Bahalı daş-qaşı, geyim–gecimi çox xoşlayır. Bir də görürsən, aylarla pul yığır ki, hansısa qiymətli bir bəzək əşyasını – üzükmü, qolbaqmı…– alsın.
Toyda-qonaqlıqda ara-sıra rastlaşırıq, görürəm ki, yenə təzə bəzək dəsti alıb özünə. Boyun-boğazı, barmaqları göz qamaşdırır.
—Baay!..- deyirəm,- bir adam yenə alaf-alaf yanır (bizim tərəflərdə türkiyəli bacı-qardaşların “alev-alev” dedikləri “alov-alov yanmağ”a belə deyirlər), çox mübarəkdir, cansağlığıynan taxıb bəzənəsən.
Xoşhallıqla təşəkkür edir:
—Çox sağ ol, can. Sənə də qismət olsun, hərcənd ki, sənin belə şeylərlə çox da aran yoxdur.
Sonra artıq neçənci dəfə soruşur:
—Doğrudan, niyə axı sən özünə heç olmasa bir dəst bahalı “komplekt” almırsan? Pulun yoxdu?.. Bəs niyə almırsan?
Zarafatla cavab verirəm ki, “qıtmırlığımdan almıram, pulumun başını poza bilmərəm”. Mənə əyri-əyri baxır, mən də şən-şən gülümsəyirəm.
Onun təəccübünün səbəbini başa düşürəm. Hərdən istəyirəm onun “niyə” sualının cavabını ciddi-ciddi izah edib deyəm ki, “əzizim, sənin o “komplekt” dediyin əşyalar mənə umduğum dolğun, tutumlu bir zövq verə bilməz, mənə fərqli bir həzz duyğusu yaşada bilməz, onlara sahib olmağımla olmamağımın zərrə qədər də fərqi yoxdur mənim üçün. Amma sənin üçün fərqi var. Sən bu əşyalara sahib olduğuna gorə, onlarla bəzənə bildiyinə görə özünü məmnun hiss edirsən. Et!.. Həmişə də məmnun olasan təki! Sən beləsən, sənin zövq mənbəyin bu cürdür və sənin məhz bu cür olmağa haqqın da var. Amma başqalarının da elə bu cür – sənin kimi olmasını istəməyə, bunu onlardan təkidlə tələb etməyə sənin haqqın çatmır. Heç kimin haqqı çatmır.”
Ancaq bu təhər filosofluq etməkdən, məncə, düzgün eləyib vaz keçirəm və “komplekt” məsələsini zarafatla həll eləməyə çalışıram ki, bizim bu xoşxasiyyət “koketka”mızın xətrinə dəyməyim.
Nəhayətdə hər kəsin öz yaşam fəlsəfəsi var, hər kəs özünə həyat tərzi seçməkdə müstəqildir. Yalnız bir sərtlə ki, bu seçimin heç vaxt heç kimə bir ziyanı dəyməsin.