- Ədəbiyyat

“Hardasa ürəyin xəlvət yerində \ Yeni bir bahara ümid varıydı…” – Səhər ƏHMƏD

***

Bu gün yeni şeir yazdım,
Bir də təzə dərs keçdim.
Ədəbiyyatdan lirik növ,
Dildən sonor səs keçdim.

Əzizlədim şagirdləri,
Başların sığalladım.
Ən çox ən dəlisovların,
Ən çox ən cığalların.

Nə satıcı hirsləndirdi,
Nə bir “QAİ” saxladı.
Bu gün açıb qollarımı
Həyatı qucaqladım.

Oğlumla futbol oynadım,
Qızımla mahnı qoşdum.
İtimlə şəkil çəkdirdim,
Pişiyimlə barışdım.

Suladım çiçəklərimi,
Bağdan nar dərib yedim.
Sonra ağacı oxşayıb,
Sağ ol, dadlıdır, – dedim.

Bu gün hər gündən biriydi,
Bu mən hər kəsdən biri.
Yazdığım şeirdən biri,
Keçdiyim dərsdən biri.

***

Bir az da yaxın oturun,
Lap həyatın yanında.
Yeni bir payız başlayır,
Pəncərələr önündə.

Səhərlər təndir çörəyi
və yağışlı havalar.
Səngiyirmi küçənizin
tinindəki davalar?!

Cavan-cahıl tərk edirmi
Yığışdığı dalanı,
Seyrəlirmi gəlişləri
Qatıqsatan xalanın?!

Yenə alov qüllələri
Gecə parıldayırmı,
Dərin bir yuxu içində
Yağış şırıldayırmı?!

Yandırdızmı sobaları,
Çəkdizmi pərdələri,
Asdınızmı divarlardan
Ömrün “xəritələrin?!”

Bir az da yaxın oturun,
Lap həyatın yanında.
Yeni bir payız filmi var,
Pəncərələr önündə.

***

Bahar can verirdi oktyabrda,
Ahıl ağacların budaqlarında.
Yarpaqlar nə yaşıl, nə də sarıydı
Yaşılla sarının qarışığıydı.

Payız çalınırdı bütün simlərdə,
Zaman da boynunu qısıb gedirdi.
Quşlar, Allah bilir, neçənci dəfə
Soyuq ölkələrdən küsüb gedirdi.

Təkcə dayanmışdı dayanacaqlar,
Yolçular harasa çıxıb getmişdi.
Üzbəüz eyvandan baxan bayraqlar
Yenə sinəsini al-qan etmişdi.

Yollar maşınsızdı, küçələr səssiz,
Şəhər sakit-sakit yuxulayırdı.
Hardasa ürəyin xəlvət yerində
Yeni bir bahara ümid varıydı.

edebiyyatqazeti.az