- Dil

“Hökmdar vətəndaşın hüququnu əlindən ala bilər, dilinə isə gücü yetməz!”

Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi – FADMM az  bir  zamanda  çox işlər gördü. Bir  il  ərzində böyük  bir  Qurumun, İnstitutun görə biləcəyi   işlərin  öhdəsindən  ustalıqla gələ bildi. Təmənnasız, fədakarcasına, ürəyiyananlıqla. Torpağımızın  işğalda  olan günlərində yaransa  da,  dilimizin  də ölkəmizdə işğal olunmasına qarşı  fədakarlıqla döyüşdü.

Dil və  onun qanunları hökmdarlardan belə  üstün  olub . Tarixdə  belə  bir  fakt  var  ki, Roma hökmdarı Siğizmund yığıncaqlarndan birində bir latın sözünü səhv işlətdiyini anlayır. Və ətrafındakılara müraciətlə bu səhvə münasibətlərini bildirməyi tələb edir. Alimlərdən biri deyir ki, hökmdar səhv edə bilməz, qoy bundan sonra bütün romalılar da elə işlətsin. Başqa  bir məclis üzvü etiraz edib belə  deyir : yox, böyük hökmdar. Siz yalnız roma vətəndaşlarının hüququnu əlindən ala bilərsiniz. Sözlərə gücünüz çatmaz!

Məlumdur  ki, milli-mənəvi  dəyərlərini  xalq əsasən malik  olduğu  dildə öyrənə  və  tanıda  bilər. Dil  və  mədəniyyətin  qorunmasında isə ana  dilində  təhsilin  önəmi  böyükdür.

Bir xalqı məhv etməyin yeganə yolu onun dilini əlindən almaqdan, məhv etməkdən ibarətdir. Bəzən  ana  dilini  yaşadıb  qorumaq  insanlara yaşadığı ölkədə  canı, həyatı bahasına  başa gəlir. Uzun  illər İranda soydaşlarımızın dili yasaq  altında olub. Lakin  təzyiq nə qədər güclü  olubsa buna  qarşı xalqda o qədər  də  böyük müqavimət yaranıb.   ”Dilimiz çox geniş  və  zəngindir.Onun rişəsi  xalqımızın  qanında və  ürəyindədir.Biz onu ana  südü ilə  əmib vətənimizin   ruhnəvaz havası  ilə  tənəffüz  etmişik” söyləyən Seyid Cəfər  Pişəvəri İranda ayrıca  az  müddətli olsa da Azərbaycan Muxtariyyətini qurarkən ilk  növbədə ana  dili  və  bu  dildə təhsil  məsələsini həll etmişdi.

“6-7 yaşlarında təzə dil açıb formalaşan uşağa yabançı bir dil tədris etmək cinayətdir” – deyən ‘S.C.Pişəvərinin açdığı məktəblərdən birində ibtıdai təhsil alan dünya şöhrətli nasir Qulamhüseyn Saedi öz xatirələrindfə yazırdı: “Azərbaycan məktəblisi yalnız 1945-1946-cı illərdə məktəbin o qədər də dəhşətli bir yer olmadığmı başa düşüb bildi ki, dərs və təhsil çox da qorxulu bir şey deyil, üstəlik ondan həzz almaq da olar. Bunun isə səbəbi tam aydın idi; siniflərdən xarici dil kabusu, birdəfəlik qovulmuşdu və hamı danışdığı dildə yazıb oxuyurdu. Bundan əvvəl hər gün məktəbə getrnək əzab və işgəncə olurdu. Sanki uşağı hər gün sakinləri yəcuc-məcuc dilində danışan bir adaya təhvil verirdin və bu qəribə sakinlərin dilini başa düşməmək, töhmətlə yanaşı böyük xiffət və xəcalətə səbəb olurdu… Beləcə Azərbaycan balalarına məktəb, elm, təhsil oca- ğından daha çox zor gücünə xarici dil öyrənmək zonası idi”.

Güneydə  yaşayan soydaşlarımızın ən  böyük  problemi dil məsələsi olmuş, zaman-zaman ziyalılar bu  problemi həll etmək  üçün cəsarətlə  mübarizə  meydanına atılmışlar.

Heydər Əliyev vaxtilə yazırdı  ki,hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bildirirdi  ki, öz ana dilini bilməyənlər şikəst adamlardır.

Dədə Qorqud deyirdi ki,ata  adını, ana dilini  yaşatmayan oğulun olmağından olmamağı yaxşıdır. Dil biganəlik və xəyanət sevmir. Dilin ən ali qanunu nəsillər arasında ünsiyyət əlaqəsi yaratmaqdan ibarətdir.Çox  təəssf  ki, çağdaş  dövrümzdə öz dilini bilməyən,ona biganə olan nankor insanlarımız da az  deyil.

Ötən  əsrlərdə  dilin  qorunması, saflığı, işlənməsi  yolunda mücadilə  aparan Salman Mümtaz, Mirzə Cəlil, Üzeyir bəy, Bəkir  Çobanzadənin  gördüyü işi sonralar  Mirzə  İbrahimov Bəxtiyar  Vahabzadə və Tofiq  Hacıyev kimi aydınlarımız davam etdirdi. Bu qutsal  yolu  tutub  sıralarını  genişləndirdi. Az  bir  müddətdə  yaranmış FADMM –in  dilimizin saflığı və  qorunması sahəsində göstərdiyi təşəbbüslərdən sonra mətbuat orqanlarında ziyalıların dilin  müdafiəsinə  qalxan  çıxışları  ictimai  rəyin, qınağın  Azərbaycanda  da keçərli olduğuna inam yaratdı ,bunu əməldə doğrultdu.

Reklam və ticarət obyektlərinin adlarında Azərbaycan dilinin sıxışdırılmasının qarşısının alınması, Dövlət dili haqqında  qanuna riayət edilməsi tələbləri ilə  bağlı çıxışlar, təşəbbüslər AMEA-da, Bakı Şəhər İcra Hakimiyyəti kimi  dövlət orqanlarında müzakirələrə səbəb oldu.Hətta vaxtilə Ziya Göyalpın  // Başqa dilə gəlməz, ananın səsi,

//Hər sözü axtarsan var  Türkcəsi // söyləyən qardaş Türkiyədə də əks-səda yaratdı, orada da müvafiq qanunun qəbuluna təkan verdi.

Başda  Vasif Sadıqlı olmaqla, FADMM-ın yaradıcı, fəal  üzvlərinə, fədakar ziyalılarımıza bu taleyüklü və nəcib işdə davamlı ugurlar diləyirəm.

FADMM oçagı daim gur yansın, dilimizin keşiyində durub onu yad təsirlərdən qorusun.Nurlu  şölələri qaranlıqları işıqlandırsın!

Pərvanə MƏMMƏDLİ