Haçandır rəng yığiram gözlərimə
bənzərsiz çiçəklərdən,
bənzərsiz otlardan,
səs yığıram köksümə
qulağıma sanki qeybdən gəlirmiş kimi
səslənən notlardan.
Bir xalça toxumaq keçir könlümdən,
Bir nəğmə oxumaq keçir könlümdən.
Saplarım narıncı, qızılı, gümüşü rəngdə,
bir qaraşın gözəlin sevda dolu təbəssümü,
gülüşü rəngdə.
İpək sapı o əsmər gözəl yatarkən gecə
bağlı pəncərəsindən sıyrılıb
bərq vuran saçlarından qopardım gizlicə.
Qızılı rəngi mənə günəş göndərdi
günəbaxanların tacında,
Narıncını qürub çağı mavi dalğaların ovcunda.
İlıq yağışlı bir gündə buludun arxasından boylandı,
baxdı bir qəfil baxışla,
bu qövsi-qüzeh baxışı da yolladı,
hər rəngin necə çalarını aradım,
ağaclar, çiçəklər,buludlar
ətəyini salladı.
Tək bircə rəngi Ay göndərdi,
gümüşü saçlarını darayıb tökərək
pay göndərdi.
Məxmər bir gecənin içində dolaşıb
yığdım bircə-bircə bu telləri,
doladım barmağıma,
baxan heyran qaldı
gümüşü-parlaq yumağıma.
Könlümün telləri çalın–çarpaz—əriş-arğac,
xanam hazır,
Hər yumaqdan bir sap–
naxış vurur barmaqlarım vərəqlərə,
ilmə düzür.
Ürəyimdən barmağıma,
barmağımdan dodağıma
adladıqca
duyğularım ilmə olur,
ilmə dönür kəlmə olur,
qovuşur kəlmə kəlməyə,
dönüb qəmli nəğmə olur.
Saplarıma hopur nəğmə,
səsimi xalçaya hörürəm,
naxışlarin, ilmələrin arasından
səsimi apaydın görürəm…
Bu da son ilmə!
Xalçanı kəsə bilərsən,
aparıb hardan istəsən,
asa bilərsən.
İstəsən, könlünün divarından as,
üşüyürsə ümidlərin, sevda çiçəklərin,
bük ona, heç soyuq olmaz!
İstəsən, həmişə saxla yanında,
getdiyin hər yerə apar özünlə,
bir dəniz sahilində,
bir qaya kölgəsində
başının altına qoy, yat,
dalğaların səsini dinlə,
bəlkə, bir sevimli yavru,
bəlkə, bir saçları ipək qaragilə
çıxıb dənizin içindən
yuxuna gələ.
İstəsən apar, gizlət sandığında,
hərdən qəriblik çəkəndə,
tənha qaldığında
çıxart, dindir,
danışacaq dindirə bilsən,
ovudacaq, ağrılarına sığal cəkəcək,
hərgah qəlbini açmaq istəsən,
dərdını bildirə bilsən.
Sehirlidirmi?
Sehirlidir!
Amma danışandır,
oxuyandır,
uçan deyil,
hər yetən anlamaz sirrini,
hər kəsə sirr açan deyil…
Təkcə soruşma gəl kim istədi,
kimdən ötrüdür-
onsuz da bilmirəm bu xalçanı mən
niyə toxudum,
kiminsə ona çox ehtiyacı var kimi
gəldi mənə deyə toxudum.
Bilmədim nə idi, iltiması oldu,
keçə bilmədim,
sanki Allahın bir əmri,
ruhun bir ricası oldu,
keçə bilmədim.