- Ədəbiyyat

Hicab məsələsi və cavabımız

Cəlil MƏMMƏDQULUZADƏ

Dünyada hər nə cür çətin və xariqüladə bir məsələ bəsirət və insaf ilə müzakirə olunsa, şəksiz, həqiqət tərəfi axtarılır. Həqiqət axtarılan yerdə də mütləq ixtilaf olur. Şüurlu ixtilaf isə əlbət, şüurlu ittihadı meydana gətirir. Hər halda möhkəm və davamlı ittihad məhz fəhm və bəsirət yolu ilə olan ixtilafdadır. Bu səbəblədir ki, «ixtilafü ümməti rəhmətün» buyurulubdur.

Amma heyf ki, zəmanəmizin biz mollaları arasında ixtilaf aləmin başına böyük bir bəla olubdur. Nə cür olmasın ki, əqli və şəri dəlillər ilə mübahisə edib həqiqəti axtaracağımız yerdə hər birimiz başımıza bir avam dəstəsi yığıb «təkfir» silahı ilə vuruşmağa başlayırız. Gözəl şəriəti əldə bəhanə edib biçarə avam camaatı öz qərəz və mərəzimizə alət edirik. Dəstə riyasətliyini, avamlıqdan gələn mənfəəti-şəxsiyyəni həmişə saxlamaq üçün araya min cür böhtan və təvil salırıq. Heç mümkün deyil ki, biz mollalar öz aramızda, öz qaydası ilə müzakirə və mübahisə edib axırda bir tərəfə tabe olaq; görəcəksən ki, bir paramız əcələ bir dəstə sazlayıb qışqırırıq: filankəs, məsələn, hicabı inkar edib dinindən çıxıb, onun qanı halaldır. Biçarə camaat da elə güman edir ki, bu cür mollaların qeyrət və namusları bu cür həqarətə davam gətirə bilmir; elə zənn edir ki, bir para mollalarımızda doğrudan, din, millət və vətən qanı var və o qan qoymur ki, müsəlmanların haqq və etiqadına toxunsunlar.

Amma vallah, yalan: gündə yüz kərrə milli və dini haqq və ixtiyarımıza toxunurlar. Milli və dini hüquq və namusumuzu ayaqlar altına alırlar. Lakin heç birimizdə dodaq tərpədəcək bir cürət yox. Cümləmiz siçan kimi evlərimizin deşiklərinə soxulub və canımızın qeydinə qalırıq. Bir saatlıq rahəti, bir qəpiklik mənfəəti heç bir şeyə dəyişmirik. Amma, Allah göstərməsin ki, bir adam tərəqqiyi-milli naminə bir ixtilaflı məsələdən bəhs aça və ya «adət»in ziddinə gedə, hər deşikdən baş qaldırıb başına ildırımlar yağdırırıq. Hər birimiz guya din və millətin ən qeyrətli hamisi, canıyananı donuna girib zəmanə aslanı, qəhrəmanı oluruq. Halbuki bunların hamısı avamı aldatmaq, «mən varam» demək, yalançı alimlik göstərmək, asanca şöhrət qazanmaqdır. Nə deyim, Haqq taala cümləni biz mollaların fəndu felindən, riyasət və mənfəət tamahından, ikiüzlülük sifətindən uzaq eləsin.

Mən Molla Nəsrəddin keçən nömrədə yazdım ki, filan ayeyi-kərimələrə görə və bir para üləmanın rəyinə nəzərən arvadların üz örtməyini ixtilaflı bir məsələ hesab edirəm və üz açmağı caiz bilən üləmanın rəyini xoşlayıram. Mən heç vaxt damdandüşmə deməmişəm ki, haşa hicab yoxdur. Bu söz mən Molla Nəsrəddinin barəsində sırf böhtandır. Mən demişəm və genə də deyirəm ki, arvadın üz və əllərindən savayı cəmi bədəni «övrət»dir, arvadın övrəti, yəni üz və əllərindən savayı yerlərini açmağı isə haramdır.

Bunda heç bir zərrə şəkk yoxdur. Amma üz və əllərin açılmağında üləma ixtilaf edib: bir qismi deyir ki, üz və əl açmaq ancaq namaz vaxtında ola bilər, özgə vaxt ola bilməz. Bir qismi də deyir ki, fitnə və fəsad olmayan təqdirdə üz və əl açmaq caizdir. Bizim sözümüz də elə bundadır ki, bu məsələ şərab və zinanın haram olmağı kimi deyildir, ixtilaflıdır.

Biz üz açmağı haram bilən rəy və qövllərin çoxunu bilirik. Bizə «Təzə həyat» sütunlarında uzun-uzun etiraz yazanlar zəhmət çəkib üz açmağın haramlığına şəhadət verən dəlilləri yazırlar. Məsələ madam ki, ixtilaflıdır, əlbət, haramlığına dair də dəlillər çox olacaq, caizliyinə dair də.

Sözün canı bundadır ki, aya üz və əlləri örtmək «icmai» və «zəruridin»dir ya «ixtilaflı»? Əgər ixtilaflı isə nahaq başınızı ağrıtmayın, öz xəyalatınızla təkfirə cürət etməyin. Yox, üz və əlləri açmaqda zərrə qədər ixtilaf yoxsa, isbat edir, kəmali-məmnuniyyətlə qəbul edib səhvimizi iqrar edərik.

Biz üz və əlləri göstərməyin caiz olmağını özümüzdən demirik, bəlkə, məşhur üləmanın aşağıdakı ibarələrindən qanırıq: Şeyx Tusi mərhum «Nəhayə» və «Tibyan» adlı kitablarında, Seyid Sahibi-Riyaz «Şərhi-kəbir»də, şeyx Yusif Bəhrani «Hədayiq»də və şeyx Küleyni və sairləri qədim üləmadan və cəmaəti-mütəəxxirdən deyrlər ki: «Şəriəti-Məhəmmədiyyədə əcnəbiyə, yəni yad arvadın üzünə və əllərinə baxmaq biduni-ribə və tələzzüd caizdir. Arvada üzünü örtmək caiz deyildir». Seyid Sahibi-Riyaz «Şərhi-kəbir»dən savayı bu barədə xüsusi bir risalə yazıb orada üzüaçıqlığı haram bilən alimlərin dəlillərini birbəbir rədd edib isbat edir ki: «Yad arvadın üzünə və əllərinə baxmaq caizdir».

«Vəla yübdinə zinətəhünnə illa ma zəhərə minha».
Övrət ya əcnəbiyədir, ya məhrəm, əcnəbiyə olduqda ya azaddır, ya kəniz. Əgər əcnəbiyə və azadə isə, cəmi bədəni övrətdir və caiz deyildir baxmaq məgər üzünə və əllərinə. Ondan ötrü ki, övrət möhtacədir üzünü açmağa alqı və satqı vaxtında və əllərini çıxartmağa aldığı şeyi almağa və satdığı şeyi, ya pulu verməyə. Amma şərti odur ki, baxmaqda fitnə olmaya («Təfsiri-kəbir», Əllameyi – Fəxr Razi, səhifə 375).

Övrətin kişiyə baxmağı: əgər kişi əcnəbi isə, övrət yeri göbək ilə dizlərinin arasıdır. Bəzi deyibdir ki, cəmi bədəni övrətdir övrətlərdən ötrü (yəni övrət kişinin heç yerinə baxa bilməz) məgər üzünə və əllərinə, necə ki kişinin halətidir övrət ilə (kişi övrətin heç yerinə baxa bilməz, məgər üzünə və əllərinə). Amma əvvəlinci qövl səhihdir ondan ötrü ki, arvadın bədəni fizzətə övrətdir, bu dəlil ilə ki, övrət bədəni açıq olduğu halda, namazı səhih deyildir. Amma kişinin namazı səhihdir.

Və əgər kişi övrətə məhrəm isə ya zövcüdür, ya zövcündən qeyri isə, göbək ilə dizlərinin mabeyni övrətdir və əgər zövcü isə və yainki övrət kəniz isə, cəmi bədəninə baxa bilər və habelə zövcə və kəniz zövcün və ağasının («Təfsiri-kəbir», səhifə 377).

Zinət xüsusda bəzi qail olub arizi-zinətə: libas, rəng, həna, sürmə, vəsmə, xatəm, bilərzik, xalxal və gərdənbənd kimi. Bəzi qail olubdur xilqəti zinətə. Əqrəb budur ki, xilqəti zinət daxildir «zinətəhünnə»yə. Zinəti-arizi və sonra əmələ gəlmə zinətə qail olanlar münhəsir ediblər zinəti fövqdə zikr olunan şeylərə.

Zinəti xilqətə həml edənlər deyiblər ki, «ma zəhərə minha»nın mənası budur ki, adət cari olubdur o yerləri zahir etməyə, məsələn, övrətdə üz və əllər, çünki şəriəti-hənəfiyyə və səhlə və səmhədir və zərurət təqazə edir üzü və əlləri zahir etməyə və ona binaən üləma ittifaq ediblər ki, üz və əllər övrət deyildir («Təfsiri-kəbir» səhifə 378).

«İlla ma zəhərə minha» – işə məşğul olan vaxtda alət görsənər üzük, sürmə və xizab kimi, bu dəlil ilə ki, onları örtməkdə aşkara çətinlik var. Bəzi deyibdir ki, zinətdən murad zinətin özü deyildir, bəlkə, zinətin yeridir. Və zinət ibarətdir xilqəti və ariz zinətlərdən və üz ilə iki əl hökmdən xaricdir. Ondan ötrü ki, onlar övrət deyildir («Təfsiri-ibn Səud», səhifə 259).

Təfsiri Qazi həmin fövqdə yazılan qövl və ibaratın eynini nağıl etdikdən sonra bu qövlü də əlavə edir ki, üz və əllər övrət olmamaq namaz vaxtındadır, nəinki baxmaq vaxtında («Təfsiri-Qazi», səhifə 138).

Zinət bir rəvayətdə zinəti-zahirədir: sürmə və üzük, xalxal, bilərzik. Bir rəvayətdə üz və əllər və iki ayaqdır («Təfsiri-Qazi», səhifə 342).

«İlla ma zəhərə minha» ibarətdir üzdən və əldən. Pəs ona əcnəbinin baxmağı caizdir əgər fitnəyə bais olmaya («Təfsiri-Cəlalin», səhifə 156).

«Vəla yəzrübnə bixümrəhünnə əla cüyubəhünnə».

Zəmani-cahiliyyə övrətləri baş örtüklərini dal tərəfdən bağlardılar və qabaq tərəfdən boyunları açıq qalardı və boğazü və gərdənbəndləri görsənərdi. Ona görə əmr olundu ki, «baş örtüklərini boyunlarına salsınlar ki, boyunları və boğazları və tükləri və qollarında, boyunlarında olan zinətləri məstur olsun» («Təfsiri-kəbir», səhifə 379). Həmən ibarətlə və qərar ilə yazılıbdır Təfsiri-ibn Sudda, səhifə 359.

Örtsünlər başlarını və boyunlarını və sinələrini çarqatları ilə (Cəlalin, səhifə 156). «Vəla yəzrübnə bixümirihinnə əla cüyubihinnə», yəni boyunların örtsünlər. («Təfsiri-Safi»).

Hicab ayəsi (53-cü ayə): «Ya eyyühəlləzinə amənu la tədxilu büyutin-nəbi illa ən yözənə ləküm ila təam qeyrə nazirinə innəhü və lakin iza ədöytüm fədxülu fəiza tömətüm fəntəşirüu vəla məstanisinə lihədisin innə zaliküm kanə yözin-nəbi fəyəstəhyi minküm vəllahu la yəstəhyi minəlhəq və iza səəltəmuhunnə mətəən fəsəluhunnə min vərai hicabə zəalikum əthərü liqülubəkom və qülubəhunnə». Yəni «ey o kəslər ki, iman gətiribsiniz, daxil olmayın peyğəmbərin evlərinə, məgərinki izn verilə yeməyə (yəni yeməyə dəvət olunan vaxtdan qabaq getməyin) o halda ki, müntəzir olmayasınız təam gəlmək vaxtına (yainki gözləriniz təamın qabına müntəzir ola ki, nə vaxt gələcək). Amma zəmani ki, çağırıldınız, daxil olunuz, zəmani ki, yediniz, dağılıb gediniz və bir-biriniz ilə tələbi-üns etməyin, betəhqiq sizin bu əməliniz peyğəmbərə əziyyət verər, o sizdən həya edər (sizə gedin deməyə). Və illah həya etməz haqqı deməyə. Zəmani ki, peyğəmbərin övrətlərindən (ainki mütləq övrətlərdən) bir şey istəməli oldunuz, sual ediniz pərdə dalısından. Bu gunə hicab dalısından sual və cavab etmək pakizəraqdır həm sizin qəlblərinizə və həm övrətlərin qəlblərinə (pis gözlə baxmaqdan ibarətdir)». Bu tərcümə mütabiqdir cümlə təfsir ilə.

Təfsiri-Qazidə rəvayət olubdur ki, Ömər raziallah ənh dedi ki: Ya Rəsullalah, sənin yanına cümlə pis və yaxşı adamlar gəlir, əgər əmr edəsiniz, ümməhati-möminin pərdə dalısında oturalar yaxşı olardı. Sonra bu ayə nazil oldu. Yainki bir gün ziyafət məclisində bir adamın əli Aişəyə dəydi, bu ayə nazil oldu. Bu ayənin zikrindən sonra Allah taala buyurur ki, «La cina əleyhən fi abaihən … iləs…» Ləfzən tərcüməsi: «Günah yoxdur övrətlərə atalarında və övladlarında və qardaşlarında və qardaşları övladlarında və bacıları övladında və öz cinsi övrətlərə və o kəslərə ki, o övrətlərin əlləri malik olubdur (qul və kəniz) və gərəkdir ki, Allahdan qorxalar, bedürüsti ki, Allah taala hər şeyə xəbərdardır».

Təfsiri-Qazidə: zəmani ki, hicab ayəsi nazil oldu, atalar və övlad və qohumlar ərz etdilər həzrət Rəsul əleyhissalama ki, aya öz qızlarımız, bacılarımız və qohumlarımız ilə pərdə dalısından danışaq? Pəs bu ayə nazil oldu. «Təfsiri-Safi» bunun misli. «Təfsiri-kəbir» Fəxri Razi: Zəmani ki, hicab ayəsi nazil oldu, o hökmdən Allah taala məhrəmləri istisna etdi. Bu ayənin üzü örtməyə dəlaləti yoxdur, o cəhətə ki, məhz bu ayənin şəni-nüzulu biduni-izn özgə evinə daxil olmaq barəsindədir».

Yəni, ey Peyğəmbər, degilən övrətlərinə və qızlarına və möminlərin övrətlərinə ki, evdən çıxan vaxtda yaxın etsinlər kəndilərinə çadralarını, bu günə örtünməklə kənizlərdən fərq olunsunlar. Və bu sürətdə onlara əziyyət olunmazlar ki, o növ əziyyətlər kənizlərə olunur (Qazi Beyzavi).

Caiz deyildir əcnəbiyə övrətə baxmaq məgər üzünə və əllərinə, əgər şəhvət qorxusu olmaya. Bunların dəlil cəvazi təqazayi-zərurətdir, almaq və vermək və övrətin üzünü tanımaq üçün müamilə vaxtında əcnəbi kişilər ilə, tainki övrət öz dünya güzəranını əmələ gətirə bilə. Əsl dəlil bu xüsusda ayeyi-şərifədir: «La lübdinə zinətəhünnə illa məzəhərə minha». Ümumi səhabə buna qaildir ki, zahir zinətdən murad sürmə və üzüyün yerləridir ki, ibarətdir üzdən və əllərdən. Amma ayaqlarda bir rəvayət odur ki, ayaq da övrət deyildir, bu cəhətə ki, yol getməyə ehtiyac olmağa görə aşkar etmək olar. Bir də bu cəhətə ki, şəhvət üz və əllərdə ola bilər, onlara baxmaq caiz olduqda ayağa baxmağın cəvazi betəriqi-ula caiz ola bilər. Amma bir rəvayətə görə ayaqlar övrət hesab olunar sair vaxtda, amma namaz vaxtı övrət deyildir («İxtiyar»).

Azadə övrətin cəmi bədəni övrətdir məgər üzü və əlləri, Allah taala həzrətlərinin «vəla yübdinə zinətəhünnə illa məzəhərə minha» fərmanına görə, ibn Abbas buyurubdur ki, zinəteyndən murad sürmə və üzükdür və zinəti zahir etmək lazım tutub onun yerini zahir etməyi. Sürmə üzün və üzük əllərin zintidir («Kitabi-İxtiyar»).

«Və cəmi bədənülhürrə övrətün illa vəchühə və kəfiha və qədəmiha və ləza təmtənü min kəşifə vəchüha beynərrical lilfətnətü vəla yəcuzinnəzərü ileyha beşəhvətin kevəchüləmrədü və əmma yədunəha fihəl». Mənası: «Üz, əl və ayaqlardan savayı arvadın cəmi bədəni övrətdir. Fitnə olan təqdirdə üz açmaq da məmnudur. Şəhvətlə oğlan uşağın üzünə baxmaq caiz olmadığı kimi arvadın üzünə baxmaq da caiz deyildir. Amma şəhvət ilə baxılmasa, halaldır» («Müntəqi-Fitva» kitabı).

Əllameyi-mərhum «Təzkirə» kitabının dördüncü fəslində buyurur: məsələtün ünas tayfasının övrət yeri cəmi bədənidir, məgər üzü. Cəmi üləma bunda ittifaq edibdir, məgər Əbu Bəkr ibn Əbdürrəhim ibn Hüşşam (hədis rəvayət edənlərdən birisidir). O deyibdir ki, ünasın hər yeri övrətdir, hətta dırnaqları da. Bu ravinin qövlü qeyri-məqbuldur icma vasitəsilə.

Amma iki əllər – üz kimidir bizim üləmanın yanında və buna qail olubdur Şafei, Övzai və Əbu Sur. Bu dəlil ilə ki, «vəla yübdinə zinətəhünnə illa məzəhərə minha»nı İbn Abbas (peyğəmbərin əmisi oğlu ki, müfəssirlərin böyüyüdür) təfsir edibdir üzə və əllərə.

Fazili-hindi «Kəşfül-lüsam» kitabında ki, əllameyi-mərhumun «Qəvaid» kitabının şərhidir, beşinci fərdə buyurur: «Vacibdir övrətə bədənini namaz vaxtında örtmək, məgər üzünü və əllərini, necə ki bu məsələ yazılıbdır «Məbsut», «Mötəbər», «İsbah» və «Came» kitablarında. Bu sözün dəlili odur ki, Səhih ibn Müslimdən rəvayət olubdur ki, övrət üçün caizdir namaz qılmaq köynəkdə, əgər qalın ola ki, bədən görünməyə. Köynək əlləri və qədəmləri örtməz, çarqat da üzü örtməz. O hədis vacibilə ki, Fatimə əleyha səlamullah namaz qılırdı, əynində köynək və başında çarqat elə kiçik idi ki, başının tükünü və qulaqlarını örtmək qədərindən artıq deyildi.

«Müntəha» kitabında (Əllamənindir) cəmi üləma icma edibdir üzdə və habelədir «Təzkirə» (Əllamənindir). «Müxtəlif» və «Mötəbər» kitablarında və «Müntəha»da sərahətə zikr olunubdur üləmaların icmaı iki əllərdə və dəlil gətiriblər bunu ki ehtiyac vadar edir üzü və əlləri açmağa. Və ibn Abbas təfsir edibdir «illa məzəhərə minha»nı üzə və əllərə və əlavə haramdır üzü örtmək niqab ilə ehram vaxtında «Zikri» kitabında (Şəhidi-əvvəlindir) üləma icma edibdir övrət üçün üzünü örtməmək.

«Şərhi-kəbir»də sətri-övrət babında üz və əllər övrət olmamaq barəsində ixtilafi-əqvalı nağıl etmək bədində buyurur: Bəlkə, məşhur fitva və rəvayət cəhətinə ancaq üz və əllərdə sətrir vacib olmamağıdır. Caizdir əcnəbi kişi övrətin əllərinə və üzünə baxmaq (necə ki nikah kitabında təfsilən nağıl olunacaqdır). Genə çox istidlaldan sonra buyurur: «vəla yübdinə zinətəhünnə illa mazəhərə minha» belə təfsir olubdur ki, ibarətdir üzdən və iki əllərdən və bəzi rəvayətlərdə iki qədəmlər dəxi belədir və Küleyni rəhmətullah da buna qaildir, buyurubdur ki, mən xəbərdar olmamışam bu sözün xilafına qail olan kəsə.

Ey nadan mollaların sözünə qulaq asıb məndən bir neçə günlüyə üz çevirən camaat! Görürsünüz, nə qədər böyük müctəhidlər və alimlər üz açmağın caiz olduğunu yazırlar. Biz də məsələni ixtilaflı bilib üz açmağın caiz olmağını yazdıq, hətta bu xüsusda Qurani-Kərimdən dəlil gətirdik. Lakin mən Molla Nəsrəddinə inanmayıb, sizi bu günlərə, bu həqarətlərə salan bir para ruhani dərisindəki qurtların sözünə allanırsınız. Camaat, şükür Allaha, öz fikriniz, mühakiməniz var. Görürsünüz, nə qədər böyük müctəhidlər üz açmağı ixtilaflı bir məsələ bilir. Halbuki bizi təkfir edən qərəzkarlar öz şəriətlərindən, öz kitablarından xəbərləri olmaya-olmaya götürüb yalandan yazırlar ki, və sizi qandırmaq istəyirlər ki, bu məsələdə zərrə qədər ixtilaf yoxdur.

Həmd olsun, özünüz görürsünüz, kimlərdir şəriətini bilməyib kor-koranə əl-ayaq çalanlar, kimlərdir həqiqəti gizlədib, camaatı aldadıb ələ salanlar!

“Molla Nəsrəddin” jurnalı, 25 iyun 1907