- Köşə

İmarət CƏLİLQIZI. Sadə və mürəkkəb

(Motivasiya)

Tez-tez eşidirik: bəziləri deyirlər ki, həyat yaman mürəkkəbdir və ya insan xarakteri mürəkkəbdir, filan məsələ mürəkkəbdir,  filan situasiya mürəkkəbdir…  Digərləri isə həmin bu sadalananlar haqqında əksini deyir, yəni bütün bunlar heç də mürəkkəb deyil, hər şey lap da sadədir. Nədən belə olur? Bu suala bir neçə cümlə ilə qısa və konkret bir cavab vermək mümkün deyil, çünki  hərənin özünə görə “sadə” və “mürəkkəb” anlayışı var.

İnsanı həyatı boyu hər hansı bir hərəkətə sövq edən bir istək olur. Məsələn, ac adamın istəyi – yemək, susuz adamın istəyi – içmək, yuxusuz adamın – yatmaq, yorğun adamın – dincəlmək və s. Düşünürsən ki, bu sadə istəklərə çatmağa nə var ki. Amma bu istəklər adi şəraitdə sadə olur, ekstremal bir şəraitdə isə hətta əlçatmaz ola bilər. Niyə? Çünki insan özü öz sadə istəklərini mürəkkəbləşdirir. İndi gərək bu fikrimin izahını da verəm, amma məhz bu saatda onu izah etməyə imkanım yoxdur. Niyə? Qabiliyyətimmi çatmır? Yox, buna görə deyil. Bəs niyə? Ona görə ki, indi mən bu mövzunu yazmağa başlasam, tutaq ki, nahar yeməyini hazırlaya bilməyəcəyəm və ya mənzili yığışdırmağa vaxtım çatmayacaq.

İndi düşünək: nahar yeməyini mütləq hazırlamaq lazımdırmı? Deyəcəksiniz, əlbəttə! Amma mən deyə bilərəm ki, xeyr. Ona görə ki, hazırlamağa ehtiyacı olmayan çoxlu qidalar var ki, onlar hazırlanan qidalardan dəfələrlə asan əldə edilir və dəfələrlə də xeyirlidir. Bunu məndən başqa da başa düşənlər çoxdur. Amma buna baxmayaraq Allahın təbiətdə bizə hazır şəkildə  verdiyi nemətlərin əvəzinə yenə nə isə bişirməyə, qaynatmağa, qızartmağa başlayacaqlar, başqa sözlə, əslində sadə olanı qəsdən,bilə-bilə mürəkkəbləşdirəcəklər.

Elə digər əslində çox sadə olan mətləblər də eləcə. Dünyada mövcud olan hər şeyin: hər məsələnin, işin, hərəkətin, problemin, əməliyyatın mütləq bir sadə variantı vardır. Biz onu ya görmürük, ya da görmək istəmirik. Niyə? Bu sualın da cavabını qısa şəkildə vermək mümkün deyil. Ona görə də mövzu hələ ki yazı şəklində açıq qalır. Düşünmək isə hər bir şəraitdə mümkündür. Əlbəttə ki, əgər düşünməyə həvəsimiz varsa.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova