilər, hər şeyi yerli-yerində edər, dünya həyatını, ömrünü yaxşı əməllərlə qiymətləndirər. Uşaqlarının ruzisini halalından qazanmaq üçün çalışar, əlinin və ya beyninin əməyi ilə həyatını təmin edər. İbadətlərini vaxtında edər, qazandığından Allah yolunda da xərcləyər. İnsanlara, cəmiyyətinə, yaşadığı dövlətə faydalı olmağa səy göstərər. Dünyası üçün axirətini, axirəti üçün dünyasını tərk etməz. İkisinin arasında ziddiyyətsiz və taraz bir həyat tərzi meydana gətirər.

Namiq MƏHƏRRƏMOV

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova