Yəmənin “Ansar Allah” üsyançı hərəkatından olan husilər İsrailin cənubunda yerləşən Eylat şəhərindəki hərbi hədəflərə pilotsuz uçuş aparatları ilə hücum edib.
“Report”un məlumatına görə, bunu hərəkatın rəsmi nümayəndəsi Yəhya Saria “Əl-Masirə” telekanalının efirində bildirib.
Husilər həmçinin Yəmən üsyançılarının xəbərdarlıqlarından sonra Qırmızı dənizdə nəzərdə tutulan kursdan dönmək istəməyən “MSC United” konteyner gəmisini atəşə tutduqlarını bildirdilər.
Qeyd edək ki, ABŞ daha əvvəl on ölkə ilə birlikdə gəmiçiliyi husilərin artan hücumlarından qorumaq üçün Qırmızı dənizdə əməliyyata başladığını açıqlayıb. Onlar cavab olaraq bildiriblər ki, ABŞ-ın İsrail gəmilərinin təhlükəsizliyini təmin etmək üçün Qırmızı dənizi hərbiləşdirməsi bu regionda gəmiçilik üçün təhlükə yaradır.