- Köşə

İmarət CƏLİLQIZI. “Dəli”dən  doğru  xəbər

Uzun müşahidələrin nəticəsi olaraq yaranmış fikir: hər kəsin hər barədə öz düşüncəsinə uyğun bir norma anlayışı var.

Bir də var hədləri əksəriyyət tərəfindən müəyyən edilmiş və əksəriyyət tərəfindən də qəbul olunan normalar. Maraqlı olan nədir? Maraqlı olan budur ki, necə deyərlər, həmin norma həddinə çatmayanlar da, həmin norma həddini keçənlər də eyni cür “qaralanır”, yəni birisinin hərəkəti, davranışı əksəriyyətin qəbul etdiyi normadan az da olsa, ona “dəli” deyirlər, çox da olsa.

Biri dərs oxumayıb veyil-veyil gəzirsə, başı çatmır. O birisi gecə-gündüz kitabdan ayrılmayıb hey oxuyursa, onun da başı çatmır.

Biri müalicə etdiyi xəstədən, dərs öyrətdiyi şagirddən  pul almırsa, deməli, ağlı qaçıb, yekə bir məbləğ istəyirsə, yenə ağlı qaçıb.

Biri  heç kimin dərd-sərini vecinə almayıb “Araz aşığından, Kür topuğundan” gəzirsə, baş qoşmayın, dəlidir. O birisi özgədoğma, yadyaxın fərq qoymadan, qarşılıq gözləmədən hamıya əlindən gələn xeyirxahlığı eləyirsə, yəqin, onun da başında nəsə çatmır.

Biri həyətyanı torpağında heç nə əkməyib dükan-bazara gedirsə, demək ağlı yoxdur (adam da bu boyda torpağı boş qoyub dükan-bazara pul verər?!). Torpağı əkib, min əziyyətlə yetişdirib, sonra sata bilmirsə, yenə ağlı yoxdur ( “Başı çatmır daa, niyə min əziyyətlə əkib-becərirdi ki? Dükan-bazar doludu da!..”).

…Hardan çıxdı bu mövzu? Bir xeyli hallarda özünün də “dəlilər” cərgəsinə aid edildiyini  tez-tez qulağına pıçıldayan sövqtəbii bir duyğunun içindən.