- Ədəbiyyat

İmarət CƏLİLQIZI. Dua eylə

Dua eylə ümid üçün,

inam üçün–

başa çıxsın,

ümidsizlik, inamsızlıq

boşa çıxsın.

Üzə çıxmış bu ümidi,

bu inamı,

bu dözümü,

bu vüqarı,

nurlu-nurlu

arzuları

ürəyinə topla odlu

yumaq kimi,

döyündükcə

ürəyindən damarına

axıb getsin

şəfa verən

bulaq kimi.

Qana hopsun!

Cana hopsun!

Dizıərinə taqət versin–

cəsarətli addımından

yer yitrəsin,

lərzə qopsun!

Qollarında

gücə dönsün–

qolaylanıb elə vur ki,

zor, şər, zülm,

heçə dönsün!

Gözlərinə işıq versin,

baxışınla yanğınlar sal

canavarlar yuvasına,

acı qəhqəhələrlə gül

tülkü, çaqqal vəfasına,

zəhər qatsın iti dilin

tülkülərin, çaqqalların

canavarlar kölgəsində

sürdükləri səfasına…

Dua eylə!..

Düyünlərin çözülsün qoy!

Dua eylə!..

Şərin boynu üzülsün qoy!

Dua eylə!..

kirpiklərə, nəhayət ki,

misilsiz bir səadətin

doğurduğu

göz yaşları düzülsün qoy!

noyabr 2020-ci il